"Harada İlham Əliyev varsa, orada ədalət var" - DEPUTAT ŞƏRH ETDİ

"2003-cü il oktyabrın 15-də İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu, Azərbaycan tarixində yeni dövrün başlanğıcı idi. Ümummilli lider Heydər Əliyev 10 il ərzində müstəqil Azərbaycan dövləti üçün mümkün olanların hər birini etdi. Ulu Öndər ölkənin daxili və xarici siyasəti, ordusu, mədəniyyəti, iqtisadiyyatı və tarixi ilə bağlı əlindən gələni etdi. Amma çox təəssüf, dünyanın nüfuzlu təşkilatları və nəhəng dövlətləri Azərbaycanın dövlət başçısına Qarabağ probleminin həlli ilə bağlı imkan vermədilər. BMT TŞ-nın dörd qətnaməsi olmasına baxmayaraq dünya Qarabağ probleminin ədalətli həllini istəmədi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, Ulu Öndər 2003-cü ildə növbəti prezident seçkilərinə qədər Azərbaycan xalqına müraciətində elan edirdi ki, o, mümkün olan hər şeyi edəcək bir insanın namizədliyini bu dövlətə təqdim edir: "Təbii ki, həmin namizəd Azərbaycanın dövlət başçısı İlham Əliyev idi.

Hər şeydən öncə ölkə başçısı İlham Əliyevin 20 il rəhbərliyi dövründə Azərbaycan güclü iqtisadiyyatı olan bir dövlətə çevrildi. Azərbaycan dövləti, xalq və iqtidar "dəmir yumruq" ətrafında birləşdi. Azərbaycan Qarabağla bağlı tarixi həqiqətləri bütün dünyaya bəyan edə bildi. Nəhayət, Azərbaycan Prezidenti hakimiyyəti illərində güclü ordunun yaradılmasına nail oldu. Dövlət başçısı 44 günlük müharibəyə rəhbərlik etməklə ilk dəfə olaraq 30 ildən sonra Azərbaycan xalqını qalib bir xalqa çevirdi. Ali Baş Komandan Qarabağ torpaqlarının böyük bir hissəsini düşməndən azad etdi. Bu, Azərbaycan Prezidentinin hərbi məharəti, sərkərdəlik təcrübəsi idi".

Deputat sözlərinə davam edərək bildirib ki, cənab Prezidentin 44 günlük müharibə zamanı dünyanın ayrı-ayrı KİV-lərə verdiyi müsahibələr bir daha göstərdi ki, Azərbaycana rəhbərlik edən Ali Baş Komandan cəsarətli və ədalətli bir şəxsiyyətdir: "O, heç kimin diqtəsini qəbul etməyən, xalqını çox sevən və əlindən gələni edən dövlət başçısıdır. 2020-ci ildən 2023-cü ilədək dövlət başçısının bütün çıxışlarına fikir versək, İlham Əliyevin şəxsiyyət faktoru ortalığa çıxır. Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olan torpaqlarda düşmənin törətdiyi vəhşiliklərlə bağlı heç vaxt bədbin bir fikir söyləməyib. Düşmən qəddarlıq edərək abidələrimizi, evlərimizi dağıtsa da, Azərbaycan dövləti öz torpaqlarını cənnətə çevirəcəkdi. Son üç il ərzində ölkə rəhbərimiz harada olursa-olsun, təkcə Azərbaycanın haqqını müdafiə etmədi, eyni zamanda Ermənistan adlı dövləti darmadağın etdi. Azərbaycan dövlət başçısı tariximizdə yeni bir mərhələnin əsasını qoydu. 1923-cü il iyunun 7-də Sovet Rusiyasının yaxından iştirakı ilə Azərbaycan torpağında Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. 100 il sonra "Heydər Əliyev ili"ndə sentyabr ayında Dağlıq Qarabağ deyilən ad faktiki olaraq tarixdən silindi və Azərbaycan öz tarixində ilk dəfə olaraq bütövləşdi. Bütün Azərbaycan torpaqlarında üçrəngli bayrağımız dalğalanmağa başladı".

"Təbii ki, bu, birmənalı olaraq ölkə başçısı İlham Əliyevin xidmətidir. Azərbaycan Prezidentinin fəaliyyəti nəticəsində 1 gün ərzində Qarabağda olan erməni separatçıları darmadağın edildi. Beləliklə cinayətkar düşmən öz canını qurtarmaq üçün bu ərazini tərk etməyə cəhd etdi. Amma o cinayətkarların da əksəriyyəti tutuldu və təbii ki, onlar haqqında ədalətli məhkəmə qərarı olacaq.

Bu gün Azərbaycan türk dünyasının lider dövlətlərindən biri, Mərkəzi Asiyada, İslam dünyasında böyük nüfuz sahibidir. Azərbaycan Avropada yalnız enerji verən dövlət kimi deyil, eyni zamanda ən ədalətli, demokratik, öz haqqını müdafiə edən bir dövlət kimi tanınır. Bugünkü gündə Azərbaycan haqqı diqtə edir, təkcə Cənubi Qafqazda yox, bütün dünyada söz sahibidir. Bu, Azərbaycan Prezidentinin uğurudur. Ölkə başçısı İlham Əliyev harada varsa, orada haqq var, ədalət var",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə