Azərbaycan bütün suveren ərazilərinə nəzarəti tam bərpa edib - SƏDR

Azərbaycan bütün suveren ərazilərinə nəzarəti tam bərpa edib - SƏDR

Bildiyiniz kimi 19-20 sentyabr tarixlərində antiterror tədbirləri keçirildi və nəticədə qanunsuz erməni silahlı qüvvələri darmadağın edilib və kriminal xunta rejiminin fəaliyyətinə son qoyulub. SİA-nın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, nəticədə Azərbaycan bütün suveren ərazilərinə nəzarəti tam bərpa etdi.

“Bu möhtəşəm uğur 44 günlük Vətən müharibəsində əldə olunan qələbənin məntiqi davamıdır”, - deyə o qeyd edib.

Qeyd edək ki, sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri keçirilib.

Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyən Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələri və separatçılar ağ bayraq qaldıraraq təslim olublar. Şərtlərə əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə