"Səfər Türkiyə-Azərbaycan dostluğunun əbədiliyini sübut etdi" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Bu gün Azərbaycan-Türkiyə münasibətləri tarixinin ən şanlı və şərəfli günlərini yaşayır. Bu əlaqələrin inkişafında Türkiyə Prezidenti və Prezident İlham Əliyevin müstəsna xidmətləri var. BMT-nin Baş Assambleyasinda Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın mövqeyini dəstəkləyən çıxışı heç şübhəsiz ki, bu dəstəyin ən bariz nümunələrindən biri idi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Türkiyə hər zaman ən həssas dövrlərdə dövlət rəhbəri səviyyəsində Azərbaycanın yanında yer alıb, Şuşaya ilk səfər edən dövlət rəhbəri olmuşdu: "Bugün də Azərbaycanın uğurlu antiterror tədbirlərindən sonra Azərbaycana səfər edən ilk dövlət rəhbəri oldu. BMT tribunasından Azərbaycana dəstək verdikdən dərhal sonra ölkəmizə səfərini gerçəkləşdirməsi bizim üçün çox müstəsna əhəmiyyətə malikdir.

Səfərin Naxçıvana baş tutması ilk diqqətçəkən məqamdır. Qeyd etmək lazımdır ki, bu, Ərdoğanın Naxçıvana sayca ikinci səfəridir. Ümumiyyətlə Naxçıvan Azərbaycan ərazisi olsa da iki ölkənin ortaq dəyərini, tarixini özündə ehtiva edir. Türkiyə üçün də bu ərazi hər zaman vacib və strateji olub".

Deputat sözlərinə davam edərək bildirib ki, Türkiyə Prezidentinin Naxçıvana səfəri digər səfərlər kimi bu əlaqələri daha da gücləndirəcək: "Türkiyə hər zaman Azərbaycanın yanında olub, qardaşlıq dəstəyini göstərib. Bu səfər bir daha Türkiyənin Azərbaycanın yanında olduğunu göstərdi. Səfər zamanı İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması və hərbi kompleksin açılması da xüsusi önəm daşıyır. Hər iki layihə Naxçıvanın enerji və hərbi təhlükəsizliyinə də mühüm töhfə verəcək. Bu səfər bir daha sübut etdi ki, Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı əbədi və sarsılmazdır”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə