"Ərdoğanın səfəri regionda maraqları olan qüvvələrə ən tutarlı cavab idi" - POLİTOLOQ ŞƏRH ETDİ

"Türkiyə və Azərbaycan arasında imzalanan sənədlər strateji xarakter daşıyır. İlk növbədə Türkiyədən Naxçıvana çəkiləcək yeni qaz borusu 2024-cü ilin sonuna qədər başa çatdırılmalıdır. Bu o deməkdir ki, artıq Azərbaycanın, o cümlədən, Naxçıvanın İrandan qaz asılılığına son qoyulacaq. Əgər bir dövlətin enerji daşıyıcılarından asılısansa, bu sənə qarşı avtomatik təzyiq mexanizmləri yaradır. Yəni, münasibətlər korlanan kimi dərhal bu verilən enerjiyə məhdudiyyət qoya bilərlər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, bu baxımdan Azərbaycan və Türkiyə arasında imzalanan həmin razılaşma sənədi çox əhəmiyyətlidir: "Düşünürəm ki, bununla Azərbaycanın İrandan bu yöndəki asılılığına son qoyulacaq və iki qardaş ölkə arasındakı münasibətlər daha da zirvəyə daşınacaq.

İkinci bir məsələ isə odur ki, Naxçıvandan Qarsa dəmiryolunun çəkilməsidir. Əgər mümkün olarsa, bu da Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmiryolunun davamı olacaq. Naxçıvana, Yaxın Şərqə, eyni zamanda Avropaya çıxışı təmin edəcək bu dəmiryolu bütün region ölkələri üçün strateji əhəmiyyət daşıyacaq kommunikasiya sistemidir. Belə bir dəmiryolunun açılması Azərbaycanı rahatlıqla quru yolu vasitəsilə Türkiyəyə, Türkiyəni isə Mərkəzi Asiyada olan türk cümhuriyyətlərinə qovuşduracaq. Ona görə də bu yolu Turan yolu kimi də dəyərləndirmək olar. Bu, Azərbaycan və Türkiyənin regionda mövqelərini daha da gücləndirəcək".

Politoloq sözlərinə davam edərək bildirib ki, bu cür razılaşmalar həm də Zəngəzur yolunun açılmasının nə qədər zəruri olduğunu ortaya qoyur: "Ermənistanın artıq Zəngəzur dəhlizinin açılmasına razılıq verməkdən başqa çarəsi qalmır. Əslində, Ermənistanın inkişaf perspektivi də məhz Zəngəzur dəhlizinin açılmasından keçir. Çünki Avropaya çıxışı məhz bu yol vasitəsilə olacaq, eyni zamanda Ermənistan yeni maliyyə bazarlarına çıxışını təmin edəcək.

Hesab edirəm ki, Ərdoğanın bu səfəri Naxçıvana, Azərbaycana xor baxmaq istəyənlərə bir mesaj oldu. Kimlərsə Azərbaycana xor baxarsa, qardaş Türkiyəni qarşısında görməyə hazır olmalıdır. Bu, iki qardaşın növbəti birlik təcəssümüdür. Düşünürəm ki, bu görüş Cənubi Qafqazda və regionda geosiyasi maraqları olan qlobal qüvvələrə verilən ən tutarlı cavabdır".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə