PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycan qlobal enerji təhlükəsizliyinin əsas təminatçılarındandır"
Azərbaycan istər 2020-ci il sentyabrın 27-nə kimi, istərsə də 27 sentyabrdan bu günə kimi regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin nəticəsidir ki, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, Güclü Orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, sözünə etibar olunur. Məhz bunun nəticəsidir ki, Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır, həmçinin, beynəlxalq təşkilatlarda fəaliyyəti çox müsbətdir. Qürurverici olan odur ki, qalib ölkə kimi Azərbaycan dövləti dünya dövlətləri arasında bu gün də öz sözünü deyir. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında böyük uğurlara, nailiyyətlərə imza atır. Artıq hər gün xalqımızın yaddaşına, dövlətimizin tarixinə əlamətdar hadisə kimi yazılır. Xüsusilə də, Qalib ölkənin rəhbəri kimi Prezident İlham Əliyev qonşu dövlətlərə səfərləri, dövlət başçıları ilə görüşləri, keçirilən beynəlxalq tədbirlərdə yüksək tribunalardan çıxışları, ən yüksək səviyyədə qarşılanması ölkəmizin artan nüfuzunun bariz nümunəsidir.
Əlbəttə ki, bütün bu keyfiyyətlər ölkəmizin Avropa ölkələri üçün etibarlı tərəfdaşa çevrilməsinə, müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsinə gətirib çıxarır. Belə ölkələrdən biri də Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biri olan Macarıstandır. İstər cari ilin yanvar ayının 29-da, istərsə də avqustun 20-də Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri deyilənlərin əyani göstəricisi, ölkələrarası strateji tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişaf etməsinin əyani göstəricisidir. Bir sözlə, hər iki səfər göstərdi ki, iqtisadi və geostrateji üstünlüklərindən səmərəli yararlanmaqla yüksək inkişaf mərhələsinə qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan Macarıstan ilə münasibətlərin inkişafına xüsusi önəm verir və bu səfər ikitərəfli əlaqələrə öz müsbət təsirini göstərəcək və əlaqələrimizdə uğurlu səhifələr açacaq, eyni zamanda bu səfərlər xarici siyasətimizin uğurlarından biridir. Macarıstan Avropa İttifaqının və NATO-nun üzvü kimi qitədə özünəməxsus yer tutur. Macarıstanla bizi etnik köklər birləşdirir. Tarixən Azərbaycan-Macarıstan əlaqələri mövcud olub. Bu baxımdan Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Və bu gün Azərbaycan və Macarıstan bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika, təhsil, nəqliyyat, kənd təsərrüfatı sferalarında geniş formada əməkdaşlıq edərək iki ölkə arasında qarşılıqlı münasibətlərin dərinləşməsinə təkan verməkdədir.
"BİZ QAZ TƏCHİZATIMIZI İKİ DƏFƏ, BƏLKƏ ONDAN DA ÇOX ARTIRMAĞI PLANLAŞDIRIRIQ"
Azərbaycan Prezidenti Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuata bəyanatında deyib ki, son illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün də çox güclü zəmin yaratdı: "Cənab Baş nazir (Viktor Orban-red.) xatırlatdı ki, vaxtilə NABUKKO layihəsi üzərində böyük işlər aparılmışdı. Ancaq maliyyə mənbələri müəyyən edilmədiyi üçün NABUKKO layihəsi icra edilmədi. Buna baxmayaraq, Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır".
Azərbaycan Prezidenti qeyd edib ki, ötən il Avropa Komissiyası ilə imzalanan sənədə əsasən, biz qaz təchizatımızı iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırırıq: "Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var".
Dövlət başçısı vurğulayıb ki, vaxtilə tarixə qovuşmuş NABUKKO layihəsini biz indi canlandırmışıq: "Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaq".
Dövlətimizin başçısı bu barədə də müzakirələr aparıldığını qeyd edərək bildirib ki, Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək: "Əlbəttə, enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və hesab edirəm ki, dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı məhz belə də adlandırır: etibarlı tərəfdaş".
"AZƏRBAYCAN YAŞIL ENERJİ İLƏ BAĞLI LAYİHƏLƏR AZƏRBAYCANI AVROPA ÜÇÜN DAHA DA YAXIN EDƏCƏK"
"Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır. Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuata bəyanatında səsləndirib.
"Hörmətli dostum (Viktor Orban-red.) qeyd etdiyi kimi, keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq və bu gün bu məsələlər bir daha müzakirə edildi. Bir neçə gündən sonra Bakıda keçiriləcək birinci rəhbər komitədə bu layihədə cəmləşən ölkələr – Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya bir araya gələrək gələcək fəaliyyətin konsepsiyası üzərində işləməyə başlayacaqlar", - deyə dövlətimizin başçısı bildirib.
Azərbaycan Prezidenti deyib ki, bu, çox böyük sərmayə və çox ciddi koordinasiya tələb edən layihədir: "Ona görə biz Bakıda fevralın 3-də keçiriləcək toplantıda ilkin addımı atacağıq və beləliklə, Avropa qitəsinin enerji təhlükəsizliyi daha dolğun və əhatəli şəkildə təmin ediləcəkdir".
Bir sözlə….
BU GÜN UĞURLU ENERJİ SİYASƏTİ REALLAŞDIRAN AZƏRBAYCAN AVROPANIN ENERJİ BAZARINDA MÜHÜM FAKTORA ÇEVRİLİB
Enerji təhlükəsizliyi məsələləri bu gün dünyada xüsusi əhəmiyyət kəsb edir və dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsi yeni-yeni enerji layihələrinin reallaşdırılmasına yol açır ki, bu da öz növbəsində dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir.
Dövlət başçısı Budapeşt səfərində bildirib ki, yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı da Azərbaycanın önəmini daha da artırır: "Əlbəttə ki, yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək".
Bəli, bu gün uğurlu enerji siyasəti reallaşdıran Azərbaycan Avropanın enerji bazarında mühüm faktora çevrilib. Bu vaxta qədər əldə olunan uğurlu təcrübə, yaşıl enerji potensialının düzgün istiqamətləndirilməsi ölkəmizin cəlbediciliyini daha da artırır. Çünki Azərbaycan, həmçinin çox böyük yaşıl enerji potensialına malikdir. Ölkəmizin dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı isə 27 qiqavatdır. Həmçinin Vətən müharibəsi zamanı işğaldan azad etdiyimiz torpaqlarda enerji potensialı 10 qiqavata yaxındır. Bu potensial "yaşıl enerji" sahəsində də uğurlu əməkdaşlığın davam etdirilməsini şərtləndirir.
Prezident İlham Əliyevin də söylədiyi kimi: "Bizim güclü siyasi iradəmiz və əlbəttə ki, fəaliyyətimizin uğurlu tarixçəsi var. Bizim müxtəlif formatlarda və müxtəlif ölkələrlə birgə həyata keçirdiyimiz bütün layihələr - istər Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, istər Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, istərsə də "Cənub qaz dəhlizi" - hamısı uğurlu olmuşdur. Əminəm ki, Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaq".
Bir sözlə, Prezident İlham Əliyevin dost ölkəyə işgüzar səfərləri münasibətlərin daha da genişləndirilməsinə, siyasi-iqtisadi əlaqələrin sürətli inkişafına müsbət töhfəsini verməklə, Azərbaycanın dünya siyasətində yerini daha da möhkəmləndirir.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB