Paşinyana müraciətlə bağlı QHT rəsmiləri nə dedi? - SORĞU

Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları Ermənistanın dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə bu ölkənin baş naziri Nikol Paşinyana açıq məktub yazıb. Onlar Ermənistan Respublikasını regionda ekosistemi ciddi şəkildə korlayan aşağıda adları çəkilən müəssisələrin fəaliyyətini dərhal dayandırmağa çağırıb. SİA məsələ ilə bağlı QHT təmsilçiləri arasında sorğu keçirib.

Gender və İnsan Hüququ Araşdırma Birliyinin sədri Rəna Mirzəzadə: “Əvvəla onu qeyd edim ki, Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının Ermənistanın baş nazirinə ekoloji sabitliyin pozulması ilə bağlı məktub yazması təqdirəlayiq bir addımdır. Yalnız Ermənistanın baş nazirinə deyil, eyni zamanda parlamentə, vətəndaş cəmiyyəti qurumlarına, o cümlədən, beynəlxalq təşkilatlara müraciət olunması daha münasib olardı. Təbii ki, Ermənistan müxtəlif üsullarla öz məkrli siyasətini “yumşaq güc” vasitəsilə inkişaf etmiş Azərbaycan dövləti ilə mübarizə aparmağa çalışır. Ermənistanın nə hərbi, nə də siyasi gücü olmadığından digər vasitələrlə hücuma keçib. Ermənistanın bu cəhdləri yenə də onun məğlubiyyəti ilə nəticələnəcək. İstər vətəndaş cəmiyyətləri, istər ziyalılar, istərsə siyasi partiyalar, ümumilikdə Azərbaycan ictimaiyyəti belə şeylərə laqeyd qalmamalı, bunları beynəlxalq aləmə göstərməliyik. Azərbaycan xalqı olaraq hər bir məsələdə dövlətimizin yanındayıq”.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli: “Ermənistan hələ də bəşəriyyətə qarşı fəaliyyətini davam etdirir. İndi də ard-arda qanunsuz fəaliyyətlər həyata keçirir. Onlardan biri də Azərbaycanla sərhəddə Cənubi Qafqaz üçün ekoloji sabitliyə təhdid olan zavodun tikintisidir. Ermənistanın bu addımı atması yolverilməzdir. Azərbaycan vətəndaş cəmiyyəti də bütün üsullardan istifadə edir. Ermənistan hökuməti ağlını başına yığmalıdır. Əks halda Azərbaycan dövləti bu cür hallara qarşı Ermənistana cavab verəcəkdir. Ermənilər bu bölgədə yaşamaq istəyirsə, Azərbaycanla münasibətlərini normallaşdırmalıdır. Qərbdə Türkiyə, şərqdə isə Azərbaycan kimi iki böyük sərhəd dövləti var. Ermənistan bunları nəzərə almalıdır. Belə hərəkətlərlə öz vəziyyətini daha da pisləşdirir. Azərbaycan isə hər zaman beynəlxalq hüquq normalarına uymağa, məsələlərin danışıqlar yolu ilə həllinə çalışır. Lakin bu o demək deyil ki, Azərbaycanın səbri tükənməzdir. Ermənistan bunu dərk edərək, təxribatçı əməllərə yol verməməlidir”.

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə: “Ermənistanın dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması, insanların rifahının pozulması, xəstəliklərin artmasına bizdən öncə erməni ictimaiyyəti öz etirazını bildirməlidir. Bu ziyan bütün qonşu ölkələrə də öz təsirini göstərir. Ona görə də Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndəsi kimi bildirmək istəyirəm ki, orada gedən bütün pozucu fəaliyyətlər dayandırılmalıdır. Paşinyana olan müraciət mütləq nəzərə alınmalı və yerinə yetirilməlidir. Əks halda xeyli insan məhv ola və sosial problemlər ortaya çıxa bilər. Düşünürəm ki, Ermənistanın Qeyri-Hökumət Təşkilatları özləri də bu məsələyə qarşı çıxmalıdır”.

“Hüquqi Təhlil və Araşdırmalar” İctimi Birliyinin sədri Ramil İskəndərli: “Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının Ermənistanın dağ-mədən sənayesinin bütövlükdə Cənubi Qafqazda ekoloji sabitliyi pozması barədə Nikol Paşinyana göndərdiyi bəyanatı müsbət qiymətləndirirəm. Belə ki 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan Ermənistan bütün təbii sərvətlərimizi talayıb. Eyni zamanda, ətraf-mühitə ağılasığmaz zərərlər vurub. Azərbaycan öz torpaqlarını azad etdikdən sonra ermənilərin törətdikləri bütün cinayətlər, dağıntılar yalnız bizim tərəfimizdən deyil, həmçinin diplomatik korpus nümayəndələri, xarici turistlər və digər şəxslər tərəfindən müşahidə olunub. Yəni, birinci dəfə deyil ki, belə addımlar atılır. Arazdəyəndə metallurgiya zavodunun inşasına etiraz olaraq həm yerli, həm də xarici QHT-lər öz səslərini duyurdular. Bundan başqa bizim “Hüquqi Təhlil və Araşdırmalar” İctimi Birliyi də öz növbəsində BMT-nin ətraf mühit ilə bağlı həmməruzəçisinə də ölçü götürülməsi barədə etiraz məktubunu göndərib. Vətəndaş cəmiyyəti təşkilatlarının Nikol Paşinyana göndərdiyi məktubda konkret olaraq hansı dağ-mədən sənayesi zavodlarının ekologiyaya vurduğu ziyan məsələləri də öz əksini tapdı. Hətta Avropa İnsan Hüquqları Məhkəməsi də ekoloji sabitliyi pozan dağ-mədən sənayesi zavodlarının məsuliyyətini Ermənistan hökumətinin daşıdığı barədə qərar verib. Yəni, bütün regiona təsir göstərdiyi üçün yalnız biz deyil, xarici təşkilatlar, hətta Ermənistanın öz vətəndaşları da bu məsələyə etiraz bildirir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə