Enerji siyasəti Azərbaycanın etibarlı tərəfdaş kimi imicini möhkəmləndirir - TƏHLİL
PREZİDENT İLHAM ƏLİYEV: "Mən çox fəxr edirəm ki, Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş adlandırır"
Bu gün artıq Azərbaycanın yüksək səviyyəli mötəbər tədbirlərin məkanına çevrilməsi realllıqdır və bu da dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan xəbər verir. Xüsusilə, son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Çünki bu gün Azərbaycan dünyanın ən nüfuzlu və sabit inkişaf etməkdə olan ölkələri arasında öz yerini kifayət qədər möhkəmləndirib. Bu da, təbii ki, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin formalaşdırdığı uğurlu daxili və xarici siyasət, eləcə də son 19 ildə Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olub.
Məhz Bakıda mayın 31-dən 3-dək üç mötəbər tədbiri bir ad altında birləşdirən 38 ölkədən 331 şirkət iştirakıların təmsil olunduğu və Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdir ki, Bakı Enerji Həftəsi enerji sektorunda keçirilən aparıcı beynəlxalq tədbirlərdən biridir: "Sözlərimi təsdiqləmək üçün tədbir iştirakçılarına təbrik teleqramları göndərən şəxsləri qeyd etmək kifayətdir: ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Rişi Sunak. Mən ABŞ Prezidentinə və Böyük Britaniyanın Baş nazirinə, onların bu tədbirdə iştirak edən nümayəndələrinə xoş və ruhlandırıcı sözlərə görə təşəkkür etmək istəyirəm".
Dövlət başçımız onu da bir daha əminliklə vurğulayıb ki, "Bakı Enerji Həftəsi" enerji təhlükəsizliyi üzrə qlobal əməkdaşlığa dair dialoqu daha da gücləndirəcək: "Ənənəvi olaraq hər il keçirilən bu tədbir qlobal enerji təhlükəsizliyinin təmini, alternativ və bərpa olunan enerji potensialı, o cümlədən “yaşıl enerji” layihələrinin təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsi, habelə enerji mənbələrinin şaxələndirilməsi istiqamətində müzakirələr üçün bir fürsətdir".
AVROPA AZƏRBAYCAN DÖVLƏTİNƏ VƏ PREZİDENTİNƏ GÜVƏNİR
Bəli, bu gün Azərbaycan regionda və region xaricində enerji təhlükəsizliyinin gücləndirilməsində davamlı tərəfdaş olub. Avropa üçün enerji tərəfdaşının etibarlılığı hər şeydən əhəmiyyətlidir. Və Azərbaycanın artan nüfuzu və müasir beynəlxalq münasibətlər sistemində güclənən mövqeyinin göstəricisidir. Və bu gün Avropa üçün alacağı enerji resursunun özündən daha əhəmiyyətlisi tərəfdaşının etibarlılığı və təchizatçı regionda sabitliyin dayanıqlı olmasıdır. İyirmi ilə yaxın Prezident İlham Əliyevlə birbaşa təmaslar Azərbaycan liderini Avropada sözü və imzası bir şəxsiyyət kimi tanıdıb. Eyni zamanda hətta müharibə şəraiti belə Azərbaycanın neft-qaz təchizatçısı kimi heç bir öhdəliyinə maneə yarada bilməyib. İlham Əliyevin nail olduğu daxili stabillik möhkəmdir və Azərbaycanın öhdəliklərinin icrası ilə bağlı heç bir problem yoxdur. Ən vacibi isə Azərbaycan müstəqil iradə sahibidir, yəni sərvətləri üzərində 2-3-cü tərəflər yox, konstitusion formada təsbit olunduğu kimi Azərbaycan Respublikası özü qərar sahibidir.
Məhz bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət nəticəsində ölkəmizin formalaşan etibarlı tərəfdaş imici, zəngin ehtiyatlar və yaradılan şaxələndirilmiş enerji infrastrukturu Azərbaycanı Avropa üçün ən optimal ümid yerinə çevirir. Mövcud əməkdaşlıq formatı isə ölkəmizi Avropa İttifaqının və birliyə daxil olan ayrı-ayrı dövlətlərin enerji təhlükəsizliyi, bununla da milli təhlükəsizliyində söz sahibinə və ciddi təsir imkanlarına malik qütbə çevirir. Məhz Azərbaycanın imici Avropanın enerji təhlükəsizliyində rolunun artması ilə bağlı ittifaq ölkələrində hər hansı narahatlıq yaranmasının qarşısını alır. Balkanlar və Mərkəzi Avropa ölkələri Prezident İlham Əliyevə güvəndiklərini açıq formada ifadə edərək bu formatın dərinləşdirilməsində maraqlı olduqlarını bildirirlər.
Azərbaycan milli maraqlarına uyğun şəkildə bütün dünya dövlətləri ilə sülh şəraitində əməkdaşlıq edir. Bu mənada dövlətimizin başçısının Avropada son təmasları, xüsusən Bolqarıstan, Rumıniya və Macarıstana səfərlərinin, Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının, "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanmasının davamı kimi "Cənub qaz dəhlizi" və "Yaşıl Enerji" Məşvərət Şuralarının Bakıdakı iclaslarının keçirilməsi proseslərin Azərbaycanın iradəsi və arzusu daxilində inkişaf etdiyini göstərir. Məhz Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, beynəlxalq maliyyə institutları, biz hər birimiz vahid komanda kimi çalışırıq ki, enerji təhlükəsizliyini gücləndirək, bir-birimizə müəyyən çətinliklərin öhdəsindən gəlmək üçün dəstək olaq: "Onlar situativ çətinliklər və ya strateji çətinliklər ola bilər. Biz bu işdə bir yerdəyik. Mən çox fəxr edirəm ki, Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır".
BİZ 2027-Cİ İLƏDƏK AVROPA BAZARINA QAZ TƏCHİZATINI İKİ DƏFƏ ARTIRMAĞI PLANLAŞDIRIRIQ
"Sonuncu Bakı Enerji Həftəsindən bu günə qədər keçirilən tədbirlərə nəzər salsaq görərik ki, bu gün daha çox Avropa ölkəsi Azərbaycanla əməkdaşlıq edir". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında deyib.
"Bizim planımız ondan ibarətdir ki, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artıraq. Bu, olduqca real rəqəmdir. Bizim qaz təchizatımızın dinamikasına nəzər salsaq görərik ki, ötən il 8 milyard kubmetr idi, bu il 12 milyard kubmetr nəql edəcəyik. Bu, bizim ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün biz bu rəqəmi 20 milyarda çatdıracağıq. Bunun üçün mənbələr artıq var, onlardan biri bizim nəhəng “Şahdəniz” yatağımızdır, digər yataq “Abşeron”dur", - deyə dövlətimizin başçısı qeyd edib.
Prezident İlham Əliyev ümid etdiyini bildirib ki, olduqca qısa bir zamanda “Abşeron”dan çox yaxşı xəbərlər alınacaq: “Oradan çox qısa bir zamanda ilk qaz alacağımıza dair xəbər gözləyirik. Bəli, bu gün Azərbaycan Avropa dövlətlərinin suverenliyinin ən vacib elementlərindən olan enerji təhlükəsizliyinin təminatçısı kimi mövqelərini möhkəmləndirməyə davam edir. Dövlətimizin başçısı Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında qeyd edib ki, Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaqdır: "Bunun üçün işimizi komanda şəklində davam etdirməli, bir-birimizi davamlı surətdə dəstəkləməliyik".
AZƏRBAYCAN ARASINDA ENERJİ DİALOQU UĞURLA DAVAM EDİR
Prezident İlham Əliyev çıxışı zamanı bir daha vurğulayıb ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji dialoqu uğurla davam edir: "Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur".
Ötən ilin iyulunda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandığını xatırladan dövlətimizin başçısı qeyd edib ki, bu enerji dialoqu uğurla davam edir: "Biz Avropa İttifaqı ilə bərabər, Cənub Qaz Dəhlizi Məşvərət şurasının üzvləriyik, o, hər il fevral ayında Bakı şəhərində baş tutur. O da çox böyük əhəmiyyətə malikdir ki, bizim bütün səylərimiz əlaqələndirilir. Cənub Qaz Dəhlizi artıq istifadəyə veriləndən sonra belə, bu gün bizim yeni vəzifələrimiz var. Ona görə də Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının müsbət məqamları olduqca çoxdur və gələcək potensial da olduqca genişdir".
Burada söhbətin yenilənən, bərpaolunan enerjidən getdiyini qeyd edən dövlət başçısı deyib: "Mən çox şadam ki, yenilənən enerji ilə bağlı şirkətlər bu gün burada olduqca böyük çoxluq təşkil edir. Əminəm ki, illər keçdikcə bu şirkətlərin sayı artacaq. Yəni, biz tərəfdaşlarımızla birlikdə neft kəmərləri inşa etdik, neft yataqlarına sərmayə qoyduq, daha sonra qaz infrastrukturu inşa etdik. Cənub Qaz Dəhlizi bizim birgə tarixi nailiyyətimizdir, 3500 kilometrdən artıq neft kəmərlərindən ibarət bir sistemdir və o, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində müstəsna rol oynayır".
Göründüyü kimi, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayır və dövlət başçımızın söylədiyi kimi, "Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş adlandırır". Bu, Azərbaycanın artan nüfuzunun, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin, göstərilən etimadın təqdimatıdır.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB