Moskvada PAŞİNYANA VERİLƏN DƏRS - TƏHLİL

Avrasiya İqtisadi Birliyinin Moskvada keçirilən sammitində Nikol Paşinyan artıq ənənə halına saldığı absurd ittihamlarını Azərbaycana qarşı səsləndirməklə, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışsa da, özü çaş-baş vəziyyətə, çox acınacaqlı duruma düşüb və beynəlxalq ictimaiyyət onun rüsvayçı halını izləyib. Erməni baş nazir utanmadan yenə də qondarma “blokada” barədə, guya Qarabağda humanitar böhranın yaranması, eləcə də Azərbaycanın Ermənistana qarşı guya ərazi iddialarının olduğu haqda təxribat xarakterli fikirlər bildirdikdən sonra Azərbaycan Prezidentinin əsaslandırılmış arqumentləri qarşısında boynunu büküb dayanmalı, dinləməli olub və həmişəki kimi gülünc, rüsvayçı vəziyyətdə qalıb, hansıki bu ona verilən dərs idi.

Bəli, Azərbaycan Prezidenti cənab İlhan Əliyev bu dəfə də Moskvada erməni baş nazirə dərs verdi. Məhz bu “dərs” bir daha təsdiq etdi ki, Paşinyan idarəetmədən, siyasətdən, beynəlxalq hüquqdan xəbərsizdir və onun nə qədər rüsvayçı bir vəziyyətdə qaldığını bütün dünya ictimaiyyəti izləmiş oldu. Elə Ermənistan cəmiyyətinin də çox böyük ağrı ilə bunu izlədiyi həmin ölkənin mətbuat səhifələrində öz əksini tapır. Sözügedən sammiti, danışıqları izləyən erməni cəmiyyəti də etiraf edir ki, baş nazir elə bil Moskvaya dərs almaq, biabırçı vəziyyətə düşmək üçün getmişdi. Əslində, reallıq budur ki, onsuz da o düşəcəyi gülünc vəziyyətini getməmişdən əvvəl də bilirdi, amma bilə-bilə getməkdə məqsədi, siyasi divident, xal qazanmaq idi, baxmayaraq ki, buna da nail ola bilmədi.

Bilirik ki, Nikol Paşinyan bacarıqsızlıqda, qətiyyətsizlikdə, uğursuzluqda, hətta xəyanətkarlıqda belə erməni cəmiyyəti tərəfindən ölkəsi daxilində də ittiham olunur. Ələlxüsus, Ermənistan müxalifəti onu satqın kimi cəmiyyətə təqdim edir və buna ictimaiyyəti də inandırmağa çalışır. Nikol isə bu ittihamlardan yaxasını qurtarmaq üçün hər şeyə, hətta sonuncu dəfə qəbul etməli olduğu rüsvayçılığa belə əvvəlcədə razı idi. Elə buna görə də Azərbaycanı ittiham etmək üçün ağlına gələn ifadəni, gülünc, absurd iddiaları səsləndirməkdən də çəkinməməsi anlaşılandır. Daha dəqiq desək, Paşinyan özünü guya xalqı üçün cəfakeş kimi göstərmək istəyirdi. Onsuz da onun bütün addımları daxili auditoriyaya hesablanmış olub və bu dəfə də belə idi, amma nəticədə çox axmaq bir duruma düşdüyünü gördü. Bu durum isə elə daxili auditoriyada da müzakirə mövzusuna çevrildi və elə erməni cəmiyyətində də onun barəsində kifayət qədər aşağılayıcı ifadələr səsləndirildi. Başqa cür ola da bilməzdi, çünki axı Vovayeviç öz absurd fikirləri, uydurma iddiaları, ələlxüsus da siyasi savadsızlığı, hüquqi baxımdan məlumatsızlığı ilə bu dəfə də özü-özünü gülünc vəziyyətə saldı.

Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü ilə bağlı Azərbaycan Prezidentinin açıqlamasını erməni baş nazir “ərazi iddiaları” kimi təqdim etməyə çalışıb. “Söhbət yalnız bir dəhlizdən, Laçın dəhlizindən gedir”, deyən Paşinyan bunu hələ 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın pozulması hesab etdiyini də utanmadan dilə gətirib. Zəngəzur dəhlizinin ərazi iddiası olmadığını və nəqliyyat kommunikasiyası olduğunu bildirən Azərbaycan Prezidenti, sözün əsl mənasında erməni baş nazirə, küçə nümayişlərindən istifadə edib hakimiyyəti ələ keçirən səriştəsiz, siyasi və hüquqi baxımdan savadsız olan Paşinyana bu dəfə də dərs verib. “Zəngəzur dəhlizinə gəlincə, mənim çıxışıma diqqətlə qulaq assanız, orada “Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasının təşəbbüskarı olduğu” öz əksini tapır. Düzgün, qanuni, ağlabatan hesab etdiyimiz və yeri gəlmişkən, Rusiya Federasiyası və Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesində iştirak edən digər tərəflər tərəfindən dəstəklənən istənilən təşəbbüsü irəli sürmək bizim haqqımızdır”, deyə Azərbaycan Prezidenti Ermənistanın baş nazirinin ittihamlarının əsassız və puç olduğunu isbat edib, verdiyi dərslə onu çox gülünc, rüsvayçı bir duruma salıb.

Bunun ardınca erməni baş nazir qondardığı həmin o dırnaqarası “blokada” məsələsi ilə bağlı da susdurulub. Laçında sərhəd-keçid məntəqəsi yaradılsa da, erməni millətindən olan istənilən Azərbaycan vətəndaşının ondan təhlükəsiz şəkildə istifadə edə bildiyi barədə obyektiv arqumentlərlə çıxış edən ölkə rəhbərimiz bu məsələdə də Nikolu arzulamadığı vəziyyətdə qoyub, çünki o dalana dirənmiş hala düşüb. Paşinyan bu dəfə də əmin olub ki, Azərbaycan Prezidenti ilə debata tab gətirə bilən deyil və əslində, özü-özünü küncə sıxışdırıb. “Yalnız Laçın dəhlizi var, o da olmalıdır və Rusiya sülhməramlıları tərəfindən idarə olunmalıdır”, deyən erməni baş nazirin mızıldanmaqdan başqa çarəsinin qalmadığı izləyicilərin diqqətindən yayınmayıb. Təsadüfi deyil ki, bu məqam elə erməni cəmiyyətinin də diqqətini cəlb edib və buna görə çox xəcalət çəkdikləri onlar tərəfindən indi açıq şəkildə etiraf da edilir. “Mənim sözlərimdə ərazi iddialarını görmək üçün çox cəhd etmək və şiddətli təxəyyül sahibi olmaq lazımdır”, deyən cənab İlham Əliyevin bu sözlərini erməni cəmiyyəti çox yaxşı başa düşüb və bununla öz baş nazirlərinin hansı duruma, rüsvayçı vəziyyətə düşdüyünü etiraf etməkdən başqa həmin cəmiyyətin çarəsi də qala bilməzdi axı. Çünki ona verilən dərs göz önündə baş verib və bunu görməməzliyə vurmaq mümkün də deyil.

Zəngəzur dəhlizinin məhz Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına gedən yol olduğunu, bu yolun isə Ermənistandan keçməli olduğunu, bunun heç bir halda hansısa dövlətin ərazisinə təcavüz olmadığını bildirən ölkə rəhbərimizin, dəhliz sözünün də hamı tərəfindən qəbul edilmiş beynəlxalq termin olduğunu diqqətə çatdırması, məhz elə “dəhliz” sözündən hiyləgərcəsinə istifadə etməyə çalışan Paşinyana verilən növbəti bir dərs sayılır. Bu “dərs” özü də onun çox rüsvayçı vəziyyətdə olduğunu, beynəlxalq terminlərdən xəbərsiz olduğunu, ümumiyyətlə siyasi savadsızlığını, oturduğu hakimiyyət kürsüsünə layiq olmadığını təsdiqləyir. Elə erməni cəmiyyətində Paşinyanın ünvanına səsləndirilən fikirlər, onun Moskva görüşündə rüsvayçı vəziyyətə düşdüyü barədə ifadələr də bu durumundan qaynaqlanır, çünki ermənilər özləri də baş nazirlərinin halını yaxşıca müşahidə ediblər.

Danışıqların Moskva raundunun nəticələri bir daha təsdiq etdi ki, erməni tərəfi, ələlxüsus da erməni baş nazir Nikol Paşinyan hələlik Azərbaycanla münasibətlərin normallaşmasının bütün təfərrüatları barədə dəqiq təsəvvürə belə malik deyil və bunun da bir neçə səbəbi var. Əvvəla, Ermənistanın baş naziri heç də ixtiyar sahibi kimi görünmür və hansısa qüvvələrin qarşısında hesabatlı bir vəziyyətdə, yəni asılı durumda, səlahiyyətsiz, gülünc halda olduğu dərhal duyulur və hansısa qərar verməkdə qorxduğu da açıq-aşkar hiss olunur. Onsuz da öz cəmiyyətində məhz bacarıqsızlıqda, uğursuzluqda, hətta xəyanətkarlıqda ittiham olunan bu baş nazirin, guya dirəniş göstərdiyini, guya ölkəsinin milli maraqları xatirinə mübarizə apardığını göstərmək, bununla da təmsil etdiyi cəmiyyətin “damğalarından” yaxa qurtarmaq istəyi və niyyəti göz önündədir. O, indi yalnız özünü məhz düşdüyü vəziyyətdən xilas etməyə daha çox can atır, nəinki xalqını, dövlətini. Elə buna görə də bir-birinin ardınca daha rüsvayçı vəziyyətə düşür. Digər tərəfdən də axı Qərbin dəstəyi və layihəsi ilə hakimiyyət kürsüsünü qamarlayan beli çantalı küçə nümayişçisinin siyasi savadı və təfəkkürü yoxdur ki, danışıqları lazım olan dürüst bir məcrada apara bilsin. Çox güman ki, danışıqların yekunlaşmasının qarşısını almaq üçün danışıqları uzatmağa da meyilli olması, yaxud uzatması bu səbəbdəndir. Onun sülh sazişi barədə təsəvvürə belə malik olması artıq təkcə bizdə deyil, bütövlükdə dünya ictimaiyyətində şübhə doğurmaya bilməz. Çünki Paşinyanın hansı dıqnaqarası “savad”, hansı “təfəkkür” sahibi olduğu elə Moskvada bir daha göründü. Daha doğrusu, Azərbaycan Prezidenti bir neçə kəlmə ilə bunu bütün dünyaya göstərdi və belə bir hal erməni baş nazirin elə rüsvayçı vəziyyəti kimi bütün dünyada artıq qəbul olunur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə