"İlin sonuna görüşlərin nəticəsi olacaq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"İlin sonuna görüşlərin nəticəsi olacaq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

Mayın 19-da Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri arasında görüş keçirilə bilər. Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan yerli KİV-ə açıqlamasında bildirib. Bəs, görüşdən çıxan nəticə nə ola bilər? SİA mövzu ilə bağlı deputat Rüfət Quliyevin fikirlərini öyrənib.

Onun sözlərinə görə, hər bir belə görüş bizi bir addım da olsa sülh müqaviləsinə yaxınlaşdırır: "Bu görüşlərə Azərbaycan da razıdır. Təki, Azərbaycanın 5 prinsipinə əməl olunsun. Bu prinsip üzərində müqavilə imzalanmalıdır. Bunu Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb.

Mən hiss edirəm ki, ilin sonuna görüşlərin nəticəsi olacaq və olmalıdır. Biz istədiyimizə addım-addım yaxınlaşırıq. Siyasət də bunu göstərir".

Rüfət Quliyev sözlərinə belə davam edib: "Onu da qeyd edim ki, burada Türkiyədəki seçki faktoru da var. Ümid edirik ki, cənab Rəcəb Tayyib Ərdoğan qalib olacaq və görüşlər keçiriləcək. Onsuz da Rəcəb Tayyib Ərdoğanın partiyası parlamentdə çoxluq təşkil edir və bu o deməkdir ki, onun gücü kifayət qədər yüksəkdir. Mən inanıram ki, Türkiyə xalqı düzgün seçim edəcək və biz mayın 29-u xeyirli xəbəri alacağıq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə