Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev ili" elan olunması və Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda silsilə tədbirlər davam etdirilir. Azərbaycan xalqının Ümummilli Lideri, Böyük Dövlət Xadimi Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir.
Ümummilli Liderin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Böyük dövlət xadimi Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı. Prezidentliyi dövründə mədəniyyətə və təhsilə, o cümlədən beynəlxalq əməkdaşlığın təşviqinə böyük önəm vermişdir.
Müstəqil Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edərək, dövlətin hüquqi əsaslarının gücləndirilməsi, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaradılmasına nail oldu. Bunlarla yanaşı, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik və balanslaşdırılmış xarici siyasət kursu nəticəsində Azərbaycanın beynəlxalq əlaqələri genişlənməyə başladı. Ölkəmiz beynəlxalq arenada müstəqil dövlət kimi tanındı, ikitərəfli və çoxtərəfli səmərəli xarici əlaqələr quruldu. Dünyada böyük siyasətsi kimi tanınan, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin 100 illik yubileyi münasibətilə dünyanın tanınmış simaları –prezidentləri, siyasi-ictimai xadimləri tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan təbriklər Böyük şəxsiyyətə olan ehtiram, məhəbbət öz ifadəsini tapıb. "Bu əlamətdar günlər atanızın xatirəsini yad etmək və onun yolu ilə gedərək qazandığınız nailiyyətlərə nəzər yetirmək üçün gözəl fürsətdir. Azərbaycanın müdrik lideri kimi, Siz atanızın uğurlarını artıraraq ölkənizi tolerantlığın, beynəlxalq ictimaiyyət tərəfindən dinlərarası əməkdaşlığın yüksək ehtiram göstərildiyi mərkəzə çevirmisiniz. İsrail ilə Azərbaycan arasında güclü münasibətlərin əsasını Sizin atanız qoymuşdur. Bu il Siz onun müdrik siyasətini davam etdirərək Təl-Əvivdə səfirlik açdınız. Bütün bu nailiyyətlərə görə Sizi ürəkdən təbrik edir, dost Azərbaycana davamlı uğurlar arzu edirəm", - deyə ABŞ-ın Etnik Anlaşma Fondunun təsisçisi və prezidenti Ravvin Mark Şnayer təbrikdə qeyd edib.
"MİLLƏTİN BİRLİYİNƏ, HƏMRƏYLİYİNƏ MİSİLSİZ TÖHFƏLƏR VERMİŞDİR"
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev "Bu unudulmaz gündə Azərbaycan xalqının dahi oğlu və əsl vətənpərvər şəxsiyyətin unudulmaz xatirəsini sonsuz qürur hissi ilə yad edərək, xüsusi vurğulamaq istərdim ki, Heydər Əliyev öz güclü iradəsi və nadir liderlik qabiliyyəti ilə müasir Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə və onun yeni dövlətçiliyinin təməlinin qoyulmasına, millətin birliyinə, həmrəyliyinə misilsiz töhfələr vermişdir" - deyə bildirmişdir. Özbəkistan ilə Azərbaycan arasında çoxşaxəli və uzunmüddətli münasibətlərin hərtərəfli inkişafı, dost və qardaş ölkələrimizin əlaqələrinin möhkəmləndirilməsi istiqamətində dahi şəxsiyyətin misilsiz xidmətlərin hər zaman yüksək ehtiram duyğuları ilə xatırlanır. "Bu əlamətdar yubiley münasibətilə Özbəkistanda Heydər Əliyevin mənalı həyat yoluna və örnək fəaliyyətinə həsr olunmuş çoxsaylı dəyirmi masalar, müxtəlif mədəni-maarif tədbirləri, elmi-bədii ədəbiyyatların nəşri özbək xalqının bu dahi şəxsiyyətə hədsiz ehtiramının parlaq ifadəsidir", - deyə qeyd edib. Onu da bildirib ki, Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ölkəsinin nüfuzunu beynəlxalq aləmdə böyük dərəcədə artıran və tarixi ədaləti bərpa edən mahir siyasi xadimi Özbəkistanın əsl dostu kimi tanıyırıq, həmçinin strateji tərəfdaşlığımızın yeni səviyyəyə yüksəlməsi üçün Sizin fəal səylərinizi tam dəstəkləyirik.
"O, MƏNİM ÜÇÜN ƏSL MÜDRİK MÜƏLLİM VƏ GÖZƏL DOST OLUB"
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçidən ünvanlanan təbrikdə belə yazılıb: "Siyasi müdrikliyi sayəsində hələ sağlığında canlı əfsanəyə çevrilən Heydər Əlirza oğlu Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinə nail olmaqla, öz xalqına demokratik və hüquqi dövlətdə yaşamaq imkanı hədiyyə etdi. O, öz xalqının xoşbəxt gələcəyi üçün bütün zəruri şəraiti yaradaraq, özündən sonra möhkəm təməl qoydu. Fəxr edirəm ki, Heydər Əliyev kimi görkəmli, zəhmətsevər şəxsiyyətlə çiyin-çiyinə işləmək və fəaliyyət göstərmək mənə nəsib olub. Mən onunla görüşlərimi xüsusi səmimiyyətlə və hörmətlə xatırlayıram, sevinirəm ki, o, mənim üçün əsl müdrik müəllim və gözəl dost olub. Heydər Əliyevin çoxsaylı dövlət mükafatları və təltifləri arasında Moskva Universitetinin Fəxri professoru - bizim universitetin ali mükafatının olması təhsil ocağımızda çalışan insanlar üçün xüsusi fəxrdir".
"ONDAN SİYASİ MÜDRİKLİYİ, TƏMKİNLİLİYİ, ƏSL STRATEJİ DÜŞÜNMƏ QABİLİYYƏTİNİ MƏMNUNLUQLA ÖYRƏNMİŞƏM"
Əlbəttə ki, bu təbriklərin hər biri insanda qürur yaradır. Azərbaycan xalqının dahi oğlu, dünyaşöhrətli dövlət və siyasət xadimi Heydər Əlirza oğlu Əliyev respublikanı inkişaf və tərəqqiyə doğru apardı. "Mən Onun 25 il əvvəl söylədiyi sözləri xatırlayıram: "Azərbaycan mənim ürəyimdir. Azərbaycan mənim nəfəsimdir. Azərbaycan mənim həyatımdır". Əminəm ki, həyatının mənasını ölkəsinə xidmət etməkdə görən belə vətənpərvər şəxsiyyəti əbədi olaraq xatırlayacaqlar. Mənə nadir insan, böyük siyasi xadim, müasir Azərbaycan dövlətinin banisi hörmətli Heydər Əlirza oğlunu şəxsən tanımaq nəsib olub. Ondan siyasi müdrikliyi, təmkinliliyi, əsl strateji düşünmə qabiliyyətini məmnunluqla öyrənmişəm. Minsk ilə Bakı arasında bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasının əsasını qoyan Sizin atanızın xatirəsini Belarusda əziz tuturlar. Rəmzi haldır ki, Azərbaycanda "Heydər Əliyev İli" elan edilmiş 2023–cü ildə biz ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini də ləyaqətlə qeyd edirik", - deyə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko təbrikində bildirib. Bu fikirlər Azərbaycanın yaradıcısı və qurucusu olan Ulu Ondərin şəxsiyyətinə olan hörmətin, siyasi fəaliyyətinə olan qiymətin təzahürüdür.
ULU ÖNDƏR XALQI AZADLIQ, SUVERENLİK VƏ FİRAVANLIQ YOLUNA ÇIXARTDI
Öz xalqına bağlı olan, Azərbaycanı böyük bir inkişaf yoluna çıxaran Ulu Öndər Heydər Əliyevin xalqı qarşısındakı xidmətləri yüksək qiymətləndirilir. Livan İslam Ruhani Zirvəsinin Baş katibi Məhəmməd Əl Sammakın Cənab Prezidentə ünvanladığı təbrikində Müasir Azərbaycan dövlətinin banisi, Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə səmimi məhəbbət, hörmət və minnətdarlıq hissləri yer alıb: "Cənab Prezident, İslam mədəniyyətimizdə belə bir deyim var ki, elə insanlar var onların istədikləri Allahın istədiyidir. Bu, o deməkdir ki, insanlar üçün yaxşılıq iradəsi Allahın iradəsi ilə eyniləşir. Xeyirxahlığın ən yüksək və ən nəcib ayələri yaxşı idarəçilikdə təcəssüm olunur. Yaxşı idarəçilik iki əsas prinsipə əsaslanır: birinci prinsip Allahın razılığı və məhəbbəti, ikinci prinsip isə insanların etibarı və sədaqətidir. Azərbaycan xalqına müdrik rəhbərliyi zamanı Allaha iman nuru ilə işıqlanan, xalq tərəfindən sevilən və onu sevən insanlardan biri də Prezident Heydər Əliyev olmuşdur, Allah onun ruhunu şad etsin. O, xalqı azadlıq, suverenlik və firavanlıq yoluna çıxardı".
Azərbaycanın və ümumən Qafqaz regionunun çətin dövründə Prezident Heydər Əliyevin rəhbərliyinin asan olmadığını qeyd edən Məhəmməd Əl Sammak Onun Azərbaycan xalqını və dövlətini nicata, suverenliyə, müstəqilliyə, ardından isə firavanlığa, inkişafa doğru aparmasını müstəsna nailiyyət olduğunu qeyd edib: "Fransanın keçmiş Prezidenti Jak Şirak siyasəti mümkün olmayanı mümkün etmək sənəti kimi təsvir edib. Bu mənada Prezident Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərliyi zamanı əldə etdiyi uğurlar qeyri-mümkün olanı mümkünə çevirmək sənətinin nümunəsi idi. Bu gün eyni ruhla, eyni iradə ilə, eyni uğurla Siz atanızın yolunu davam etdirirsiniz. Prezident Heydər Əliyev bir sıra çətinliklərlə üzləşdi və bu çətinliklərin qolunu bir-birinin ardınca bükməyə müvəffəq oldu. Budur, bu gün Siz müdrik, özünə güvənən və xalqının bütün çətinliklərinin öhdəsindən gəlməyə qadir olduğuna inanan rəhbər olaraq yeni çağırışların qarşısında əzəmət və qürurla dayanırsınız. Bu işdə ilk növbədə Allahın rizasına və zəfərinə, eləcə də Azərbaycan xalqının sədaqəti və etibarına arxalanırsınız. Bu çağırışların haradan gəlməsi önəmli deyil. Önəmli olan odur ki, Allahın razılığı və xalqın etibarı üzərinizə yağır. Qeyri-mümkün olanı mümkün, hətta qaçılmaz edən ilahi rizanın və xalq etimadının birləşməsidir. Beləliklə, Prezident Heydər Əliyev taleyüklü çətinliklərin öhdəsindən gəlmək üçün qəbul etdiyi qərarların ölçüsünə görə böyük olduğu kimi, Siz də, cənab Prezident, hazırda dünyada baş verən dəyişikliklər kontekstində çağırışlarla mübarizə aparmaq üçün verdiyiniz qərarların ölçüsünə görə böyüksünüz. Üstəlik, Allaha inamınız və sədaqətli Azərbaycan xalqına güvəniniz Sizi bu sınaqların öhdəsindən gəlmək üçün möhkəm qala içində qoruyur və qələbənin Tanrıdan gəldiyindən əmin edir".
Ulu Öndərin 100 illik yubileyi ilə bağlı Azərbaycan Prezidentinə ünvanlanan təbriklərin hər bir cümləsində Heydər Əliyev müdrikliyi, böyüklüyü görünür. Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, İordaniyanın Dinlərarası Birgəyaşayış Araşdırmalar Mərkəzinin sədri Nəbil Həddad və başqalarının təbriklərində türk dünyasının böyük oğlu, adı ən nüfuzlu tarixi şəxsiyyətlərlə yanaşı çəkilən, həyatı və fəaliyyəti ilə nəsillərə örnək olan Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlər bir daha göz önünə çəkilir.
Ümummilli Lider Heydər Əliyev 1990-cı illərin əvvəllərində vətəndaş müharibəsi, parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşan Azərbaycanı uzaqgörənliyi, müdrikliyi və siyasi liderliyi sayəsində qısa müddətdə sürətli inkişaf yoluna çıxardı. Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış görkəmli dövlət xadiminin qoyduğu irs ilə hər azərbaycanlı fəxr edir Bu gün Azərbaycan Cənab İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyevin müəyyənləşdirdiyi yolla irəliləyərək daha uğurlu gələcəyə doğru addımlaıyr. Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi Qələbə qazanaraq torpaqlarını işğaldan azad etdi. Ölkəmiz dövlət başçısının rəhbərliyi ilə bölgədə yeni reallıqlar yaradıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclü iqtisadiyyata, dinamik inkişafa, dünya dövlətləri sırasında xüsusi imicə malik olan ölkəmiz dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən ölkəsi kimi müasir dünyanın çağırışlarına cavab olaraq yeni dövrünü yaşayır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB