"Görüş Azərbaycan diplomatiyasının uğurudur" - POLİTOLOQ ŞƏRH ETDİ

"Görüş Azərbaycan diplomatiyasının uğurudur" - POLİTOLOQ ŞƏRH ETDİ

“Dünən Brüssel görüşünün formatına, eyni zamanda danışıqlar zamanı tərəflərin əldə etdiyi nəticələrə nəzər yetirdikdə bir neçə aspektdən Azərbaycanın müəyyən uğurlar və dividentlər əldə etdiyi qənaətindəyəm. Bu cür üçlü formatda görüş sonuncu dəfə 2022-ci ilin avqust ayında keçirilmişdi. Hətta o görüşdən sonra həm Ermənistan tərəfindən, həm də Azərbaycan tərəfindən sülhə doğru müəyyən ümidverici bəyanatlar səsləndirilirdi ki, Avropa İttifaqının təşəbbüsü ilə artıq regiona sülh gətiriləcək. Eyni zamanda, həmin görüşdə o da qeydə alınmışdı ki, sülh prosesinin tezləşdirilməsi üçün bu cür görüşlər tez-tez keçirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev deyib.

Onun sözlərinə görə, tərəflər müəyyən razılaşmalar əldə etməlidir: “Ermənistanın Baş Naziri Nikol Paşinyan isə üçlü formata dördüncü bir tərəfi, yəni Fransanı da əlavə etmək istədi. Amma Azərbaycan Prezidenti İlham Əliyev buna qəti şəkildə etriazını bildirdi. O, Emmanuel Makron növbəti Brüssel görüşünə qatılacağı təqdirdə özünün iştirak etməyəcəyini də qeyd etdi. Azərbaycanın haqlı etirazı nəticəsində avqust ayından dünənki tarixə qədər üçlü görüş baş tutmadı. Nəhayət, dünən Fransanın iştirakı olmadan belə bir görüş keçirildi. Mənə görə bu, Azərbaycan diplomatiyasının və Prezidentinin uğuru kimi qəbul olunmalıdır.

Bildiyiniz kimi, bir müddət əvvəl Azərbaycan tərəfi Laçın yolunda nəzarət-buraxılış məntəqəsi quraşdırdı”.

Politoloq sözlərinə davam edərək bildirib ki, bundan sonra Ermənistan və ona havadarlıq edən dövlətlər Azərbaycana qarşı müəyyən bəyanatlar səsləndirməyə başladılar: “Azərbaycandan öz suveren ərazisində quraşdırdığı bu məntəqəni aradan qaldırmasını istədilər. Amma rəsmi Bakı bu məsələdə də öz qətiyyətli mövqeyini ortaya qoydu. Diqqətimi cəlb edən məqamlardan biri də bu idi ki, dünənki görüşdə məhz Laçında quraşdırılmış nəzarət-buraxılış məntəqəsi müzakirə olunmadı. Bu da ondan xəbər verir ki, artıq həm Ermənitsan, həm də Avropa Birliyi Azərbaycanın öz suveren hüququndan istifadə edərək atdığı bu addımı qəbullanmaq məcburiyyətində qalıb.

Dünən baş tutan görüşdən sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel jurnalistlərə açıqlamasında bildirdi ki, tərəflər artıq 1991-ci ildə qəbul olunmuş Alma-Ata bəyannaməsi ilə razılaşıb. Həmin bəyannamədə hər iki dövlətin ərazi bütövlüyü tam olaraq göstərilir. Bugünkü gündə Ermənistan Azərbaycanın 1991-ci ildəki ərazi bütövlüyünü qəbul edirsə, bu o deməkdir ki, həm rəsmi İrəvan, həm Brüssel, həm də digər beynəlxalq təşkilatlar dövlətimizin sərhədlərini tanıyırlar. Əgər Qarabağı Azərbaycan ərazisi olaraq tanıyırlarsa, demək oradakı erməniləri də Azərbaycan vətəndaşları olaraq qəbul edirlər. Bu da bir nailiyyətdir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə