Separatçıların qəbul etməli olduqları YENİ REALLIQLAR – TƏHLİL

Separatçıların qəbul etməli olduqları YENİ REALLIQLAR – TƏHLİL

Azərbaycanın qələbəsi, Ermənistanın isə rüsvayçı məğlubiyyəti ilə 44 günlük müharibənin başa çatmasından, üçtərəfli bəyanatın imzalanmasından iki ildən də artıq vaxt keçməsinə baxmayaraq, nə erməni separatçıları özlərini məğlub kimi aparırdılar, nə də rəsmi İrəvan üçtərəfli bəyanata məhəl belə qoymurdu. Görürdük ki, ermənilər ərazilərimizdə qalan separatçıların qalıqlarına silah-sursat daşımaqda davam edir və buna olunan etirazları isə başa düşmək istəmirdilər. Rəsmi Bakının dəfələrlə bu barədə xəbərdarlığına baxmayaraq nəticə çıxarmayan ermənilər indi artıq nəzarət-keçid məntəqəsini gördükləri zaman lazımi nəticə çıxarmaq, yeni reallıqlarla hesablaşmaq məcburiyyətində qaldılar və göründüyü kimi bu addım həqiqətən də tam zamanında atılmış oldu.

Ötən ilin 12 dekabr tarixindən etibarən Laçın yolunda ekoaktivistlərin etiraz aksiyası başladığı zaman separatçılar artıq öz nəticələrini çıxarmalı idilər. Dərk etməli idilər ki, onların hədsizlikləri həm nəzarət altındadır, həm də buna imkan verilməyəcək. Anlamalı idilər ki, etiraz aksiyalarına başlanılması ilə faktiki olaraq nəzarət Azərbaycan tərəfinə keçib və artıq yeni situasiya ilə barışmaq məcburiyyətindədirlər. Amma biz bunun əksini müşahidə etdik. Müşahidə etdik ki, ermənilər heç də nəticə çıxarmaq fikrində deyillər və elə zənn edirdilər ki, hərmişəki kimi Ermənistandan silah-sursat, hərbi texnika, minalar və canlı qüvvə daşıyacaqlar, istənilən şəxs də rahat şəkildə Azərbaycan ərazisinə girib-çıxa biləcək. Deməli, özlərini qanmazlığa qoyanları daha kəskin şəkildə başa salmaq tələb olunurdu və belə də oldu, nəzarət-keçid məntəqəsinin yaradılması ilə qandırıldı ki, bundan sonra ağıllarına gələni etməyə imkan verilməyəcək və yeni reallıqla hesablaşmalıdırlar.

Doğrudur, ekoaktivistlərin aksiyaları başladığı andan etibarət Laçın yolunda nəzarət gücləndirilmişdi. Qanunsuz daşımalara da imkan verilmirdi. Hətta Ermənistan ərazisindən silah-sürsat daşınmasının da bu yolda qarşısı alınmışdı. Lakin müşahidə olundu ki, separatçılar qanunsuz daşımaları - silah-sursat, hərbi texnika, mina və canlı qüvvə daşımalarını hansısa xəlvəti yollarla həyata keçirmək niyyətindədirlər və bu əməllərinin də şahidi olduq. Şahidi olduq ki, separatçılar torpaq yollardan istifadə etməklə, özü də sülhməramlıların müdafiəsi ilə öz çirkin niyyətlərini həyata keçirməkdə, erməni silahlılarının Qarabağ ərazisindəki qalıqlarını silah-sursatla, əlavə canlı qüvvə ilə təmin etməkdədirlər. Bunun isə yaxşı heç bir nəticə verməyəcəyi nəinki güman edilirdi, dəfələrlə şahidi olduq ki, məhz belə əməlləri sayəsində təxribatlar törədildi, gətirdikləri minalar nə qədər vətəndaşımızın həyatını itirməsinə və şikəst olmasına, sağlamlığını itirməsinə səbəb oldu. Deməli, bunların yolları tamamilə kəsilməli idi və belə də oldu. Nəzarət-keçid məntəqəsinin yaradılması ilə əlləri hər şeydən üzüldü.

Bir qədər əvvəl Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar sayəsində separatçıların xəlvəti şəkildə istifadə etdikləri həmin o torpaq yollar da nəzarətə götürülmüşdü. Hətta separatçıların başda Ermənistan olmaqla, ümumilikdə xarici aləmlə əlaqələri də nəzarətdə saxlanılırdı. Bəlli oldu ki, onlar bundan da nəticə çıxarmadılar. Yenə də onların xəlvəti yollar axtardıqları müəyyən edildi. Müəyyən edildi ki, həmin separatçılar əlavə keçid yolları axtarşındadırlar və bu minvalla hələ daha hansı yollara əl atacaqları bəlli deyil. Deməli, bəlli oldu ki, separatçılar kor tutduğunu buraxmadığı kimi, öz çirkin əməllərindən əl çəkmək niyyətində deyillər və onların yolları tamamilə kəsilməsə hədlərini dərk edən deyillər. Elə bu baxımdan da nəzarət-keçid məntəqəsinin yaradılmasının aktuallığı, vacibliyi özünü təsdiq etdi və belə bir məntəqənin qurulması ilə onların əvvəlki ümidləri puça çıxdı. Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulması erməni separatçılarının, Qarabağ ərazisində gizlənən silahlıların qalıqlarının, ümumilikdə, hadisələri hərbi eskalasiyaya daşımaq istəyən ermənilərin əl-qolunu bağladı və hesablaşmalı olduqları reallıqla qarşı-qarşıya qoydu.

Öz suveren ərazilərini qanunsuz müdaxilələrdən qorumaq və sərhəd-keçid məntəqələrində nəzarəti təmin etmək Azərbaycanın hüququdur, haqqıdır. Ölkəmizin bu hüququna beynəlxalq ictimaiyyət də hörmətlə yanaşmalıdır. Sərhəd-keçid məntəqəsinin yaradılmasına və ərzilərin qanunsuz müdaxilələrdən qorunmasına eləcə də Ermənistan tərəfi də heç bir narazılıq belə ifadə edə bilməz. Əksinə, Ermənistan tərəfi Azərbaycanın suveren ərazisinə müdaxilə cəhdlərindən imtina etməli olduğunu gec də olsa anlamalıdır. Bilməlidir ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı cəhdləri dayandırmalı və bununla öz suverenliyini də, ərazi bütövlüyünü də təhlükələrə atmamalıdır.

Xatırladaq ki, Ermənistan Praqa və Soçi sənədləri ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Bu ölkənin baş naziri hər dəfə beynəlxalq səviyyəli görüşlər zamanı ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tanıdığını öz dili ilə ifadə də edib. Daxili auditoriyadan qorxduğu və çəkindiyi üçün, öz hakimiyyətini qorumağa çalışdığı üçün bəzən özünü elə göstərir ki, guya bunu unudub. Lakin bununla belə, imkan tapdığı zaman, özündə cəsarət tapıb bunu dilə gətirməyə də cəhd edir. Məsələn, parlamentdə sonuncu çıxışı zamanı Nikol Paşinyan rəsmi şəkildə bunu dilə gətirməli oldu və ölkəmizin ərazi bütövlüyünü tanımağın labüdlüyünü bildirdi. Doğrudur, söhbət Vovayeviçin dediklərinə etibar etməkdən getmir, amma hər bir halda, işğalçı ölkənin rəhbərinin belə bir şəkildə etirafı olduqca diqqət çəkən məqamdır. Deməli, artıq rəsmi İrəvan ölkəmizin ərazi bütövlüyünü qəbul etmək məcburiyyətində olduğunun fərqindədir və yeni reallıqla hesablaşmaqdan başqa çarənin olmadığını qəbul edir.

Diqqəti çəkən məqamlardan biri də ermənipərəst qüvvələrin bu anda hansı mövqedə olması və ya olacağıdır. Maraqlıdır, görəsən, Ermənistan hakimiyyəti, şəxsən Paşinyan özü Azərbaycanın ərazi bütövlüyünü tanımağın vacibliyini parlamentdə sonuncu çıxışı zamanı rəsmi şəkildə bəyan edirsə, o zaman ermənipərəstlər, ermənilərin havadarları nə fikirdə ola bilərlər? Bir halda ki, ermənilərin “başbilənləri” ölkəmizin ərazi btövlüyünü tanımaqdan başqa çıxış yolu görmürlər, o halda erməni təəssübkeşləri hansı üzlə bunun əksini ifadə edə, başqa mövqe nüçayiş etdirə bilərlər? Başda elə Makron və fransız bacıları olmaqla, bütün ermənipərəslər özləri də yeni reallıqla razılaşmaq məcburiyyətində olduqlarını anlamalıdırlar. Bundan sonra Azərbaycan ərazilərində kimlərinsə qanunsuz müdaxilələrinə yol verilməyəcəyini birdəfəlik qəbul etməlidirlər.

Sözsüz ki, separatçı rejim son günlərini yaşadığının fərqindədir, amma bununla belə ərazilərimizdə məskunlaşan erməni əsillilərin reinteqrasiyasına, Azərbaycan bayrağı altında yaşamağı qəbul etmələrinə mane olmaqdan vaz keçmək niyyətində deyil. Hətta həmin ərazilərimizdə yaşayan erməniləri buna görə təhdid də etdikləri bəllidir. Bununla belə həmin ərazilərdə yaşayan ermənilər bilməlidirlər ki, artıq separatçılara uymaq, onlara aldanmaq onların özləri üçün böyük fəlakət deməkdir. Onlar özləri də yeni reallıqları qəbul etməlidirlər və məhz özləri separatçı rejimə qarşı çıxaraq öz müqəddəratlarını həll etməlidirlər. Rəsmi Bakı ərazilərimizdə məskunlaşmaq, yaşamaq istəyən ermənilər qarşısında iki yol qoyub, bunlardan biri Azərbaycan bayrağı altında yaşamaq, digər yol isə, bununla razılaşmayacaqları təqdirdə ərazilərimizi tərk etməkdir. Əslində, bu çox ədalətlidir və ermənilər bilməlidirlər ki, onlar üçün üçüncü bir yol olmayacaq və bu, ümumiyyətlə mümkün deyil. Çünki Azərbaycan öz ərazilərində ikinci bir erməni dövlətinin qurulmasına, yaradılmasına, eləcə də torpaqlarında ağalıq etməsinə imkan verməyəcək. Deməli, Azərbaycanın təklif etdiyi reinteqrasiya, bizim bayrağımız altında yaşamaq qaçılmaz reallıqdır və separatçıların təhlükəli oyunlarından imtina edib bunu qəbul etmək ən doğru seçimdir. Bir sözlə, Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulması, bununla da Azərbaycanın nəzarəti tamamilə ələ aldığı qəbul etməkdən başqa çarəsi olmayan yeni reallıqdır və bu reallıq qarşısında separatçılar da, onları dəstəkləyənlər də, ümumilikdə ermənipərəstlər də acizdirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə