“İtin duası qəbul olunsaydı, göydən sümük yağardı”. Bu, bir Atalar məsəlidir. Həqiqətən, hər kəsin duası müstəcəb olmur, hər insanın arzusu gerçəkləşmir, hər erməninin də istəyi həyata keçmir. Son vaxtlar tez-tez eşidirik, filan erməni ekspert bunu dedi, Ermənistanın spikeri bunu istədi, baş nazir bunu tələb etdi... Hər deyilənlərin də başına ip keçirməli olsaydıq vaxtımız boşa gedərdi. 44 günlük müharibədən sonra Ermənistan rəhbərliyində və eyni zamanda ermənilərdə sərsəmləmələr kifayət qədər çox oldu, bəzən keçirilən danışıqlarda erməni rəhbərlərinin hərdəmxəyallığı diqqəti daha çox cəlb edirdi. Bunu Azərbaycandan aldığı zərbədən sonra xarakterik hal kimi dəyərləndirənlər də oldu. Amma bu ölkədə son günlər baş verənlər heç bir çərçivəyə sığmır. Ermənistanda bundan sonra kiminlə danışıqlar aparılacağını müəyyənləşdirmək də çətinləşir.
Hər iki ölkə qarşıdakı hadisələrə - sülh müqaviləsinin imzalanmasına hazırlıqla məşğuldur. Azərbaycan hələ ötən ilin əvvəlindən Ermənistana 5 baza prinsiplərinə söykənən sənəd təqdim edib və orada sülh müqaviləsinin beynəlxalq standartlara uyğun tərtib edildiyinə dair heç bir şübhə yoxdur. Ermənilərin bu sənədlə tanışlığından az qala il yarım keçir. Yalnız indi Paşinyan və onun komandası həmin sənədə reaksiya verməyə başlayıblar. Başları daşdan-daşa dəyəndən sonra anlayıblar ki, 29,8 min kvadrat kilometrlik ərazilərində yaşamağa qane olmaq şərtilə sülh müqaviləsinə imza ata və təhlükəsiz yaşaya bilərlər.
Amma Ermənistandakı maksimalist təbəqə iki ölkə arasında 30 ildən artıq davam edən münaqişəni, müharibəni ən çoxuna nail olmadan dayandırmaq istəmirlər. Bunun üçün bütün vasitələri sınaqdan çıxarmaq niyyətlərini gizlətmirlər. Əllərinə düşən bütün imkanları dövrəyə buraxırlar. Necə deyərlər, bir tərəfdən sülh istəyir, digər tərəfdən müharibəyə hazırlaşırlar. Ermənistanın Soçi, Brüssel və Vaşinqton platformalarında sülh axtarmaqla yanaşı İrandan, Hindistandan müxtəlif növ silahlar əldə etməyə çalışması, bu ölkələrə sifarişlər göndərməsi, müqavilələr imzalaması diqqətdən yayınmamalıdır. Ermənistan Azərbaycanla dost demirik, heç mehriban qonşuluq da demirik, heç olmasa normal beynəlxalq prinsiplər çərçivəsində yaşamaq istəyində olduğunu büruzə verən simptomlara da malik deyil. Dumanda yolu azaraq Ermənistanərazisinə keçən iki əsgərimizlə bağlı qaldırdıqları hay-küy, isterik hərəkətlər bunu deməyə əsas verir ki, Azərbaycanın işi hələ çox olacaq. Xəbis, riyakarlıq kimi yaşam tərzini özünə yol seçən ermənilərin də işi asan olmayacaq.
Ermənistanın təhsil, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan bu səhər ermənilərə “xoş” xəbər verib. Ki, ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı insidentə görə Ermənistan cərimə olunmayıb. Onun sözlərinə görə, nə Avropa Ağır Atletika Federasiyasına, nə də Beynəlxalq Ağır Atletika Federasiyasına bu məsələ ilə bağlı məktub daxil olmayıb. Halbuki bununla bağlı Azərbaycan Ağır Atletika Federasiyası Avropa Ağır Atletika Federasiyasına və Beynəlxalq Ağır Atletika Federasiyasına rəsmi müraciət ünvanlayıb. Azərbaycan bayrağını yandıran dizayner Aram Nikolyan saxlanılaraq İrəvanın Malatiya rayon polis şöbəsinə aparılıb. Sonra onun vəkili Aleksandr Koçubaev dizaynerin azadlığa buraxıldığını elan edib.

Ermənistandakı sorğu agentliklərindən birinin İrəvan küçələrində keçirdiyi sorğunun nəticələri həm maraqlı, həm də bu xalqın iç üzünü açmaq baxımından təəccüblüdür. Respondentlərin fikirləri ikiyə bölünüb, bəziləri Nikolyanı dəstəkləyib, bəziləri onun hərəkətini tənqid edib. Nikolyanın tərəfdarları olan yaşlı vətəndaş bildirib ki, “bu, erməni xalqını məhv edən xalqın bayrağıdır. Yaxşı elədilər ki, yandırdılar, mən özüm bu yaşda yandırardım, düzgün addım idi. Azərbaycanlılar insan deyillər”. “İnsanlarımızı öldürdülər, bu qədər ermənini qırdılar, bütün bunlardan sonra bayrağı yandırmağın heç bir dəyəri yoxdur, çox sağolun”, - başqa bir vətəndaş deyir. Bu addıma qarşı çıxan vətəndaşlar qeyd ediblər ki, bayraq yandırmaq heç nəyi dəyişməyəcək, əksinə Ermənistanın beynəlxalq nüfuzuna, reytinqinə mənfi təsir göstərəcək. “Bu, bizə yaraşmır, siyasət hər yerdə həyata keçirilə bilməz, bu, aşağı səviyyəli addımdır”, - deyə respondent vurğulayıb. Bu addımı tənqid edənlər qeyd etdilər ki, biz dünya ictimaiyyətinə sabit inkişaf etmiş ölkə olduğumuzu göstərməliydik.
Bir tərəfdə yolu azaraq Ermənistan ərazisinə keçən əsgərlərimizə qarşı qeyri-insani hərəkətlər edilir, iki gün keçməmiş idman yarışları zamanı bayrağımız yandırılır, Azərbaycana qarşı nifrət körüklənir, bu gün isə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu və sülh istədiyini deyir. “Ermənistan və Azərbaycan arasında sülh sazişi o zaman realdır ki, hər iki ölkə aydın şəkildə, qeyri-müəyyənlik və hiylə olmadan bir-birinin ərazi bütövlüyünü tanısın və bu gün və əbədi olaraq bir-birinə ərazi iddiaları irəli sürməməyi öhdəsinə götürsün”, - Paşinyan bildirib. O, bu barədə Azərbaycan prezidenti ilə Praqa və Soçi görüşlərində razılaşdığını bəyan edib.
Belə görünür ki, həm İrəvandan, həm də Bakıdan rəsmi açıqlamalar var, amma qarşı tərəflər bir-birlərini razılaşmalara əməl etməməkdə ittiham edir. Paşinyan bir daha təsdiq etmək istəyib ki, Ermənistan öz ərazi bütövlüyünü tam şəkildə tanıyır və Ermənistan SSR ərazisini Ermənistan ərazisi kimi tanımaqla Azərbaycanın da eyni addımı atmasını gözləyir. Buna inanaqmı? Ermənistanın bir oyun qurmadığını necə müəyyən edə bilərik? Çünki, hərdəmxəyallar, başıpozuqlar, xəbis və riyakarlar ölkəsidir.
Paşinyan bildirib ki, Azərbaycanın danışıqlar zamanı Ermənistanın ərazi bütövlüyünü tanımaqdan imtina etməsi ilə bağlı iddiaları həqiqətə uyğun deyil və Ermənistan ərazi bütövlüyünün əsası kimi SSRİ-də hazırlanmış Ermənistan və Azərbaycan SSR ərazilərinin xəritələrinin müqaviləyə əlavə edilməsi təşəbbüsü ilə çıxış edib. Paşinyan həm də bunu Ermənistan və region üçün sülh formulu adlandırıb. Ermənistanın baş naziri vətəndaşlara qismən ağrılı olacaq kompromis həllərin mahiyyətini çatdırmaqda, yəni həqiqəti söyləməkdə çətinlik çəkdiyini də etiraf edib. Əlavə edib ki, beynəlxalq ictimaiyyət 29800 kv.km ərazinin tanındığını açıq şəkildə bəyan etdikdə Ermənistan və region üçün sülh gələcək. Ermənistan isə bəyan edəcək ki, onun heç bir ölkəyə ərazi iddiası yoxdur. Bunu baş nazir Nikol Paşinyan parlamentdə 2022-ci il üçün hökumət proqramının icrası ilə bağlı hesabatı təqdim edərkən bir daha bildirib.
Biz bu yazının bir az əvvəlində Ermənistan rəhbərliyinin və ermənilərin zehniyyət cəhətdən nə qədər geridə qaldıqlarını demişdik. Bir daha təkrar etməkdə fayda var deyə, bildirək ki, hələ il yarım bundan əvvəl, Azərbaycan tərəfi Ermənistana ünvanladığı 5 baza prinsipindən ibarət sülh müqaviləsində ermənilərin bu gün razılaşdığı məqamlar yazılmışdı. Azərbaycan qalib ölkə kimi Ermənistana regionda davamlı sülh, inkişaf olsun deyə əl uzadır. Başı əzilməli, yurdu-yuvası tar-mar edilməli, bizə qarşı etdikləri pisliklərə görə bədəl ödəməli olan ermənilər isə hələ də şərtlərlə razılaşmaq istəmirlər, üstəlik öz şərtlərini irəli sürmək kimi cəsarətlənirlər.
Paşinyan parlamentdə çıxışı zamanı bildirib ki, əgər bütün bunlar edilməsə, yəni Ermənistana təklif olunan şərtlər qəbul olunmasa, o zaman heç kim Ermənistanın inkişafına imkan verməyəcək, “biz inkişaf edirik, güclənirik” faktı ilə barışmayacaq, çünki bunun onlara qarşı yönəldiyini düşünəcəklər. Baş nazirin sözlərinə görə, belə şəraitdə digər ölkələrin gündəmində olan Ermənistan dövlətinin mövcudluğu şübhə altına düşəcək.
Ermənistan anlamalıdır ki, sülhə nail olmaq dörd qonşu ölkə ilə normal münasibətlərin olması deməkdir. Gürcüstan və İran məsələsində söhbət əməkdaşlığın daha da dərinləşdirilməsindən gedir, daha çox Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması gərəkliyini İrəvandakılar anlamaq zorundadırlar. Paşinyan bu tapşırığın nə dərəcədə real olduğunu, Azərbaycanın hərəkətlərinin nə dərəcədə sülhün möhkəmlənməsinə yönəldiyi təftiş etməklə məşğuldur. Amma zaman qısalır, Azərbaycanın sülhü gözləməsi üçün vaxtı yoxdur. Paşinyan hökuməti isə özünü qorumaq instiktinə sahib olduğunu hər addımda etdiyi ehtiyatlı davranışı ilə büruzə verməyə çalışır. Baş naziri siyasi və diplomatik sahədə kompromislər əldə olunmasından sonra, bunun vətəndaşlar üçün nə dərəcədə məqbul olacağı düşündürür. Düşünür ki, reallıq maksimalistlər üçün qismən ağrılı olacaq, amma başqa variant da yoxdur.
Qeyd edək ki, Ermənistan-Azərbaycan danışıqlar prosesi əsas istiqamətlər üzrə aparılıb: sülh və Ermənistan-Azərbaycan münasibətlərinin qurulması haqqında saziş, regionda nəqliyyat və iqtisadi kommunikasiyaların blokunun açılması, sərhədlərin müəyyən edilməsi və təhlükəsizlik, humanitar məsələlər.

Bu məsələlərin müzakirəsi üçün Azərbaycan Prezidenti və Ermənistanın baş naziri nin iştirakı ilə Avropa Şurası prezidentinin vasitəçiliyi ilə 3 üçtərəfli görüş keçirilib (6 aprel, 22 may və 31 avqust 2022-ci ildə Brüsseldə), Avropa Şurası Prezidentinin və Fransa Prezidentinin vasitəçiliyi ilə 1 dördtərəfli görüş (6 oktyabr 2022-ci ildə Praqada) və Rusiya Federasiyası Prezidentinin vasitəçiliyi ilə 1 üçtərəfli görüş (31 oktyabr 2022-ci il) keçirilib. Soçidə). 18 fevral 2023-cü il tarixində Münhendə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə növbəti üçtərəfli görüş keçirilib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin Xarici Əlaqələr üzrə müşaviri Hikmət Hacıyev ABŞ və Aİ-nin vasitəçiliyi ilə 4 dəfə, Rusiya Federasiyasının vasitəçiliyi ilə Ermənistan və Azərbaycanın baş prokurorları iki dəfə görüşüblər. Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Rusiya Federasiyası, ABŞ və digər tərəfdaşların vasitəçiliyi ilə 6 dəfə görüşüb.
İndi gözlər masadadır, münaqişə və müharibənin sonu diplomatik vasitələrlə həll edilməyə gedir. Azərbaycan sülh prosesi üçün bütün variantları təklif edir, Ermənistan isə məsələyə tərəddüdlə yanaşır. Yekun qərar verməkdə çətinlik çəkir. Çünki, terrora meylli cəmiyyətdən “tarixin təkrar olunması”nı hər an gözləmək olar.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB