Yarışlar dayandırılmalı, Ermənistana sanksiya tətbiq edilməlidir – DEPUTATIN ŞƏRHİ
“Beynəlxalq idman yarışında təxribat törətmək, Azərbaycan bayrağını yandırmaq açıq nifrətdir. İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması cinayətdir və Ermənistanın dini və milli ayrıseşkiliyinin çirkin təzahürüdür. Baş vermiş barbarlıq erməni xislətindən, azərbaycanlılara düşmənçilikdən doğan münasibətdir. Sülhə və əməkdaşlığa tərəfdar olan Azərbaycandan fərqli olaraq Ermənistan münaqişənin davam etməsində maraqlı olduğunu göstərir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
A.Hüseynov bildirib ki, baş verən bu barbarlıq regionda sülhü təhdid edir: "Avropa İttifaqı Ermənistanın bu cür davranışını, təxribatçı əməllərini və azərbaycanlılara qarşı qeyri-sivil münasibətini qınamalıdır. Beynəlxalq idman təşkilatları, xüsusilə Avropa Ağır Atletika Federasiyası Ermənistana sanksiya tətbiq etməli və bu ölkəyə qarşı ciddi tədbirlər görülməlidir. Bundan sonra Ermənistanda hər hansı bir beynəlxalq tədbir və ya idman yarışları keçirilməməlidir. Baş verənlərdən də görünür ki, Ermənistan iştirakçıların təhlükəsizliyinə təminat verə bilmir. Baş verənlər sıradan bir hadisə deyil. Həm də nəzərə almaq lazımdır ki, cinayəti törədən şəxs sıradan biri deyil, bu yarışların təşkilati işlərinə baxanlardan biridir. Ermənilər bu davranışı ilə azərbaycanlı əsir, girovlarla necə rəftar etdiyini bir daha ortaya qoydu. Dumana düşərək yolu azan və Ermənistan ərazisinə keçən əsgərimizə qarşı iftiralar, şər, böhtan kampaniyası aparmaq və onu hansısa cinayətdə suçlamaq yalnız ermənilərə xas olan xüsusiyyətdir. Bayrağımızın yandırılması ilə erməni cəmiyyətinin və Ermənistanın azərbaycanfobiyası və türkfobiyası bir daha ifşa olundu. Ermənistan Azərbaycanla sülh içində yaşamağa hazır deyil. Onlara xas olan genetik revanş hissləri hələ ölməyib. Belə görünür ki, Paşinyan hakimiyyəti Ermənistan cəmiyyətini sülhə hazırlamaqda çətinlik çəkir, yaxud siyasi hakimiyyətlə ordu arasında ikitirəlik var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB