"Ermənistanın nazı ilə oynamayacağıq" - POLİTOLOQ ŞƏRH ETDİ

"Münxen Təhlükəsizlik Konfransının nəticələrini Azərbaycan üçün uğurlu saymaq olar".Bu sözləri SİA-ya açıqlamasında Politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, bu konfrans qərarların qəbulu yeri olmasa da, bu və ya digər məsələlərin müzakirəsi baxımından mühüm beynəlxalq platformadır: "Son 59-cu Konfransda dünyanın siyasi və iqtisadi elitasının 800 nəfərdən çox təmsilçisinin iştirak etdiyini nzərə alsaq deyə bilərik ki, Azərbaycan prezidentinin bu tədbirdə iştirakı ölkəmizin maraqlarının müdafiəsi və haqlı mövqeyinin beynəlxaq ictimaiyyətə çatıdırlması baxımından olduqca əhəmiyyətli oldu. Ölkə başçısının ABŞ dövlət katibi, Avropa İttifaqı Şurasının Prezidenti, ATƏT-in Baş katibi, Avropa İnvestisiya Bankının prezidenti, İsrail Dövlətinin müdafiə naziri və digər rəsmi şəxslərlə keçirdiyi görüşlər, eləcə də “Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada və "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda iştirakı ölkəmiz üçün Konfransın əhəmiyyətini daha da artırmış oldu. Münxen Konfransının ölkəmiz üçün vacib məqamlarından biri heç şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilən görüş və eləcə də üç Cənubi Qafqaz ölkəsiz liderinin iştirakı ilə keçirilən Plenar iclas oldu.
Keçirilən hər iki görüşü ümumilikdə konstruktiv adlandırmaq olar. Çünki Prezident İlham Əliyevin görüşdən sonra mətbuat üçün verdiyi açıqlamadan məlum olur ki, görüşdə bir çox məsələlər, o cümlədən də Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, sazişin imzalanması üçün lazım olan şərtlərin mövcudluğu müzakirə olunub".

Politoloq sözlərinə əlavə edərək qeyd edib ki, şəxsi qənaətim ondan ibarətdir ki, Ermənistan hələ də sülhə hazır deyil: " Bunu istər Blinkenlə görüşdə, istərsə də plenar iclasda Paşinyanın çıxışındakı ritorika da sübut edir. Açığını demək lazımdır ki, sülh razılaşmasına mane olan təkcə Ermənistan da deyil. Təəsüf ki, bu gün danışıqlarda vasitəçi qismində çıxış edən ölkələrin və qurumların da regionda sülh istədiklərini demək olmur. Çünki hər birinin öz məqsədləri və münaqişədə vasitəçi qismində çıxış edərək öz maraqlarını təmin etmək niyyəti var. Bu baxımdan da sözün əsl mənasında neytral vasitəçilərə ehtiyac var. Azərbaycan-Ermənistan münasibətlərində hər nə qədər öz maraqları olsa da, region ölkəsi olaraq Gürcüstan müvafiq fəaliyyəti həyata keçirə bilər. Gürcüstan özü bununla bağlı təşəbbüslə çıxış edib. Hətta Gürcüstanın vasitəçiliyi ilə Azərbaycanda saxlanılan erməni hərbi qulluqçularla mina xəritələrinin mübadiləsi də baş verib.

Amma yenə deyirəm kimin vasitəçiliyindən asılı olmayaraq Ermənistan özü sülhdə maraqlı olmayana qədər sülh sazişinin imzalanması problem olaraq qalacaq. Odur ki, sülh sazişini gözləmədən müvafiq addımların atılması lazımdır. Yəni başqa sözlə desək üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərin icrası üçün hərəkətə keçməyin vaxtı çatıb. Bura beynəxlaq səviyyədə tanınan sərhədlər daxilində öz sərhədlərimizin möhkəmləndirilməsindən tutmuş erməni hərbi birləşmələri ərazilərimizdən çıxarmaq üçün hərbi əməliyyatlara qədər bir sıra addımlar daxildir. Elə haqqında danışdığımız Münxen konfransında prezidentin çıxışları da onu deməyə əsas verir ki, rəsmi Bakı Ermənistanın nazı ilə daha otuz il oynamaq fikrində deyil".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə