“Biz qardaşıqsa, bu faciə elə bizim də başımıza gəlib deməkdir” - ÇİNGİZ QƏNİZADƏ
“Biz bütün türk qardaşlarımız kimi bu kədərli hadisənin acısını yaşamaqda davam edirik. Bu, çox ağır bir hadisədir. Hər xilas edilən insanın sevincinə biz də şərikik”. Bu sözləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, Türkiyə 95 ölkədən yardım təklifi olsa da, ilk addımı Azərbaycan atdı: “Biz dünən də, bu gün də və gələcəkdə də qardaş Türkiyənin yanındayıq. Artıq Azərbaycan könüllüləri hadisə yerindədir və insanlara müəyyən fiziki-psixoloji yardımlar göstərirlər”.
Çingiz Qənizadə sözlərinə belə davam edib: “Görünən odur ki, bu binaların tikilməsində ciddi səhlənkarlıqlar olub. Hətta bunu səhlənkarlıq yox, cinayət adlandırmaq lazımdır. Burada ciddi nəzarət olmalı idi. Bu şəxslər mütləq ki, cəzalandırılacaq. Amma bu, canından olmuş insanları yenidən həyata qaytarmayacaq.
Bu fəlakət Türkiyə iqtisadiyyatına, siyasətinə və cəmiyyətinə böyük bir şok yaşatdı. Amma Türkiyə bundan da başıuca çıxacaq. Faciənin niyə belə böyük və dağıdıcı olmasına isə ölkənin aidiyyatı qurumları qiymət verəcək. Başımız sağ olsun. Mən Azərbaycanı Türkiyədən ayırmıram. Biz qardaşıqsa, bu faciə elə bizim də başımıza gəlib deməkdir. Allah ölənlərə rəhmət etsin, yaralılara da şəfa versin”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB