"100 il öncə bu gün Azərbaycanda ali məhkəmə orqanı bərqərar olub" - SƏDR ÇIXIŞ EDİB

"1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətində demokratik hüquq sisteminin formalaşması, mütərəqqi məhkəmə islahatının aparılması üçün önəmli addımlar atılmış, lakin təəssüf ki, ölkənin işğalı bu taleyüklü işlərin başa çatdırılmasına, ali məhkəmə orqanının yaradılmasına imkan verməmişdi. Düz 100 il əvvəl məhz bu gün Azərbaycanda ali məhkəmə orqanı bərqərar olmuşdur". SİA xəbər verir ki, bu sözləri Ali Məhkəmənin 100 illiyinə həsr olunan beynəlxalq konfransda ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sovet hakimiyyəti illərində keşməkeşli yollar qət edən məhkəmə-hüquq sistemimizin dayanıqlı fəaliyyəti ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişi dövrünə təsadüf edir: "Ədalət, qanunçuluq və hüquq qaydalarının təminatını hər zaman üstün tutan Heydər Əliyev «ədaləti ədalətsizliklə bərpa etmək olmaz» - deyərək qanunun aliliyini əsas meyar saydı.

Cinayətkarlığa, korrupsiyaya qarşı SSRİ məkanında ilk dəfə aşkar və cəsarətli çıxış edərək barışmaz münasibət göstərdi, vətəndaş məmnunluğunu təmin etdi.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra xalqın tələbi ilə hakimiyyətə qayıdan dahi öndər Heydər Əliyev demokratik, hüquqi dövlətin təməlini qoydu və mütərəqqi hüquqi islahatlar həyata keçirildi.

Yeni, müasir qanunlar və məcəllələr qəbul olundu, üçpilləli müstəqil məhkəmə sistemi və bu hakimiyyətdə mühüm rol oynayan Ali Məhkəmə formalaşdırıldı.

Məhkəmələrə insan haqlarının qorunması ilə bağlı müstəsna səlahiyyətlər verildi, Azərbaycan postsovet məkanında qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyətini məhkəməyə verən və bununla da "Habeas Corpus" prinsipini tətbiq edən ilk dövlətlərdən oldu. Humanizm prinsiplərinə sadiqlik göstərilərək şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv olundu.

Həmçinin, Ali Məhkəmə demokratik cəmiyyətə xas olmayan nəzarət funksiyalarından azad edildi və onun sırf kassasiya instansiyası kimi yalnız hüquqi məsələləri araşdırması və prosesdə vəkilin mütləq iştirakı təsbit olundu".

Bütün xəbərlər Facebook səhifəmizdə