Nə Fransa Aİ demək deyil, nə də Aİ Fransanın özəl siyasi əmlakı sayılmır! ŞƏRH+AKTUAL

Dünyada cərəyan edən qlobal siyasi-iqtisadi kataklizmlər, böhranlar isə durmadan artır və söz yox ki, Azərbaycanın mövqeyi və etibarlılıq prinsipinə arxalanan Avropa İttifaqı ölkələri, hətta rəsmi olarsa belə, Parisin tələblərinə əhəmiyyət verməyəcəklər

Təqribən bu yaxınlarda energetika üzrə avrokomissar Kadri Simson Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bəyan etdi ki, Brüssel Azərbaycanın yardımını yüksək qiymətləndirir və onunla energetika sahəsi üzrə əməkdaşlığın genişləndirməsinə hazırdır. 2022-ci ilin oktyabrında Sofiyada Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bəyan etdi ki, Bakı 2027-ci ildə Avropanın qaz təchizatını 20 milyard kubametr və daha çox ikiqat artırmağı planlaşdırır. Əbəs deyil ki, həmin mərasimdə iştirak edən Avrokomissiyanın sədri Ursula fon der Lyayen Azərbaycanı Aİ-nin etibarlı və həlledici partnyoru adlandırıb.

Fransalı senator Bruno Retayo açıq şəkildə bəyan edir ki, o, Aİ ilə Azərbaycan arasındakı enerji əməkdaşlığının genişləndirməsi planına qarşıdır

Lakin daha bir məqam budur ki, bir çox sağlam düşüncəli avropalı siyasilərdən başqa onların arasında tamamilə əks istiqamətdə qənaətə gələnlər də var və onların bir çoxu nədənsə fransız deputatlarıdır. Daha dəqiq vurğulasaq, anti-Azərbaycan düşüncəli fransız deputatlar.

Misal üçün, fransalı senator Bruno Retayo açıq şəkildə bəyan edir ki, o Aİ ilə Azərbaycan arasındakı enerji əməkdaşlığının genişləndirməsi planına qarşıdır. Əbəs deyil ki, o, bu planı “ermənilərin kürəklərinə vurulan zərbə” kimi qiymətləndirib. Üstəlik, Fransada bu cür düşünən bir şəxslər var ki, onlar məhz zəngin erməni diasporundan qidalanırlar. Əslində, bu kimi təxribat xarakterli bəyanatlarla çıxış edən fransız deputatların erməni diasporundan yararlanmamalarını düşünmək doğru olmazdı, əks halda, bir fransız deputatın Aİ ilə münbit əməkdaşlıqlar quran uzaq Azərbaycanla prinsip aparmasına nə halət olardı..?

İqor İqnatçenko: “Unutmayaq ki, bir sıra fransız siyasətçilərin ayrı-ayrılıqda səsləndirdikləri fikirləri Fransa prezidentinin və hökumətinin rəsmi mövqeyi kimi qiymətləndirmək olmaz”

SİA xəbər verir ki, rusdilli auditoriyaya məxsus caliber saytı da həmin mövzuya toxunaraq Rusiyanın tanınmış frankoşünası, tarix elmləri namizədi, Rusiya Elmlər Akademiyasının İctimai elmlər institutunun dosenti İqor İqnatçenkodan mövzu ilə bağlı münasibət öyrənib.

Məhz o da xatırladıb ki, “Respublikaçılar” partiyasını təmsil edən Retayo təmsil olunduğu qanunverici qurum vasitəsi ilə Fransanın Cənubi Qafqazda ermənipərəst siyasət yürüdən aparıcı senatorudur. “Retayo eyni zamanda Fransa senatının “Dağlıq Qarabağ” üzrə beynəlxalq informasiya qrupunun sədridir. O, 2020-ci ildə, Fransa parlamentinin yuxarı palatasında “Dağlıq Qarabağın müstəqilliyinin tanınması” haqqında qətnamənin qəbul olunması üçün canfəşanlıq göstərən əsas təşəbbüskarlardan biridir”, deyə İqnatçenko xatırladıb.

Rusiyalı politoloq hesab edir ki, senatda Ermənistanın maraqlarından çıxış edən ayrıca qrup fəaliyyət göstərir və onlar parlament üzərindən Fransa hökumətinə təzyiqlər göstərirlər. SİTAT: “Bundan əlavə, unutmayaq ki, bir sıra fransız siyasətçilərin ayrı-ayrılıqda səsləndirdikləri fikirləri Fransa prezidentinin və hökumətinin rəsmi mövqeyi kimi qiymətləndirmək olmaz.

Lakin Fransanın son vaxtlar kifayət qədər gərgin və demək olar ki, düşmənçilik münasibəti göstərdiyi Azərbaycanı Türkiyənin proksi-gücü kimi görməsi başqa məsələdir. Situasiya ağırlaşır və bununla yanaşı, Fransa prezidenti Emmanuel Makronun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla şəxsi münasibətləri də artıq çox aşağı səviyyədədir. Ona görə Makronun prezidentliyi dövründə Fransa ilə Azərbaycan arasında münasibətlərin yaxşılaşacağını ehtimal etmək çox çətindir”.

“Mövcud mərhələdə fransız hökumətinin Brüsselin Bakı ilə razılaşmasını pozması yönündə Aİ-yə təzyiq göstərəcəyi çətindir”

Onun sözlərinə görə, Aİ-nin Azərbaycanla münasibətlərini korlaya və enerji əməkdaşlığını poza biləcək ermənipərəst mövqe tutub-tutmayacağını demək çətindir.

SİTAT: “Birincisi, ayrı-ayrı şəxslərin bəyanatlarını rəsmi Parisin mövqeyi kimi hesab etmək heç cür olmaz. Ona görə də, mövcud mərhələdə fransız hökumətinin Brüsselin Bakı ilə razılaşmasını pozması yönündə Aİ-yə təzyiq göstərəcəyi çətindir. Bundan başqa, Aİ enerji təhlükəsizliyi və enerji resurslarının diversifikasiyasının təchizatı problemindən narahatdır. Belə bir praqmatik yanaşmanın nə qədər saxlanılacağını isə hələ gələcəkdə aydınlaşdırmaq lazım olacaq. Lakin düşünürəm ki, indi Fransanın Azərbaycanla enerji əməkdaşlığı məsələsində Aİ ilə qarşıdurmaya gedəcəyi barədə danışmaq çox tezdir”, İqnatçenko sonda bildirib.

Aİ-də elə ölkələr təmsil olunur və deputatlar da var ki, onlar rəsmi Bakının Avropanın enerji təhlükəsizliyinin təminatı yönündəki fəaliyyətini paralel olaraq həm də xilasları kimi görürlər

Göründüyü kimi, buradan həm də belə bir nəticə hasil etmək olar ki, əslində, Fransa, yaxud daha dəqiq desək, ayrı-ayrı fransız ermənipərəst deputatlarının Azərbaycanın Aİ ilə enerji sahəsindəki əməkdaşlığına qarşı hər hansı təsir göstərmək gücləri elə də ciddi əhəmiyyət daşımır. Çünki nə Fransa Avropa İttifaqının tamamı deyil, nə də Avropa İttifaqı Fransanın tamamı, ya da özəl siyasi əmlakı sayılmır. Bu gün Aİ-də elə ölkələr təmsil olunur və deputatlar da var ki, onlar rəsmi Bakının Avropanın enerji təhlükəsizliyinin təminatı yönündəki fəaliyyətini paralel olaraq həm də xilasları kimi görürlər. Dünyada cərəyan edən qlobal siyasi-iqtisadi kataklizmlər, böhranlar isə durmadan artır və söz yox ki, Azərbaycanın mövqeyi və etibarlılıq prinsipinə arxalanan Aİ ölkələri, hətta rəsmi olarsa belə, Parisin tələblərinə əhəmiyyət verməyəcəklər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə