İranın diplomatik korpusu Azərbaycandan çıxarılır? - MÜNASİBƏT BİLDİRİLDİ

İranın diplomatik korpusu Azərbaycandan çıxarılır? - MÜNASİBƏT BİLDİRİLDİ

"Məlum terror hadisəsidən sonra Azərbaycan Respublikası İranın Tehran şəhərində yerləşən səfirliyinin fəaliyyətini dayandırıb və bütün diplomatları geriyə-Vətənə çağırıb. Bu beynəlxalq praktikada mütəmadi tətbiq olunan hadisədir. Müharibə gedən ölkələrdə və yaxud diplomatik korpusun üzvləri və ya onların ailə üzvlərinə təhlükə mövcud olarkən ölkələr öz diplomatlarını geri çağırır. Bu həm uzunmüddətli, həm də qısa müddətli ola bilər". Bu sözləri SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov bildirib.

Politoloq qeyd edib ki, Azərbaycan Respublikasının öz diplomatik missiyasını Tehrandan geri çağırılmasına gəlincə hələlik bu faktın təfərrüatı barədə bir şey demək mümkün deyil: "Məlum olan budur ki Azərbaycan Respublikası Tehrandakı diplomatik missiyasına qarşı törədilən terror hərəkətindən sonra bu addımı atmaq məcburiyyətində qalıb. Görünən budur ki, terror aktından sonra orada korpusun üzvləri və onların ailələri üçün ciddi təhlükə mövcud olub. Azərbaycan tərəfi bu geri çağrılmanın hansı dövrü əhatə edəcəyi barədə də məlumat verməyib. Görünür bu istiqamətdə dövlət rəhbərliyi səviyyəsində müzakirələr və məsləhətləşmələr aparılır. İran tərəfindən ciddi təhlükəsizlik zəmanəti verilməsinə baxmayaraq Azərbaycan növbəti dəfə öz diplomatlarının həyatını təhlükə altına atmaq istəmir.

Qeyd etdiyim kimi bu addım qısa müddət və uzun müddət üçün nəzərdə tutula bilər. Əgər uzun müddət üçün nəzərdə tutularsa onda Azərbaycan Respublikası İran İslam Respublikasının diplomatik korpusunun da Azərbaycandan çıxarılması barədə qarşı tərəfi xəbərdar etməli və onlara Azərbaycanı tərk etmək üçün müddət verməlidir. Amma hələlik bütün bunlar haqqında məlumat verilmir.

Azərbaycanlı diplomatların İrandan çıxarılmasına gəlincə bunun ən böyük ziyanı elə İranın özünə dəyəcək. Çünki bütün dünya məhz terror aktına görə Azərbaycan diplomatlarının İrandan çıxarılması barədə məlumat alacaq və bu məsələni gündəlikdə saxlayacaqlar. İranın terroru bu hadisəyə daha ciddi damğa vuracaq".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə