"Ermənilər bizi məcbur edir ki, onları öz yerlərində oturdaq" - DEPUTAT ŞƏRH ETDİ

“Qərbi Azərbaycandan olan bir qrup ziyalılarla Azərbaycan Prezidentinin görüşü tarixi bir hadisədir. Əslində, biz bu görüşə çoxdan hazırlaşırdıq. Azərbaycan Prezidentinin dəfələrlə Ermənistanla bağlı söylədiyi tarixi faktlar var ki, bu faktlar əsaslı bir şəkildə ziyalılarımızın tarixdə saxtalaşdırılmış müəyyən məsələlərə yeni gözlə baxmasını və onların doğrusunu ortaya çıxarmasını tələb edir. Bir neçə il öncə Prezidentin özü də söyləmişdir ki, bizim İrəvan şəhəri Azərbaycan cümhuriyyətinin ilk günlərində ermənilərə güzəştə gedilib. Bu da çox böyük bir xəyanətdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.

Onun sözlərinə görə, eyni zamanda ermənilərin Cənubi Qafqaza köçürülməsi, ermənilərin tarixi vətənləri ilə bağlı elmi məlumatlar bizə məlumdur: “Amma bununla yanaşı, kimlərsə elə hesab edə bilir ki, guya bizim Qərbi Azərbaycanda vaxtilə ermənilər yaşayıb. Bunlar bir növ erməni mifologiyasıdır və qarşısı alınmalıdır”.

Deputat sözlərinə davam edərək qeyd edib ki, Azərbaycan ərazisində ermənilərin məskunlaşdırılması, bunun ardınca onların torpaqlarımızı işğal etmək fikrinə düşməsi və öz hamiləri sayəsində bu mənfur arzularını gerçəkləşdirmələri real tarixdir və bu tarix yazılmalıdır: “Ermənilərin Azərbaycan xalqının başına gətirdiyi faciələr bizi məcbur edir ki, onları öz yerlərində oturdaq və bizim dədə-baba torpaqlarımızdan əl çəksinlər. Prezident İlham Əliyev bu görüşdə çox mühüm bir faktı da xatırlatdı. Bir vaxtlar azərbaycanlıların yaşadığı indiki Ermənistan adlanan ərazidən onların müxtəlif illərdə departasiya olunması bizə məlumdur. Həmçinin, biz o da məlumdur ki, bugün həmin yerlərdə, məsələn Göyçə, Vedi, Dərələyəz kimi kəndlərimizdə ermənilər yaşamırlar. Bu da təbii ki, bizi incidir. Ona görə yox ki orada ermənilər yaşamır, ona görə ki bizim yurdumuz xaraba olaraq qalır. Bu, bəlkə də taleyin diqtəsidir ki, azərbaycanlılar Qərbi Azərbaycandakı torpaqlarına qayıtmalıdır. Biz yalnız ümid etməli deyil, həm də bunun üçün çalışmalıyıq. Ziyalıların da çalışması daim yaddaşı hazır saxlamaqdır”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə