"Prezidentin uğurlu siyasətinin nəticələrini gələcəkdə daha yaxşı görəcəyik" - TARİXÇİ ŞƏRH ETDİ
"Bu gün Azərbaycan xalqını dünyada tanıtdıran və azərbaycanlıların alnıaçıq gəzə bilməsinə nail olan Cənab Prezidentin doğum günüdür. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi vaxtlarda onun ilk növbədə məqsədi xalq hakimiyyət birliyi, daxili stabilliyin möhkəmləndirilməsi, eyni zamanda işğalda olan torpaqlarımızın azad olunması idi. Hakimiyyətə gəldiyi dönəmdə bu prioritet məsələləri xüsusilə qeyd etmişdi". Bu sözləri SİA-ya açıqlamasında AMEA Tarix institutunun Ümumi tarix şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayev deyib.
Onun sözlərinə görə, Ali Baş Komandan İlham Əliyev 2004-cü ildə Fransada rəsmi səfərdə olarkən ermənipərəst jurnalistlərin verdiyi suallara çox kəskin və tutarlı cavablar vermişdi: "İlham Əliyev həmin səfərdə torpaqların azad olunması ilə bağlı çıxış etdiyi zaman ona "Əgər Ermənistanda Rusiyanın 102-ci hərbi bazası olduğu halda siz torpaqları necə azad edə bilərsiniz?" deyə sual ünvanlanıb. Prezident isə cavabında "Ermənistanda bu bazanın olması təhlükə mənbəyidir. Amma bütün bunlara baxmayaraq Qarabağ Azərbaycan torpaqlarının ayrılmaz bir hissəsidir və orada hansı bazanın olmasından asılı olmayaraq torpaqlarımız geri qaytarılmalıdır" deyə bildirib. Həmin dövrdə bu fikirlərə şübhə ilə yanaşanlar son zamanlarda bu hadisənin tam şahidi oldular. Cənab Prezident xalqı bir araya gətirərək "Dəmir yumruq" əməliyyatı keçirdi. Bütün dünya 44 günlük müharibə zamanı Prezidentin daim xalqla bir olmasının şahidi oldu".
Ədalət Mustafayev sözlərinə davam edərək qeyd edib ki, eyni zamanda, müharibəyə qədər Azərbaycan iqtisadiyyatını düzgün istiqamətə yönəltmək, neftdən gələn gəlirlərin bölüşdürülməsində şəffaflıq və onu xalqın gələcəyi üçün insan kapitalına xərclənmək, ordunun NATO standartlarına uyğunlaşdırılması kimi uğurlu işlər həyata keçirilib: "Bütün dünyada xristian təəssübkeşliyi və onların Ermənistanı müdafiə etməsinə baxmayaraq torpaqların azad olunmasına nail olduq. Azərbaycan geosiyasi maraqlar kontekstində regional gücə çevrildi. Bundan əlavə, yeni kommunikasiyaların açılması, Şuşa bəyannaməsi ilə Azərbaycan-Türkiyə müttəfiqliyinə nail olması gələcəyə hesablanmış məsələlər idi. Bunlar bir daha onu göstərir ki, Cənab Prezidentin uğurlu siyasətinin nəticələrini gələcəkdə daha yaxşı görəcəyik. Bu baxımdan keçən dövrə nəzər saldıqda Prezidentin qəti məsələlərdə prinsipial olduğunu müşahidə edirik. Ümummilli Lider Heydər Əliyevin iddialarının düzgün şəkildə davam etdirilməsində İlham Əliyevə uğurlar arzu edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB