"Bizim olan Azərbaycanın, Azərbaycanın olan isə bizimdir" - MÜSAHİBƏ-VİDEO
Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıçın SİA-ya müsahibəsini təqdim edirik:
- Şuşa-Xankəndi yolunda 10 gündür ki, aksiyalarımız davam edir. Rus sülhməramlı qüvvələrinin rəhbəri isə çox təəssüflər olsun ki, tələblərimizə cavab vermir. Sizcə, baş verən bu proseslərin sonu nə ilə nəticələnəcək?
- Şuşa-Xankəndi istiqamətində keçirilən aksiyalar Türkiyədə çox ciddi şəkildə izlənilir. Düşünürəm ki, sizlər haqlı bir şəkildə aksiya təşkil etmisiz. Çünki Azərbaycanın təbii sərvətləri talan edilir. Qarabağın sahibi Azərbaycan xalqıdır. Buna görə də həmin ərazilərdə olan sərvətlər də sizin haqqınızdır. Xüsusilə son zamanlar Azərbaycanın təbii sərvətləri talan edilir. Təbii ki, Azərbaycan xalqı buna səssiz qalmayacaq. 2020-ci il 10 noyabr bəyannaməsində də qeyd edildiyi kimi rus sülhməramlıları artıq Qarabağ torpaqlarını tərk etməlidirlər. Onlar yaxşı bilməlidirlər ki, Azərbaycan xalqı istədiyini əldə edənə qədər bu aksiyalar davamlı şəkildə baş verəcək. Qış ayları olmasına baxmayaraq azərbaycanlı gənclər bir daha həmrəyliklərini ortaya qoymuş olurlar. Türkiyədə milyonlarla insan bura gəlib həmin aksiyada sizə dəstək ola bilərlər. Lakin Azərbaycanın buna ehtiyacı yoxdur. Qarabağda yaşayan ermənilər bir daha anlamalıdırlar ki. bu torpaqlar Azərbaycanındır. Bizimlə bərabər yaşamaq istəyirlərsə ilk növbədə Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Yox əgər bizim vətəndaşlığımızı qəbul edə bilmirləsə, gedib İrəvanda yaşasınlar.
- Son xəbərlərə görə, Şuşa-Xankəndi yolunda Ermənistana gəlib Xankəndinə getmək istəyən 5 yük avtomobili buraxılmayıb. Çünki avtomobillərin yoxlanışına imkan verməyiblər. Etirazçılar da həmin avtomobilləri buraxmayıb və geri qayıdıb. Azərbaycan yavaş-yavaş öz ağırlığını göstərir. Siz bu barədə necə düşünürsünüz?
- Azərbaycan haqqı olan bir iş edir. Onların ərazilərimizə nə daşıdığını Azərbaycanın bilməyə haqqı var. Azərbaycan dünyaya insanlıq dərsi verir. Hər kəs bunu bilsin ki, Azərbaycan müharibə vaxtı belə mülki əhaliyə zərər gəlməməsinə diqqət etdi. Amma ermənilər Gəncədə, Bərdədə və Tərtərdə terror aktı törətdilər. Həmçinin Mingəçevir su anbarına da zərər verdilər. Onlar Azərbaycanın insanlıq dərsindən dərs alsınlar.
- Biz Laçın yolundan danışdıq. Həmin dəhliz artıq 10 gündür etiraz aksiyaları səbəbindən bağlıdır. Buradan humanitar yüklər keçir, amma bir az öncə dedik ki, silah daşıma təhlükəsi olan avtomobillər geri qaytarılıb. Laçın dəhlizi vasitəsilə 10 gün əvvələ qədər Xankəndinə silahlar və canlı qüvvə daşınırdı. Hətta İrandan ora bir qrup şəxs hərbi təlim keçmək üçün səfər etmişdi. İran son vaxtlar Azərbaycana qarşı nifrətini açıq şəkildə bildirir və Ermənistana dəstək verir. Onlar Azərbaycanın və Türkiyənin dünyada nüfuzunun artmasından çox narahatdırlar. Bu barədə nə düşünürsünüz?
- Bu qeyri-adi hal deyil. Bu 30 il əvvəldən bəlli idi. İran olmasaydı, Ermənistan da olmayacaqdı. 30 ildir ki, İran Ermənistanı dəstəkləyir. Vətən müharibəsi başladıqda da İran bu dəstəyə davam etdi. İran gördü ki, Türkiyə Azərbaycan qardaşlığı çox güclüdür və savaşda qalib gələcək. Daha sonra tərəfsiz olmağa başladı. Zəngəzur dəhlizi söhbətindən sonra çox narahat oldu və Azərbaycana qarşı açıq bir düşmənlik sərgilədi. Belə ki, illərdir sərhəddə heç hərbi təlim etməyən İran indi təlim etdi. Azərbaycan tək deyil. İran ağlını başına toplasın. Dünya İrana qarşı olan zaman Türkiyə İranın yanında idi və onu dünyaya qarşı qorudu. Cənab İlham Əliyev qeyd etmişdi ki, İranda təzyiq altında 40 milyon soydaşımız var. Onların təhsil və siyasi haqları yoxdur. Soydaşlarımız İranda sıxışdırılır. İran bizimlə oynamasın, dost olsun. Bu oyunun sonunda İrana xeyir gəlməz. Azərbaycana qarşı atılan hər bir addım Türkiyəyə qarşı atılmış da sayılır. Şuşa bəyannaməsi bizə hər cür haqq verir. Biz “Bir millət, iki dövlət” deyirdik. Amma yeri gələndə, “Bir millət, bir dövlət” də olarıq.
- Türkiyəli general Bəxtiyar Paşanın Azərbaycanın Müdafiə nazirinin müşaviri təyin olunması barədə nələri deyə bilərsiniz?
- Bəxtiyar Paşa Türkiyə Silahlı Qüvvələrinin əsas generallarından biridir. O, şəxsən Qarabağ istiqamətində gedən döyüşlərdə yaxından iştirak edib. Mən onun bu vəzifəyə təyin olunmasını eşidəndə çox xoşbəxt oldum. Hər bir türk zabiti Azərbaycan zabitinin formasını geyməkdən qürur hissi duyar. Buna görə də bizim işimiz sözdə deyil, əməldədir. Cənab Prezidentin də qeyd etdiyi kimi Türkiyə ilə birgə vahid ordu yaradılacaq. 3 həftə öncə ölkə başçısı qeyd etdi ki, Türkiyənin ordusu bizim ordumuzdur. Bunun üçün də bizim olan Azərbaycanın, Azərbaycanın olan isə bizimdir. Bütün hamı bunu belə bilməlidir. Türkiyə-Azərbaycan dostluğu çox önəmlidir. 2 dövlətin düşmən olmasını gözləyənlər 44 günlük vətən müharibəsini yada salıb, keçmişə nəzər salsınlar. Türkiyə-Azərbaycan qardaşlığının dünyada bənzəri yoxdur. Türkiyə dövləti 1999-cü ildən etibarən Ermənistanla bütün sərhədlərini bağlayıb. 30 ildir ki, biz onlarla sərhədimizi bağlı elan etmişik. Azərbaycan dövləti isə istəyərsə, bu sərhədlər açılar və diplomatik əlaqələr də qurular.
- Türk sülhməramlı qüvvələri nəyə görə rus sülhməramlılarının yanında fəaliyyət göstərmirlər?
- 2020-ci il 10 noyabr bəyannaməsinə əsasən belə bir qərar alınmışdır. Lakin hər bir halda Ağdamda yerləşən Monitorinq Mərkəzində 35 zabit, 2 generalımız orada öz vəzifəsini yerinə yetirir. Biz də onların fəaliyyətini yaxından izləyirik. Türkiyə və Rusiya arasında dostluq münasibətləri vardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB