"Ədalətə sahib olmaq üçün gərək gücə sahib olasan" - SƏDR ŞƏRH ETDİ

"Əlbəttə ki, dövlət rəhbərləri öz siyasətləri ilə dünyada tanınır. 30 ilə yaxın bir müddətdə Azərbaycanın torpaqları işğal altında idi. Bəzi insanlar elə başa düşür ki, ələ silah almaqla, müharibə etməklə məsələ həll olunacaq. Əslində isə belə deyil". Bu sözləri dekabrın 20-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Prezident İlham Əliyev siyasəti: Dünyəvilik və multikultural dəyərlər" mövzusunda keçirilən konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, bir dövlətin siyasi qələbəsi olmasa, özünü dünyanın siyasi arenasında tanıtdıra bilməsə, heç bir addım atmaq mümkün olmaz: "Ədalətə sahib olmaq üçün gərək gücə sahib olasan". Təbii ki, Azərbaycan xalqı məğrur, sözünü deməyə qadir xalqdır. Lakin illərlə dünyaya öz haqqımızı çatdıra bilməmişik. Çünki ermənilər öz imkanlarını dünyaya elə çatdırırdı ki, biz günahkar hesab edilirdik. Biz Prezident İlham Əliyevin rəhbərliyi ilə hər kəsə Azərbaycan xalqının gücünü göstərdik.

Siyasət önəmlidir. Dini sahədə olanların da gərək siyasətdən başı çıxsın. Bugünkü gündə namaz qılmaqla, oruc tutmaqla məsələ həll olunmur. Biz ruhanilərin mütləq siyasəti olmalı, dünyəvilikdə gözüaçıq olmalıyıq. Əgər olmasaq, biz qazana bilmərik".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə