“İRNA”nın “aşağıəyarlı” iddialarına cavab TƏHLİL-AKTUAL

Devizinin “sürət, səliqə, dəqiqlik” olduğunu iddia edən İranın rəsmi dövlət agentliyi (İRNA) Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində İranla bağlı söylədiklərinə cavab verməyə cəhd göstərib. Elə məqalənin adını da- “Prezident İlham Əliyevin suallarına cavablar” qoyublar. Belə iddialı başlıqdan güman etmək olardı ki, qonşu İran dövlətinin rəsmi dövlət agentliyi öz mötəbər statusuna uyğun olaraq “daşdankeçən” arqumentlər gətirməklə dövlət başçımızın haqsız olduğunu sübut etməyə çalışacaq. Ən azından Azərbaycanda qonşumuza xidmət göstərən “5-ci kolonun” “təlimatı”olacaq, bu şəxslərin İranın izaholunmaz davranışlarını əsaslandırmasına, ona müəyyən qədər haqq qazandırmasına imkan verəcək. Ancaq gözləntilərimiz özünü qətiyyən doğrultmadı və məqalədə gətirilən “arqumentlərə” təəssüflənməkdən başqa çarəmiz qalmadı. Başlayaq birinci arqumentdən. İranın rəsmi dövlət agentliyi(hərdən elə təsəvvür yaranır ki, məqaləni İranın dövlət agentliyi “İRNA” deyil, Ermənistanın rəsmi dövlət agentliyi-“Armenpress” hazırlayıb) Azərbaycan prezidentinin ADA Universitetində keçirilən konfransda İranın hərbi təlimləri ilə bağlı söylədiklərinə cavab verməyə çalışır.

Gəlin əvvəlcə möhtərəm prezidentimizin dediklərini xatırlayaq: “İşğal dövründə İran hərbi qüvvələri Azərbaycanın işğal olunmuş ərazisi ilə sərhəd olan ərazidə heç vaxt hərbi təlim keçirməyib. Onlar bunu edə bilərdilər. Azərbaycan sərhədinin 132 kilometri işğal altında olub və bu, Azərbaycanla İranın sərhədidir. Bəs onlar niyə o sərhəddə hərbi təlim keçirməyiblər? İran rəsmiləri, o cümlədən çox yüksək vəzifəli şəxslər Ermənistanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt olduğunu bildirirlər. Niyə onların heç biri bizim haqqımızda eyni şeyi demədi? Bizim ərazilərimiz 30 il işğal altında olub. İran rəsmilərindən Azərbaycanın ərazi bütövlüyünün qırmızı xətt olduğunu eşidən oldumu? Xeyr. Bunlar Azərbaycan xalqının verdiyi suallardır. Bu sualı təkcə mən vermirəm. Ancaq hər bir azərbaycanlı öz ölkəsi barədə düşünür, bu sualı verir və cavab tapa bilmir. Ona görə də indi İranla Azərbaycan arasında baş verənlər bizim tərəfimizdən yaranmayıb. Biz yalnız cavab veririk və istər sözlə olsun, istərsə də əməllə hər cür anti-Azərbaycan addımına cavab verəcəyik”. Ağıllı adamlar bu cür əsaslandırılmış arqumentlər qarşısında susmağa üstünlük verərdilər. Ancaq İRNA başqa yol seçir və sualların xeyli hissəsini ötürərək Azərbaycanı qorxutmaq üçün sərhəddimizdə keçirdikləri hərbi təlimləri belə əsaslandırır: “Biz ondan(prezident İlham Əliyevdən-A.S.) soruşmalıyıq ki, bölgədə hərbi təlimlər fəslini kim başladı? Məgər Azərbaycan Respublikası Türkiyə və Pakistanla birlikdə Naxçıvanda Ermənistan Respublikasının ərazi bütövlüyünə qarşı təlim keçirmədimi? Bu təlimlər İran hərbi qüvvələrinin “Heybər fatehləri” təlimlərindən əvvəl keçirildi. ”Bax belə. Cavabdan aydın olur ki, İranı bizim Naxçıvanda, Ermənistan sərhədində dostlarımızla birlikdə keçirdiyimiz hərbi təlimlər narahat edib və o qədər narahat edib ki, “sevimli” qonşumuz bu addımı Ermənistanın ərazi bütövlüyünə təhdid kimi qiymətləndirib. Ermənistanın ərazi bütövlüyünün pozulacağından əndişələnən “din qardaşlarımız” bizi çəkindirmək üçün “Heybər fatehləri” hərbi təlimlərini keçiriblər.“Böyük dövlət”in “həssaslığına” fikir verdinizmi? Azərbaycan Ermənistan hərbçilərinin ərazimizdən çıxarılmasını, delimitasiya işlərinin sürətləndirilməsini, kommunikasiyaların açılmasını sürətləndirmək məqsədilə Naxçıvanda hərbi təlimlər keçirir və İran dövləti bu hərəkəti Ermənistanın ərazi bütövlüyünə təhdid kimi qiymətləndirərək vaxt itirmədən “xəbərdarlıq təlimləri” keçirir. Ancaq ermənilər ərazimizin 20 faizini 30 ilə yaxın işğal altında saxlayırlar ərazi bütövlüyümüzün faktiki pozulmasına qarşı hərbi təlimlər keçirmək “dost” İran dövlətinin nədənsə ağlına gəlmir. Bir daha təkrar etmək məcburiyyətindəyik. Ermənistanın ərazi bütövlüyünün “pozulma ehtimalı”ndan narahat olaraq dərhal təlimlərə başlayan İran dövlətinin eyni addımları bizim ərazimiz işğal altında olanda atmaması ən azı anlaşılmazdır. Yəqin prezidentimizin bu suallarına cavab verməyin mümkünsüz olduğunu anlayan İRNA agentliyi onların üstündən sükutla keçməyi qərara alıb və əsas məsələni-sərhəddimizdə dalbadal hərbi təlimlər keçirmələrini- əsaslandırmağa çalışıb. Bu “topdağıtmaz” məntiqli cavabdan məlum olub ki, İranın münasibətlərimizdə ciddi problemlər yaradan təlimləri Ermənistanın ərazi bütövlüyünün pozulacağı ehtimalından yaranan “narahatlıqla” bağlı olub. Əsas narahatlığını dilə gətirdikdən sonra İRNA keçir növbəti sualı cavablamağa. Gəlin əvvəlcə möhtərəm prezidentimizin səsləndirdiyi sualları dinləyək və verilən cavabın bu suaallara nə qədər əlaqəsinin olduğunu aydınlaşdırmağa çalışaq: “Gürcüstanda 200-300 minə yaxın azərbaycanlı yaşasa da, burada 116 Azərbaycan məktəbi vardır. İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur. Bu necə ola bilər? Kimsə desə ki, bu, başqasının işlərinə qarışmaqdır, biz bunu qəti şəkildə rədd edirik. Bu, başqasının işlərinə qarışmaq demək deyil. Azərbaycanın xarici siyasəti çox aydındır. Biz heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmırıq. Amma bu, bizimlə eyni etnik mənşəyə, eyni dilə və eyni dəyərlərə sahib olan cəmiyyətin bir hissəsidir. Biz buna axı necə biganə qala bilərik? Niyə məktəblərdə öz dillərini öyrənə bilmirlər? Bilirsiniz, onlar dili itirirlər. Problem ondadır, biz bu məsələni ona görə qaldırırıq ki, İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir. Bu məsələlərə baxılmalı və bu məsələ qaldırılmalıdır, həm də ona görə ki, bu, bizi narahat edir.”

Bu da İranın dövlət agentliyinin cavabı: “O, yaxşı bilir ki, onmilyonluq Azərbaycan əhalisi İran mənşəlidir və kobud şəkildə öz vətənindən qoparılıb. İndi bu cür (yanlış) tarixi iddialar irəli atılsa, İranın deməyə sözü olacaq.”Verilən sualları da, cavabı da gördünüz. Sizcə uydumu? Məncə yox. Çox təəssüf ki, İRNA verilən sualları bir tərəfə qoyaraq yenə öz bildiyini çağırıb. Məşhur bir lətifədə deyildiyi kimi: “Uysa da..., uymasa da!”.Nəhayət, İRNA gəlib çıxır üçüncü suala-İran-Ermənistan dostluğunun guya işğal altında olan torpaqlarımızın azad olunmasını ləngitməsi məsələsinə. Agentlik iddia edir ki, bu münasibətlər üçüncü dövlətə, yəni, Azərbaycana qarşı çevrilməyib. Yəni, torpaqlarımızı işğal edib, 30 il istismar edən Ermənistan üçün İran heç vaxt ermənilərin etiraf etdikləri kimi “nəfəslik” olmayıb, Rusiyadan gələn və Gürcüstandan buraxılmayan silahlar “din qardaşlarımızın” ərazisindən keçərək Ermənistana çatdırılmayıb. İşğal altında olan torpaqlarımızda ermənilərlə birlikdə digər qonşumuz at, daha doğrusu, TIR “oynatmayıb”. Azərbaycan torpaqlarını işğal edərək düz 30 il “dostlarıyla” istismar edən, sonra da “Xirosimo xarabalıqları”na çevirdiyi əraziləri qoyub qaçmaq məcburiyyətində qalan Ermənistanla İranın əməkdaşlıq etməsi normaldır, ancaq İranın bir qarış torpağını belə işğal etməyən İsraillə münasibət qurmaq isə anormal. Hər halda İRNA-nın “şanlı” məqaləsindən belə nəticə çıxır. Mən burada üzümü İran rəhbərliyinə tutmaq istəyirəm. Rəsmi dövlət agentliyi olsa da, gəlin “İRNA”nın bu “cavabını” “yox” sayın. Hesab edin ki, İran kimi böyük dövlətə qətiyyən yaraşmayan belə “aşağıəyarlı” cavab heç verilməyib. Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində qaldırdığı məsələlər barədə bir daha düşünün, ətraflı “götür-qoy” edin. İnanıram ki, yalnız bu halda ən düzgün cavablar ortaya çıxacaq və bundan sonra yenidən dost münasibətlərimizi bərpa etmək imkanı yaranacaq.

Abutalıb Səmədov

Azərbaycan Naminə Alyans Partiyasının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə