Azərbaycan- İsrail münasibətləri hansı səviyyədədir? - POLİTOLOQ MÖVQE BİLDİRDi

"Azərbaycan – İsrail münasibətləri hər zaman ən yüksək səviyyədə olub və minillik tarixə malikdir. Əsrlərdir ki, Azərbaycan və Yəhudi xalqı arasında sarsılmaz dostluq münasibətləri mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Politoloq qeyd edib ki, məhz bu cür münasibətlərin nəticəsidir ki, 18 oktyabr 1991-ci ildə müstəqilliyimizi elan etdikdən qısa zaman sonra 25 dekabr 1991-ci ildə İsrail dövlətimizi tanımış və 7 aprel 1992-ci il tarixindən etibarən ölkələrimiz arasında diplomatic münasibətlər qurulmuşdur: "İsraili Azərbaycana yaxınlaşdıran başlıca səbəb təbii ki bizlərin yəhudilərə olan baxış tərzimizlə alaqədardırdir. Azərbaycan keçmiş dövrdən indiyə qədər anti-semitizmin yaşanmadığı, bunun üçün də yəhudi əhalinin sıx məşkunlaşdığı ərazilərdəndir.

İsrail istər birinci Qarabağ savaşı, istərsə də sonrakı dövrdə daim Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və bütün Beynəlxalq Platformalarda da Azərbaycanın haqq səsinə səs verib. Hələ 90-cı illərin əvvəllərində, yəni birinci Qarabağ savaşı dönəmində Qərb ölkələri Azərbaycana silah-sursat satmaqdan imtina etdiyi bir zamanda İsrail yenə də haqq-ədalətin yanında oldu, ölkəmizin haqq səsinə dəstək olaraq öz hərbi arsenalını Azərbaycanın üzünə açdı. Artıq uzun illərdir ki, rəsmi Təl-Əviv Azərbaycanın müdafiə sənayesinin inkişafında, eləcə də digər müstəvilərdə ölkəmizlə yaxın əməkdaşlığa malikdir.
İsrail ilə Azərbaycan arasında çox geniş iqtisadi-ticari əlaqələr də mövcuddur. Bu iqtisadi əlaqələr təkcə tarixi münasibətlərdən qaynaqlanmır. Eyni zamanda İsrail üçün Azərbaycanın strateji və iqtisadi önəmindən qaynaqlanır. Azərbaycan ilə İsrail arasında olan münasibətlərin ən başlıca sahəsi heç şübhəsiz ki, iqtisadi-ticari sahədir. Ölkəmiz geniş həcmə malik neft və qaz yataqlarının olduğu Xəzər hövzəsində yerləşir ki, bu da dövlətimizi İsrail üçün olduqca əhəmiyyətli edir. Digər tərəfdən məsələyə baxsaq, İsrail də çox güclü sənayə, texniki avadanlıqlar və hərbi sursatlar istehsal edir. Bunlar da ölkəmiz üçün olduqca əhəmiyyətli hesab olunur. Bütün bunların təzahürü olaraq indiyə qədər keçən dövr ərzində hər iki ölkə arasında olan iqtisadi-ticari əlaqələr yüksək templə artmışdır.

Heç şübhəsiz ki, İsraildə səfirliyimizin açılması ilə indiyə qədər onsuz da ən yüksək səviyyədə olan münasibətlər daha da inkişaf edəcək və əməkdaşlığımız üçün yeni imkanlar meydana çıxacaq. Bu imkanların hər iki ölkənin siyasi‚ strateji və təhlükəsizlik maraqlarına xidmət edəcəyi şübhəsizdir.
Digər bir tərəfdən isə bu gün Azərbaycan-İsrail münasibətləri yalnız ikitərəfli deyil, həm də regional əhəmiyyət daşıyır. Məlumdur ki, Türkiyə ilə İsrail uzun sürən danışıqlardan sonra qarşılıqlı olaraq hər iki ölkədə səfirliklərin açılması barədə yekun razılığa gəldilər. Şübhəsiz ki, iki ölkənin əlaqələrinin bərpasında Azərbaycanın da böyük rolu olub və bunu təkcə biz yox, dünyanın aparıcı analitikləri də deyir. Azərbaycan olaraq biz Türkiyə-İsrail münasibətlərinin normallaşmasında təbii olaraq maraqlı olmuşuq. Bizə dost olan iki ölkənin münasibətlərinin normallaşması geosiyasi münasibətlər kontekstində mövqelərimizin daha da möhləmlənməsinə xidmət edir. Başqa sözlə desək Azərbaycanın İsraildə səfirliyinin açılması, Türkiyə-İsrail münasibətlərinin normallaşması Azərbaycan - Türkiyə - İsrail geosiyasi üçübucağının möhkəmlənməsinə və birgə siyasi fəaliyyətin uğurlu şəkildə tənzimlənməsinə xidmət edəcək".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə