Rusiya-Polşa münaqişəsi müharibəyə çevriləcək? - POLİTOLOQ DANIŞDI

"Rusiya-Polşa münaqişəsindən danışmaq bir qədər tezdir. Çünki Polşaya düşən raketlərin, hələlik, hansı tərəfdən atıldığı dəqiqləşdirilməkdədir. Digər tərəfdən, əgər bu raketlərin Rusiya tərəfindən atılan raketlər olduğu təsdiqlənərsə, Rusiya-Polşa münaqişəsi deyil, Rusiya-NATO münaqişəsindən söhbət açmalı olacağıq". Bu fikirləri SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib. Politoloq qeyd edib ki, Polşanın Zet radiosunun verdiyi məlumata görə, Pşevudov kəndindəki taxılqurutma məntəqəsinə düşən raketlər orada iki Polşa vətəndaşının ölümü ilə nəticələnib: "Raketlərin Rusiya və ya Ukrayna tərəfindən atıldığı dəqiqləşdirilməyib, yəni bu barədə hələ məlumat yoxdur. Amma Amerika Kəşfiyyat orqanlarından olan şəxsin dediyinə görə, raketlərin Rusiya tərəfindən atılması ehtimalı daha böyükdür. Polşa Baş Naziri hökumətin Müdafiə və Təhlükəsizlik Komitəsinin fövqəladə iclasını çağırıb.

Rusiya Müdafiə Nazirliyi hadisə ilə bağlı verdiyi açıqlamada raketlərin Polşa ərazisinə düşməsi barədə informasiyanı təxribat adlandıraraq bildirib ki, Ukrayna-Polşa sərhədində onların zərbə endirdikləri hədəfləri olmayıb. Hadisə yerində çəkilmiş və raket hissələrini əks etdirən fotoşəkillərin Rusiya raketlərinə aidiyyatı yoxdur-deyə bildirilir.
Pentaqon və həmçinin ABŞ Dövlət Departamentində hələ Rusiya raketlərinin Polşa ərazisinə düşdüyünü təsdiq etməyiblər. Yaranmış vəziyyətdə Amerika Birləşmiş Ştatlarının mümkün addımları haqqında məlumat da verilmir. Çünki kütləvi informasiya vasitələrində gedən xəbəri təsdiq etmək hələ mümkün deyil. Bu barədə ABŞ HHQ generalı Patrik Rayder Bildirib. Dovlət Departamenti Mətbuat Xidməti rəhbərinin müavini Vedant Patel isə deyib ki, ABŞ Polşa və digər müttəfiqləri ilə hadisə ətrafında işləyir və hər hansı bir qərar qəbul etmək hələ tezdir.
NATO da öz növbəsində, nəticə çıxarmaqda tələsmir və hadisənin başvermə səbəblərini öyrənir. Onun reaksiyası Varşavanın raketlərin hansı tərəfə mənsub olması barədə məlumat verməsindən sonra məlum olacaq.
Brüsseldəki NATO Qərargahında Varşavanın Vaşinqton Müqaviləsinin 4-cü maddəsinə uyğun olaraq təhlükəsizlik sahəsində müzakirələr aparmaq üçün təşkilata müraciət edəcəyini gözləyirlər.
Bu hadisənin Polşa və NATO tərəfindən necə qiymətləndiriləcəyi və atılacaq addımlar məlum deyil. Böyük ehtimalla Rusiya tərəfi raketlərin ona mənsub olduğu sübut olunarsa, onların məqsədyönlü şəkildə Polşaya atılmadığı barədə bəyanat verərək hadisə ilə bağlı üzr istəyəcək və bununla da münaqişənin böyüyərək NATO-Rusiya qarşıdurmasına çevrilməsinin qarşısını almağa çalışacaq. Çünki indiki şəraitdə qarşıdurmada iştirak edən tərəflərdən heç biri münaqişənin daha da böyüyərək üçüncü dünya müharibəsinə çevrilməsində maraqlı deyil. Amma sonradan bənzər hadisələrin baş verməməsi üçün hansı addımların atılacağı da sual altındadır".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə