Düzgün İNFORMASİYA MÜHARİBƏSİ necə aparılmalıdır? - SORĞU, MEDİA EKSPERTLƏRİ

Son dövrlər İnformasiya Müharibəsi ilə bağlı terminlərin müxtəlif sahələrdə geniş istifadə olunması və bununla bağlı konkret məsələlərin meydana çıxması yeni müharibə üsullarının reallaşdırılması problemlərini ortaya atdı. Həqiqətən də hər-hansı işi yerinə yetirməyə başlayarkən ilk növbədə istifadə olunacaq “alətin” əldə edilməsi vacibdir. Başqa sözlə, İnformasiya Müharibəsi (İM) sahəsində terminologiyanın təyin olunması problemlərlə daha yaxından tanış olmaqla yanaşı, İM texnologiyalarının araşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Ermənistan tərəfinin bir çox dezinformasiya yayması bu sahənin öyrənilməsini müasir gənclikdən tələb edir. Çünki müharibə və döyüş yalnız ön cəbhədə aparılmır. İnformasiya müharibəsi də müharibənin əsas hissəni təşkil edir. Buna görə SİA media nümayəndələrindən düzgün informasiya müharibəsinin necə aparılması ilə bağlı sorğu keçirib.

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid: "Bir necə il əvvələ baxanda Azərbaycan sosial şəbəkələrində xeyli irəlilləyişin olduğunu müşahidə edirik. "Facebook"da həm rəsmi qurumların,, həm də fəal sosial şəbəkə istifadəcilərinin fikirləri mövcuddur. Amma yeni yaranan "Tik-tok" sosial şəbəkəsində primitivlik və bəsitlik insanları düşünməkdən məhrum edir. Yalan xəbərlər daha çox " Tik-tok"da əks olunur. "Tik-tok"un bu mənada məhdudiyyət qoyulmasını alqışlayıram. Gələcəkdə səviyyəli sosial şəbəkə istifadəçilərinin təsiri ilə "Tik-tok"da da müəyyən maariflənmə işləri aparılmalıdır. Gələcəkdə Mətbuat Şurası fəaliyyətini genişləndirərək , mətbuatın özünü tənzimləmə qurumu kimi mediayaya təsir gücünü artıracaq. Etika kodeksinin zəruri tətbiqindən sonra genişlənən informasiya məkanında həm sosial şəbəkə istifadəçilərinə çağırış etməli , həm də etik qayda qanunlara riayət etdirilməsinə nəzarət etməliyik. Düşünürəm ki bu işlər görülsə nəticəsi olacaq".

Media eksperti Azər Həsrət: "İnformasiya müharibəsində indiki şəraitdə operativlik , dürüstlük hər şeydən öndə gəlir. Ona görə dünya elə qurulub ki, artıq yalnış və gecikmiş informasiya ilə bu mübarizədə irəli getmək mümkün deyil. Mən illərdir ki, Azərbaycanın informasiya savaşında daha çevik , daha doğru informasiyalar ilə önə çıxması zərurəti haqqında danışıram. Yəni, indiki şəraitdə hərbi qarşıdurma və təxribatları önləməklə bağlı məsələlərdə gecikmək olmaz. Eyni zamanda dünyaya tutarlı, əsaslı informasiyalar təqdim etməliyik. Biz gözləməməliyik ki, ermənilər nəsə dezinformasiya yaysın və biz onu təkzib edək. Ermənilərin paylaşdıqlarını təkzib edərək daha çətin situasiya ilə qarşılaşırıq. Belə bir deyim var:" Müqəddəs yer boş olmur". Ona görə də elə etmək lazımdır ki, həmin müqqəddəs yeri biz həm ermənilərdən, həm də havadarlarından daha tez dolduraq belə olduğu təqdirdə ilkin informasiya kimdən çıxırsa və ya hansı informasiya arqumentləşdirilmişsə o tərəf informasiya mübarizəsini qazanır. Yox, əgər boşluqları doldurmaqda geciksək və bu boşluqlar, qarşı tərəfdən doldursa təbii ki, sonrakı mərhələdə nəsə düzəliş etməklə irəli çıxmaq imkanımız olduqca zəifdir. Bu baxımdan operativlik və dürüstlüklə informasiya savaşında qalib gəlmək olar. Özəlliklə xarici dilləri bilmək və yeni texnologiyalardan xəbərdar olmaq lazımdır. İlk öncə dövlət , millət , vətən üçün çalışan adamların önə çəkilməsi lazımdır. Yəni nəsə yazıb kopyalamaq , informasiya müharibəsi demək deyil. İnformasiya müharibəsində daha çox orjinal paylaşımlara üstünlük verilməlidir. Bu orjinal informasiya və paylaşımları etmək üçün qabiliyyət gərəklidir. Bu baxımdan düşünürəm ki, bu bacarIqda olan şəxslərin önə çəkilməsi və şərait yaradılması informasiya savaşında bizim qələbəmizi təmin edə bilər".

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Media eksperti Müşfiq Ələsgərli : "Müasir müharibələr yeni xarakterikaya bürünüb ki, indiki müharibələr hibrit və ya assimetrik müharibələr adlandırırlar. Yəni hibrit müharibələrin mənası budur ki, müharibənin bir hissəsi döyüş meydanında gedirsə, digər hissəsi diplomatik və informasiya müstəvisində aparılır. Bu baxımdan informasiya müharibələri müasir dövrün münaqişələrinin və müharibələrinin çox mühüm elementlərindən biridir. İnformasiya müharibəsi aparılarkən rəqib tərəflər çalışır ki, bir-biri haqqında təxribatçı və düzgün olmayan yalan informasiyalar yaysınlar. Ermənistan hazırda bu texnologiyadan çox ciddi şəkildə istifadə edir. Son 30 ildə Ermənistanın verdiyi informasiyaların demək olar ki, hamısının yalan olması aşkarlandı. Bu tip dezinformasiyaların əksəriyyəti hesablanıb ki, Azərbaycanın daxilində yalnış ictimai rəy yaransın. Məqsədli şəkildə Azərbaycana yönələn dezinformasiyalar ölkədə ruh düşkünlüyü , ictimai etimadsızlıq yaranması üçün məqsədli şəkildə yayılır. Bu yollar rəqibi zəiflədib özünə qələbə təmin etmək məqsədi daşıyır. Bu baxımdan Ermənistan və ermənilərə xidmət edən diaspor təşkilatları tərəfindən, eyni zamanda beynəlxalq erməni şəbəkəsi tərəfindən çoxlu sayda dezinformasiyalar və təxribat xarakterli informasiyalar Azərbaycan seqmentinə ötürülür. Azərbaycanın KİV-i peşəkardır. Onlar uzun müddətdir ki, ermənilərin bu cür təxribatlarına öyrəşiblər. Ona görə də ermənilərin bu təxribatları Azərbaycan KİV-ə törətməsi qeyri-mümkündür. Amma çox təəssüf ki, sosial şəbəkələr müstəvisində bu təxribatlar törədilə bilir. Sosial şəbəkələr bir texnologiya olaraq manipulyativ və düşmən tərəfindən təxribatçı informasiyalar yaymaq üçün çox əlverişli alətdir. Çünki burada istənilən şəxs saxta, anonim adlar, soyadlar və ya fake profillər ilə istəniləni yaya bilər. Erməni tərəfi də bundan istifadə edir. Saxta hesab yaradaraq azərbaycanlı ad, soyadları olan profillər açaraq özlərinin istədikləri informasiyaları buradan ötürürlər. Azərbaycan cəmiyyətində çaşqınlıq və ictimai etimadsızlıq formalaşdırıb məqsədlərinə nail olmağa çalışırlar. Çox təəssüf ki, bəzən bizim erməni şəbəkəsinə xidmət edən sosial şəbəkə istifadəçiləri onlara bu işdə dəstək olurlar. Erməni şəbəkələrinin həmən təxribatçı informasiyaları tirajlamaqla onların dəyirmanına su tökmüş olurlar. Burada Azərbaycan əhalisi ayıq-sayıq olmalı gələn informasiyaların düzgünlüyünü dəqiqləşdirməlidir. Əlavə olaraq Azərbaycan dövlət qurumları təxribat xarakterli informasiyaları dərhal müəyyənləşdirib, ona aydınlaşdırıcı mövqe bildirməlidir. Sosial şəbəkə istifadəçiləri də bu rəsmi məlumatları paylaşmalıdırlar. Göründüyü kimi bəzən insanlar bilmədən bu təxribatların təsirinə düşürlər. Baxırıq ki, "Tik-tok " sosial şəbəkəsində baş verən hadisələr buna aydın misaldır. Bu baxımdan müvəqqəti bağlandı. Amma nəzərə almaq lazımdır ki, bu " Tik-tok" sosial şəbəkəsi Ermənistanda da bloklanıb. Ümumilikdə götürdükdə "Tik-tok" sosial şəbəkəsinə bir çox ölkələr ziddiyyətlə yanaşır. Bu baxımdan beynəlxalq konvensiyalar və qanunvericilik imkan verir ki, bu cür təxribatçı informasiyalar yayan sosial şəbəkə platformaları və qondarma KİV blokları bağlansın və ya fəaliyyəti müvəqqəti dayansın. İnformasiya müharibəsində Azərbaycanın mövqeyini bildirən informasiyalar yayılmalıdır. Əhalimiz və jurnalistlərimiz ehtiyyatlı olmalıdırlar ki, düşmənin təxribatçı informasiyaların təsirinə düşməsinlər və ictimai rəyi sabit saxlaya bilsinlər".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə