Zəhərlənmələr niyə artır?- Ekspertlər açıqladı - ARAŞDIRMA

Saxta və keyfiyyətsiz məhsullardan istifadə, yeməklərin hazırlanma qaydasına riayət edilməməsi, tərəvəzlərin ultrakimyəvi dərmanla yetişdirilməsi kimi faktorlar ciddi problemlər yaradır

Azərbaycanda yay ayları həm də “zəhərlənmələr mövsümü”dür. Başına min bir oyun açmaqla, şişirdilməklə “yetişdirilib” ağırlaşdırılan qarpız-yemişdən zəhərlənənlərin “mövsümü statistikası” çoxdan açılıb. Bu sıraya konservləşdirilmiş və qeyri-gigiyenik şəraitdə hazırlanmış yeməklərdən zəhərlənmələri də əlavə etmək lazımdır. Əslində, ilboyu yediyimiz digər keyfiyyətsiz qida məhsulları orqanizmimizi birdən olmasa da, tədricən zəhərlənməkdədir. Bəs bu problem nədən yaranır, hansı nəticələrə səbəb ola bilər, necə aradan qaldırılmalıdır? Mütəxəssislərin köməyi ilə bu məsələyə aydınlıq gətirməyə çalışdıq.

İnsanlar nədən və niyə zəhərlənir?

İnsan həyatı üçün təhlükə törətməyə qadir olan ərzaq və qida məhsulları arasında un və un məmulatlarından hazırlanmış müxtəlif vermişellər, makaronlar, peçenyelər, bulkalar, ağzı bağlı müxtəlif banka məhsulları, cürbəcür sosiskalar, kolbasalar, toyuq məhsulları, sintetik sellofanlarda satılan şirniyyat məhsulları və qənnadı məmulatları, müxtəlif cür tərəvəzlər də var. Ona görə də hər bir məhsulun istehsalının, saxlanma temperaturunun və müddətinin nəzərə alınması vacibdir.

Yay mövsümündə keçirilən toy mərasimləri zamanı kütləvi zəhərlənmə risqi də yüksəkdir. Bunu ötən illərin təcrübəsi göstərir. Zəhərlənən şəxslərdə yüksək hərarət, qarın boşluğunda kəskin ağrılar, ishal, əzələ ağrıları, qusma halları müşahidə olunur. Natəmizlik və istilərin təsirindən salat və digər yeməklərdə stafilokok infeksiyası əmələ gəldiyindən insanlar zəhərlənir.

Araşdırmalar göstərib ki, saxlanma şəraitindən əlavə, bişirilmə qaydası da düzgün aparılmayan yeməklərdə bağırsaq çöpləri, digər mikroblar və bakteriyalar mövcud olur. Qidaların satıldığı mağazadakı məhsulların da analizindən analoji nəticələr alınır. Yəni bağırsaq çöpləri aşkarlanmış ərzaqlar normal bişirilmədiyindən sözügedən mikroblar ölmür.

Ona görə də yay mövsümündə ərzaqların hazırlanması, bişirilməsi və saxlanılması qaydalarına ciddi riayət edilməlidir. Tövsiyə olunur ki, tez xarab olan qida məhsulları hökmən soyuducularda saxlanılsın. Əgər sanitar-gigiyenik qaydalar qorunmazsa, zəhərlənmələrdən can qurtara bilməyəcəyik.

“Mağazaların, kafelərin çoxu gecə soyuducunu söndürür”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, AQTA qidalanma sahəsi ilə bağlı bütün sferanı əhatə etmədiyi şəraitdə zəhərlənmə halları artır: “Restoranlar, kafelər, şadlıq evləri, bir gündən qalmış qidaları saxlayıb, o biri növbələrə ötürürlər. Gecələr o cür müəssisələr soyuducuları söndürürlər. Böyük marketlərdə də səhər gedirsən ki, pis qoxu gəlir. O deməkdir ki, gecələr soyuducuları söndürürlər. Mən dəfələrlə məsələ qaldırmışam ki, heç bir təmənna olmadan gəlin dükanlarda soyuducuların hansı rejimdə işlədiyini yoxlayaq. Lakin AQTA məsələnin üzərinə getməyib. Bu vəziyyətdə, ictimai nəzarətin zəif olduğu şəraitdə, istehlakçıların da diqqət etmədiyi bir şəraitdə zəhərlənmələr əlbəttə artmalıdır”.

AİB sədri deyir ki, emal sənayesi məhsullarından başqa, ən çox zəhərlənmə qaprız və çiyələkdən baş verir: Bu məhsullara həddən artıq güclü dərmanlar vurulur ki, bu da zəhərlənməyə səbəb olur. Ona görə də istehlakçılar mümkün qədər bu məhsulları alarkən ehtiyatlı olsunlar, yalnız təbii sortları, təbii yetişmə vaxtında alıb yesinlər və dadında, rəngində ciddi fərq görərlərsə, onu yeməkdən imtina etsinlər”.

Ekspert əhaliyə çağırış edib: “Hansısa məhsuldan şübhələnirsinizsə, onu istehlak etməyin. ”1003″ qaynar xətti ilə AQTA-ya məlumat verin”.

“Çarpaz çirklənmə nəticəsində insanlar zəhərlənir”

Qida üzrə baş mütəxəssis Ağa Salamov deyir ki, zəhərlənmələrin əsas səbəbi, kənd təsərrüfatı məhsullarına hədən artıq dərman vurulması, həmçinin emal zamanı keyfiyyətsiz hazırlanmasıdır: “Görünən odur ki, zəhərlənmə halları əsasən mikrobioloji çirklənmədən baş verir. Bu, kimyəvi zəhərlənmədən də ola bilər. Məsələn, satışda nitrat səviyyəsi çox yüksək olan qarpızlar var. Bu qarpızları becərəndə pestisidlər vurulur, çox məhsul götürmək üçün normadan artıq müəyyən kimyəvi maddələrdən istifadə olunur.

Təbii ki, hava istidir, insanlar qarpıza daha çox üstünlük verir. Bir zəhərlənmə halları bundan olur. Tək qarpızda deyil, soğanda, kartofda, digər tərəvəzlərdə də nitrat çoxdur. Amma mikrobioloji çirklənmədən də bioloji zəhərlənmə baş verir ki, bu da qida məhsullarının ictimai iaşə müəssisələrinə girişi kortəbii şəkildə həyata keçirilir. Bu məhsulun mənşəyi bilinmir. Yaxud qida zəncirində qırılma baş verib. O hansı maşında daşınıb, neçə saat Günəşin altında açıq havada o ərzaqlar qalıb. Otaqda nə qədər qalıb, soyuducuya yerləşdrilibmi, ya yox?! Bunlar hamısı sual altındadır. Çarpaz çirklənmə nəticəsində insanlar zəhərlənə bilər. Çox təəssüf ki, onların üzərində nəzarət çox azdır. Aidiyyəti orqanlar ictimai iaşə müəssisələrini başlı-başına buraxıb”.

Ekspert deyir ki, zülal tərkibli riskli qidalar var, toyuq, ət, balıq, süd məhsulları otaq temperaturunda çox qala bilməz: “Eyni zamanda, şorbaların tərkibində ət, toyuq, balıq var, bunlar soyudulub, sonra soyuducuya qoyulmalıdır. İsidilmə prosesi də düzgün olmalıdır. Hər bir ictimai iaşə müəssisəsində bir mütəxəssis olmalı, nəzarət etməlidir. Məsələn, toyuq ən riskli qidadır. Salmonella bakteriyasından zəngin olan ətdir. Hava keçirməyən salafanlara doldururlar, maşınlara qoyurlar, orada boğulur, gətirilir ictimai iaşə müəssisəsinə, saatlarla saxlayırlar, zəhərlənmə də belə baş verir. Harada qida varsa, orada nəzarət olmalıdır”.

“Əsas təhlükə tədrici zəhərlənmədir”

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, qida təhlükəsizliyi üzrə ekspert Elçin Bayramlının fikrincə, Azərbaycanda istər istehsal, istər satış, istərsə də xidmət obyektlərinin çoxunda heç bir normativə riayət edilməməsi zəhərlənmələrin sayının artmasına səbəb olur: “Bazar-dükanlar saxta və keyfiyyətsiz ərzaqla doludur. Ən məşhur brendlərin son məhsulunun da saxtasını hazırlayan gizli sexlər var. Lakin açıq şəkildə istehsal olunan məhsullarda da ciddi problemlər var. Bu gün qida bazarındakı məhsulların çoxu standartlara, normativlərə cavab vermir, -istər istehsal, istər saxlanma şəraitinə görə.

Məsələn, Azərbaycanda satılan kərə yağlarının əksəriyyəti palma, marqarin və spredlərdən hazırlanıb. Limonadların və şirələrin tamamilə kimyəvi ekstratlardan hazırlandığı da sirr deyil. Mağazalarda açıq qablarda çəki ilə satılan süd məhsullarının mənşəyi məlum deyil”.

Ekspertin fikrincə, ən böyük təhlükələrdən biri də, tarla və bostan məhsullarına normadan artıq vurulan güclü kimyəvi dərmanlardır: “İnsan həyatı üçün təhlükə törətməyə qadir olan əsas ərzaq növləri əsasən, emal sənayesinin məhsullarıdır. Bu sıraya hər cür konservləri, ət məhsullarını, şirniyyat məmulatlarını və içkiləri aid etmək olar. Lakin tarla və bostan məhsullarına da çox sayda və çox güclü dərmanlar vurulur ki, bunlar da tədrici zəhərlənmələrə səbəb olur. Ən böyük təhlükə budur. Bu sahəyə ciddi nəzarət edilməlidir”.

“Bəzi yeməklər zəhərlənməyə səbəb olur”

Həkim-terapevt Ülviyyə Quliyevanın sözlərinə görə, evlərdə hazırlanan yeməklər artıq qaldığı zaman əksər hallarda alüminium qablarda saxlanması və soyuducuya qoyulmaması səbəbindən keyfiyyətini itirir və nəticə etibarı ilə toksinlərin inkişafına şərait yaradır. Üstəlik, qızardılmış yeməyin təkrar qızdırılması zamanı yağda yaranan zəhərli maddələr də zəhərlənmələrə səbəb olur.

Həkim deyir ki, kütləvi olmasa da, fərdi qaydada, yaxud ailə üzvlərinin qida zəhərlənmələri səbəbiylə müraciətlər az deyil: “Zəhərlənən şəxslərdə yüksək hərarət, qarın boşluğunda kəskin ağrılar, ishal, qusma, əzələ ağrıları, halsızlıq halları özünü göstərir. Qida zəhərlənmələri ağır nəticələr verə bilər. Zəhərlənən şəxsin mədəsindəki qida qalıqlarının xaric olunmasına, onun qusmasına çalışmaq lazımdır. Bunun üçün çoxlu maye qəbul etdirmək, ilk yardımlardan sonra xəstəni həkim yanına çatdırmaq lazımdır. Əks halda, xəstənin vəziyyəti ağırlaşa bilər”.

Həkim deyir ki, açıq yerlərdə satılan yeməkləri yeməmək, təmiz su içmək, əlin gigiyenasına xüsusi diqqət yetirmək başlıca qorunma amillərindən sayılır: “Qusma və qarının işləməsi hallarında görüləcək ilk tədbir bədəndən itirilən su və duzun yenidən bərpa edilməsidir. Bu hala düşənlər yağsız yeməklər yeməlidir. Xüsusilə də, uşaqların qidasına ciddi fikri verilməli, onlara yalnız təbii və sağlam qidalar verilməlidir”.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə