Edil Osmonbetov: Qırğıxstan Orta Asiya və Qafqaz ölkələrinə 5+3 formatı təklif edir - MÜSAHİBƏ
Qırğızstan politoloqu, beynəlxalq münasibətlər üzrə ekspert Edil Osmonbetov “Caliber” analitik mərkəzinə müsahibəsində iki ölkə arasındakı münasibətlərin və əməkdaşlığın mövcud vəziyyəti və perspektiv imkanları ilə bağlı maraqlı fikirlər bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəldi. Səfər Qırğızıstan və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi, eləcə də ölkələr arasında dostluq və əməkdaşlıq haqqında müqavilənin imzalanmasının 25 illiyi ərəfəsində baş tutdu. Edil Kubatoviç, bu səfərə, ümumilikdə ölkələrimiz arasında ikitərəfli münasibətlərə dair fikrinizi eşitmək istərdik.
- Fikrimcə, yeni geosiyasi şəraitdə bu səfər ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək. Ukrayna müharibəsi, Əfqanıstanda və Cənubi Qafqazda baş verən hadisələr bütün postsovet ölkələrinə güclü təsir göstərir, ona görə də ortaq mədəniyyətə, dinə, dilə malik olan dövlətlər də həm özünü, həm də beynəlxalq platformada başqalarının maraqları müdafiə etmək üçün ümumi strateji gündəliyə malik olmalıdırlar.
Hesab edirəm ki, bu səfərin əsas məqsədi Azərbaycan-Qırğızıstan münasibətlərini daha yüksək səviyyəyə qaldırmaq, strateji tərəfdaşlıq haqqında saziş imzalamaq və iki ölkə arasında 30 illik diplomatik münasibətlərin dönəmində gələcək qarşılıqlı fəaliyyət üçün hökumətlərarası alətlər yaratmaqdır. Elə dövrlər olub ki, ölkələrimiz arasında iqtisadi və siyasi qarşılıqlı əlaqə lazımi səviyyədə deyildi. Halbuki indi bu mənada birmənalı yerdəyişmələr var. Məsələn, ötən il Azərbaycan və Qırğızıstan arasında ticarət dövriyyəsi təxminən 10 milyon dollar təşkil edib və bu gün yaxın gələcəkdə bu göstəricinin artması üçün real ilkin şərtlər artıq mövcuddur.
- Mətbuatda yazılır ki, Japarovun Bakıya səfəri zamanı bir sıra sənədlərin, o cümlədən Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumun imzalanıb. Bu sənədlərin mahiyyətini izah edə bilərsinizmi?
- Strateji Tərəfdaşlıq Bəyannaməsi uzun illər üçün nəzərdə tutulmuş çox mühüm sənəddir və onun əsasında ölkələr böyük beynəlxalq platformalarda dinc əmək bölgüsündə və qarşılıqlı fəaliyyətdə yeri və rolunu təxminən bərabər şəkildə müəyyən edir.
Dövlətlərarası Şuranın yaradılması haqqında Memoranduma gəlincə, mən hesab edirəm ki, bu, düzgün qərardır, çünki bu, Qırğızıstan və Azərbaycanın hökumətləri, biznes strukturları və müxtəlif təşkilatları arasında qarşılıqlı fəaliyyət üçün bir növ işçi alətdir. Qırğızıstan-Azərbaycan əlaqələrinin inkişafı belə formalaşacaq.
- Qırğızıstan münaqişədən sonrakı dövrdə Bakının regionda sülhün əldə edilməsinə yönəlmiş səylərini necə qiymətləndirir?
- Qırğızıstan Azərbaycanın ərazi bütövlüyünü, BMT-nin mövcud olan bütün qətnamələrini tanıyır. Biz hesab edirik ki, işğaldan azad edilmiş ərazilər əsl Azərbaycan torpaqlarıdır, Qarabağ münaqişəsinin həllində ölkənizin prinsipial mövqeyini dəstəkləyirik.
Eyni zamanda, Qırğızıstan müstəqil Azərbaycanın suverenliyinin qorunub saxlanmasının, Cənubi Qafqazda sabitliyin və sülhün bərqərar olmasının tərəfdarıdır ki, bu da bütün Qafqaz regionunun təhlükəsizliyinin təmin olunması da daxil olmaqla son dərəcə mühümdür.
- Ötən il Azərbaycan və Qırğızıstan birgə investisiya fondunun yaradılması haqqında razılığa gəliblər. Bu istiqamətdə hər hansı addımlar varmı?
- Qırğızıstanın təcrübəsi var ki, onun əsasında Rusiya Federasiyası ilə, Qazaxıstanla birgə investisiya fondları yaradılıb, indi də Özbəkistanla 50 milyon dollarlıq fond yaradılır. İnanıram ki, bu məsələ iki ölkə liderlərinin Bakıda keçiriləcək görüşündə müzakirə olunacaq. Bu vacibdir, çünki investisiya fondları olmadan, xüsusən də biznes strukturları üçün onların layihələrini təşviq etmək çətindir, onlara təminat lazımdır. İnanıram ki, birgə investisiya fondunun yaradılması ikitərəfli investisiya mühitinin inkişafına və ciddi şəkildə möhkəmlənməsinə töhfə verəcək.
- Qırğızıstanın Cənubi Qafqaz ölkələrinə təklif etdiyi “5 üstəgəl 3” formatının tətbiqi nə dərəcədə mümkündür?
- Mərkəzi Asiyanın (MA) 5 ölkəsinin və Cənubi Qafqazın 3 ölkəsinin iştirakını nəzərdə tutan bu formatın həyata keçirilməsi, şübhəsiz ki, zəruridir. Bu gün biz yeni dünya düzəninin formalaşması astanasında olduğumuz zaman yeni geosiyasi vəziyyət yaranıb. Bu şəraitdə Mərkəzi Asiya ölkələri ciddi geoiqtisadi bölgü və təhlükəsizlik arxitekturasının məhvi faktorunu yaxşı başa düşürlər. Buna görə də, Mərkəzi Asiya və Cənubi Qafqazı tranzit dəhlizləri və geoiqtisadi dəhlizlər vasitəsilə bir-birinə yaxınlaşdırmaq cəhdi diversifikasiyanın artmasına töhfə verə bilər ki, bu da öz növbəsində bu iki region ölkələrinin geoiqtisadi sahədə özünü daha inamlı hiss etməsinə şərait yaradacaq.
Paralel olaraq, COVİD-dən sonrakı vəziyyətə və beynəlxalq təhlükəsizlik sahəsində problemlərə baxmayaraq, qloballaşma prosesinin davam etməsi nəzərə alınmalıdır. Başa düşmək lazımdır ki, qloballaşmanın əks tərəfi regionallaşmadır. Əgər indiki reallıqlarda Mərkəzi Asiya regionu və Cənubi Qafqaz ölkələri ortaq gündəm tapa bilsələr, bu, ölkələrimizin beynəlxalq münasibətlər sistemində geosiyasi çəkisinin güclənməsinə, deməli, regional dövlətlərinin suverenliyinin möhkəmlənməsinə töhfə verə bilər.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB