Aleksandr Proxanov: Ermənistan öz məğlubiyyətini rəsmiləşdirən sənədə imza atmamağa çalışır - MÜSAHİBƏ
Tanınmış Sovet və rus yazıçısı, jurnalisti, ictimai-siyasi xadimi Aleksandr Proxanov “Caliber” analitik mərkəzinə müsahibəsində Qarabağ, ermənilər və Ukraynadakı müharibə haqqında maraqlı fikirlər səsləndirib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Aleksandr Andreyeviç, siz vaxtilə Qarabağ münaqişəsinin Rusiyanın müdaxilə etməyəcəyi, sırf hərbi yolla həllini dəqiq proqnozlaşdırmışdınız. Münaqişədən sonrakı dövrdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını necə görürsünüz?
- Son hərbi əməliyyatlar nəticəsində Qarabağın böyük hissəsi Bakının nəzarətinə qayıtdı, hesab edirəm ki, bu, həmin qələbədən hərbi, geosiyasi və siyasi üstünlüklər əldə etmiş Azərbaycanı müəyyən dərəcədə qane etməlidir. Ona görə də mənə elə gəlir ki, bu müharibənin qalibiyyətlə davam etməsi hissi, xüsusən də Qarabağ bölgəsində Rusiya sülhməramlılarının olması fonunda itib. Əvvəllər mən bu cür bəyanatlar verəndə orada Rusiya sülhməramlıları yox idi. İndi orada elə qüvvələr var ki, onların görünüşü ilə həm Bakı, həm də İrəvan razılaşır. Ona görə də, fikrimcə, münaqişənin bundan sonra da hərbi yolla davam etdirilməsindən danışmaq düzgün deyil.
- 2020-ci ildəki müharibənin nəticəsi Qarabağ probleminə son qoydu. Amma faktiki olaraq Ermənistan hələ də regionda nəqliyyat kommunikasiyalarının blokunun açılmasının qarşısını alır və sərhədlərin demarkasiyası və delimitasiyası prosesini hər cür ləngidir. Bununla bağlı nə düşünürsünüz?
- Bu barədə mühakimə yürütmək mənim üçün çətindir, çünki hadisələrdən hələ də uzaqdayam. Amma hesab edirəm ki, bu, ermənilərin tamamilə başa düşülən istəyidir. Bu yolla öz məğlubiyyətləri altında yekun imza atmamağa çalışırlar. Başa düşmək lazımdır ki, Ermənistan müharibədə uduzaraq bu məğlubiyyətin bütün neqativlərini yaşayır və ona görə də bəzi problemlərin həllinə mane olur. Bir növ qalıq kimidir. Düşünürəm ki, belə bir gecikmə nəhayət, bu gün olmasa, sabah və ya o biri gün aradan qalxacaq. Bu aktual deyil, taktiki və müvəqqətidir. Vacib odur ki, gecikmə ermənilər və azərbaycanlılar arasında döyüş əməliyyatlarını bərpa etmək üçün səbəbə çevrilməsin. Amma sonuncu, məncə, baş verməyəcək.
- Yəni tərəflər sülh sazişi imzalayacaqlar?
- Yox. Mən belə düşünmürəm. Düşünürəm ki, sülh sazişi üzrə danışıqlar Rusiya və Yaponiya arasında olduğu kimi davam edə və hətta əbədi davam edə bilər.
- Proqnozunuz optimizm yaratmır. Bununla belə, ermənilərin əvvəl Rusiyanın, sonra isə Avropanın dəstəyini itirməsi kifayət deyilmi?
- Hesab edirəm ki, indi Avropa üçün Qarabağ və Ermənistan-Azərbaycan münaqişəsi aktual deyil. Avropa bütün hərbi, iqtisadi və siyasi resursları ilə Ukraynaya yönəlib və bu başa düşüləndir. Çünki indi məhz Ukrayna ərazilərində Avropanın və dünyanın taleyi həll olunur. Azərbaycanın ən yaxın strateji müttəfiqi olan Türkiyənin də bu münaqişədə iştirak etməsi ilə bu hadisələr qismən sizin regiona da təsir edə bilər. Ona görə də Rusiyanın qarşısında incə vəzifə durur: onun üçün Ərdoğan və Əliyevlə dostluq münasibətləri saxlamaq və eyni zamanda Ukrayna cəbhəsində türk hərbçilərinin meydana çıxmasına qarşı çıxmaq vacibdir.
- Yeri gəlmişkən, Ukrayna-Rusiya müharibəsinin qaçılmaz olduğunu şəxsən siz bəyan etdiniz. O zaman nədən bu qənaətə gəldiniz?
- Onda mən tankların, silahların sayını hesablamaqdan başlamamışam, 1991-ci ildə Rusiyaya qarşı, rus amilinə, rus şüuruna qarşı böyük tarixi zorakılığın törədildiyinə əsaslanmışam. Rusiya ilə əlaqə kəsildi, ruslar qurub-yaratdıqları, çoxlu zəhmət, enerji və pul sərf etdikləri ərazilərdən qovuldular. Ukrayna Rusiyanın Sovet sivilizasiyasını yaratdığı əsas bölgələrdən biri idi. Belə bir şiddətli, kəskin, bir mərhələli amputasiya bərpa ilə təhdid edildi. Hesab edirəm ki, Rusiya 1991-ci ildən sonra çox uduzdu və Amerikanın xarici nəzarəti altında idi.
Lakin sonra Rusiya yavaş-yavaş, amma əminliklə əks hücuma keçir. Bu proses Ukraynada bu gün də davam edir və belə qəddar formaları var.

- Müharibədən qaçmaq mümkün idimi?
- Hesab edirəm ki, tarix müxtəlif texnologiyalardan, siyasi və hətta hərbi elmlərdən qat-qat vacibdir. Dediklərim tarixi qaçılmazlıqdır. Tarixi qaçılmazlığa görə rus qisası. İnanmıram ki, Zelenski hökuməti Belovejskaya sazişləri imzalanana qədər vəziyyəti bərpa etməyə getsin. Radikal millətçiliyə və radikal rusofobiyaya əsaslanan yeni Ukrayna dövlətinin yaradılması ideyası yeni tipli dövlətin yaradılmasının məntiqidir. Belə bir dövlət yaratmaq üçün Ukrayna elitası çoxlu zəhmət, səy və pul xərclədi. Burada danışıqlar yersiz olardı. Danışıqlar aparmağa çalışsalar da, uğursuz oldular.
- İkinci Qarabağ müharibəsi Azərbaycanın tarixində ədalətli və azadedici kimi qalacaq, çünki biz torpaqlarımızı qaytardıq. Bəs Ukrayna ilə müharibə Rusiyanın tarixində nə kimi qalacaq? Ona nə ad verə bilərsiniz?
- Bütün müharibələr ədalətli olub. Bunlar Sparta ilə Afina, Roma və Karfagen, Prussiya və Fransa arasında idi. Uduzan ölkələr baxımından isə bu müharibələr ədalətsiz idi. Amma onların hamısı qaçılmaz idi və dərin tarixi xarakter daşıyırdı. Ona görə də bu müharibəni ədalətli və ya ədalətsiz adlandırmaq mənasızdır.
- “Donbasa xəyanət etmək olmaz” deməklə nəyi nəzərdə tuturdunuz?
- Onda demək istəyirdim ki, Donbass üsyanla əldə etdiyi “suverenliyini” bundan sonra da müdafiə etməyə hazırdır, Ukrayna tərəfindən dəhşətli təzyiqlərə məruz qalıb. Eyni zamanda, Rusiyanın köklü elitasından da qüvvələr var idi ki, onlar deyirlər ki, Donbassın bizə heç bir faydası yoxdur, onu müxtəlif bəhanələrlə Ukraynaya qaytarmaq lazımdır. Deməli, bu, xəyanət və Donbasın qanlı ətçəkən maşına, ukraynalıların etnik təmizləmə aparacaqları yerə çevrilməsi kimi görünürdü. Mən məhz bunu nəzərdə tuturdum. Buna görə də, Ukraynada bugünkü kampaniyanın motivasiyalarından biri Donbassın dağıntılardan, qırğınlardan qorunması idi. Və burada mən Putinlə razıyam.
- Çoxsaylı itki və dağıntılarla yanaşı, müharibə genişmiqyaslı humanitar fəlakətə gətirib çıxarır...
- Müharibə Qarabağda humanitar fəlakətə səbəb olmadımı? Oldu. Hər bir müharibə humanitar fəlakətə gətirib çıxarır. Döyüşən tərəflərin çiçəklənməsinə səbəb olan bir müharibə yoxdur.
-Bəli, amma 90-cı illərdə Qarabağ müharibəsi, əsasən Azərbaycan üçün genişmiqyaslı humanitar fəlakətə çevrildi...
- İstənilən humanitar fəlakət dəhşətlidir. Yuqoslaviyada, Cənubi Osetiyada baş verən humanitar fəlakəti xatırlayın. Nə haqqında danışırıq? Müharibələr pirojna deyil, saqqızlı konfet deyil. Hər yerdə daxili ziddiyyətlər çox uzun müddət yığılıb.
- Ukraynada müharibə necə və hansı zaman çərçivəsində bitə bilər?
- Hesab edirəm ki, bu müharibə Ukraynanın indiki hakimiyyətinin aradan qaldırılması ilə başa çatmalıdır. Bundan sonra Ukraynanın necə formalaşacağını mühakimə etmək mənim işimə aid deyil. Bir çox variant var. İnanıram ki, müharibə kifayət qədər uzun müddət davam edəcək, biz hələ uzun müddət atəş eşidəcəyik.
- Qərbə qarşı çıxmaq üçün Ukraynada atəş açmaq? Rusiyalı siyasi texnoloqlar Ukraynadakı müharibəyə belə baxır?
- Mən bunu Rusiya ilə Ukraynanın təmsil olunduğu Qərbin qarşıdurması hesab edirəm, çünki Ukrayna Qərbin köməyi ilə anti-Rusiya dövlətçiliyini yaradıb. Məhz Qərb belə bir anti-Rusiyanı formalaşdırdı, Ukraynaya külli miqdarda vəsait, hərbi, maliyyə, kommersiya sərmayəsi qoydu. Ukrayna NATO-ya daxil olmağa can atırdı və hərbi alyansın bir hissəsi olmaq istəyirdi, Qərb isə Ukraynanı NATO-da görmək istəyirdi. Ona görə də Ukrayna ilə müharibə, eyni zamanda, NATO ilə qarşıdurmadır.
- Prezident Putin etiraf etdi ki, o, Ukraynada müharibəyə son qoymaq istəyir.
- Düşünürəm ki, Putin həqiqətən də bu müharibəni bitirmək istərdi. Ancaq onun harada bitirmək istədiyi vacibdir. Moskva yaxınlığındakı Patriot parkındamı və ya başqa yerdəmi bitirmək istərdi. Bizə harada bitməli olduğunu demədi.
- Bəs siz nə düşünürsünüz?
- Düşünürəm ki, Bakıda görüşüb yaxşı şərab içəcəyik.
- Buyurun gəlin! Son olaraq soruşacağam- indi nə üzərində işləyirsiniz?
- Həmişə olduğu kimi, kitablar çap etdirirəm. Bilirsiniz, mən həyatımda 16 müharibədə olmuşam, o cümlədən Qarabağ müharibəsi. İndi isə Ukraynada döyüşən Rusiya kontingentindəki əsgərlərimiz üçün şeir yazıram.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB