Rusiya ekspertləri: “Əsas məsələ Ermənistanı sülh sazişi imzalamağa məcbur etməkdir” - ŞƏRHLƏR

Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan ilə növbəti görüşü balayıb. Xatırladaq ki, Aİ-nin himayəsi altında keçən ilk yüksək səviyyəli danışıqlar raundu 2021-ci il dekabrın 14-də “Şərq Tərəfdaşlığı” sammiti ərəfəsində baş tutub.

Rusiyalı ekspertlər sammitin nəticələrindən gözləntilərə dair fikirlərini “Caliber” analitik mərkəzinə bölüşüblər. Ekspertlərin fikirlərini oxucularımıza təqdim ediirik.

Siyasi Tədqiqatlar İnstitutunun (RF) direktor müavini Darya Qrevtsovanın sözlərinə görə, indi Avropanın Azərbaycan və Ermənistan arasında mübahisələrin həllində əsl vasitəçi olmaq üçün unikal şansı var.

“Məlumdur ki, Avropada, xüsusən də, Fransada ermənilərə fəal kömək edən, Türkiyəyə qarşı çıxan və anti-islam siyasəti yürüdən aktiv ermənipərəst əhval-ruhiyyə var. Bu vəziyyətdə Avropa İttifaqının neytral mövqe tutması çətindir. Bununla belə, Brüsselin mübahisəli məsələlərin həlli üçün Ermənistana təsir edəcəyinə ümid var. Söhbət ilk növbədə Qarabağdakı hərbi birləşmələrin Ermənistan tərəfindən tərksilah edilməsindən, ikincisi, hazırda Azərbaycan üçün çox vacib olan nəqliyyat kommunikasiyalarının blokunun açılmasından gedir.

Sərhədlərin demarkasiyası və delimitasiyası məsələsi çox mürəkkəbdir, çətindir, lakin həll edilməlidir. Və nə qədər tez həll olunarsa, sərhəddə hər hansı toqquşma və mübahisələr bir o qədər az olar. Və bütün bunların nəticəsi olaraq, Ermənistanı hərtərəfli sülh sazişi imzalamağa, Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın Azərbaycan ərazilərinin bir hissəsi kimi tanımağa məcbur etmək əsas məsələ olaraq qalır. Bütün bunlar Azərbaycan üçün və regionun inkişafı üçün çox vacibdir. Əgər Avropa bu məsələlərdə yardım etsə, təbii ki, bu, Brüssel üçün böyük irəliləyiş və diplomatik qələbə olacaq.

Düşünürəm ki, Avropa vasitəçiliyə maraq göstərir, çünki o, Rusiyanın sanksiyalar altında təsirinin azaldığını başa düşür. Üstəlik, Rusiyanın öz həll olunmamış problemləri var, ona görə də Avropa vasitəçiliyi öz əlinə almağa və Ermənistanla Azərbaycan arasında mövcud ziddiyyətlərin həllinə kömək etməyə hazırdır. Bu baxımdan, avropalı siyasətçilər başa düşürlər ki, hazırda çox şey onlardan asılıdır və Ermənistana necə təsir edə bilər. Aİ Ermənistanın tələb etdiyi kimi ATƏT-in Minsk qrupu formatında danışıqlara qayıtmağa töhfə verə bilər və çox güman ki, görüşdə bu məsələ qaldırılacaq. Amma başa düşmək lazımdır ki, burada çox şey qarşı tərəfin – Azərbaycanın istəyindən asılı olacaq. Eyni zamanda, heç kimə sirr deyil ki, mövcud olduğu 30 il ərzində bu beynəlxalq struktur diplomatik kanallarla aparılan danışıqlarda heç bir müsbət nəticə əldə edə bilməyib. Ona görə də indi bu formata qayıtmaq, məncə, perspektivsizdir.

Eynilə, Azərbaycan tərəfi ATƏT-in Minsk Qrupu üçün də alternativ variantlar təklif edə bilər. Azərbaycan başa düşür ki, bu təşkilatda erməni lobbiçilərinin sayı həddən artıq çoxdur və ola bilsin ki, bu səbəbdən bütün işğal dövründə aparılan danışıqlar istənilən nəticəni verməyib. Bu səbəbdən də Ermənistan tərəfi bu formatı bərpa etməkdə israrlıdır. Nəzərə alsaq ki, Azərbaycanın Brüsseldəki danışıqlarında istənilən problemi həll etmək üçün düzgün yol tapmağı bacaran müdrik lider dayanır, ATƏT-in Minsk qrupunun danışıqlar prosesinə qayıtması birbaşa Azərbaycanın istəyindən asılı olacaq”, - Dərya Qrevtsova bildirib.

Öz növbəsində, IMEMO RAS-ın Postsovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi, tarix elmləri namizədi Stas Pritçin hesab edir ki, əvvəlki yüksək səviyyəli görüşlər hələ ki, ciddi irəliləyişlərə səbəb olmayıb.

“Söhbət Avropa İttifaqının münaqişəni başa düşməməsində və ya bəzi görünən nəticələrə nail olmaq üçün diplomatik vasitələrin olmamasında deyil. Baxmayaraq ki, bu da haqlıdır, çünki Aİ-nin siyasi mərkəz kimi münaqişə ilə bağlı kifayət qədər dolayı ideyaları var ki, ortaq məxrəcə gəlmək çətin mümkün olsun. Ona görə də, prinsipcə, burada ciddi gözləntilər yoxdur. Lakin siyasi vəziyyət baxımından bunu təşəbbüsü ələ keçirmək və Rusiyanı danışıqlar prosesindən uzaqlaşdırmaq cəhdi kimi də qiymətləndirmək olar.

ATƏT-in Minsk qrupuna gəlincə, bu formatda olan bütün ölkələrdən yalnız Fransa Brüsseldə vasitəçilik edəcək. Bu, tamamilə fərqli qarşılıqlı fəaliyyət formasıdır və bu gün ATƏT-in Minsk Qrupu ölkələri arasında Qarabağla bağlı ciddi ziddiyyətlər olmasa da, danışıqlar üçün hansısa formada köhnəlmiş beynəlxalq strukturdan istifadə oluna biləcəyini təsəvvür etmək hələ də çətindir. Azərbaycanın passivliyinə görə ATƏT-in Minsk Qrupuna qarşı ciddi iddialar irəli sürdüyünü nəzərə alsaq, bu, xüsusilə şübhəlidir. İkinci Qarabağ müharibəsinin başa çatmasından il yarım keçir və ATƏT-in Minsk Qrupu yaranmış gərgin məqamların həlli ilə bağlı heç bir prosesdə iştirak etməyib. Yəni ATƏT-in Minsk Qrupu heç bir şəkildə özünü göstərmir.

Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə gəlincə, burada, prinsipcə, kompromis yanaşma tələb edən məsələlərdə ciddi yaxınlaşma yoxdur. Yəni Ermənistanın Azərbaycanın sərhədlərin açılması, nəqliyyat dəhlizlərinin işə salınması ilə bağlı təkliflərini nəzərdən keçirməyə hazır olduğuna dair siqnallar var, amma mənim anladığım qədər, delimitasiya ilə bağlı danışıqlar prosesi getmir və bu, ən əsasıdır. Sərhəddə razılaşmadan əslində münasibətlərdə hansısa dönüşün mümkün olduğunu söyləmək lazım deyil. Çünki münasibətlərdə hər zaman həll olunmamış sərhəd problemi üstünlük təşkil edəcək və kimin ərazisi, kimin bulağı, kimin yolu mübahisəsi istənilən razılaşmalara mənfi təsir göstərəcək. Buna görə də, ümumiyyətlə, sülh müqaviləsindən danışsaq, onun əsas sərhəd məsələsi üzrə razılaşma olmadan imzalana biləcəyini təsəvvür etmək mənim üçün çətindir”,- Stas Pritçin bildirib.

Eyni zamanda, Yeni Cəmiyyət İnstitutunun direktoru, politoloq Vasili Koltaşov Aİ-nin vasitəçilik səyləri ilə bağlı fərqli mövqe bildirib.

Onun sözlərinə görə, Aİ Ermənistanla Azərbaycan arasında gərginliyin dərəcəsini artırmaqda maraqlıdır ki, bu, Qafqazda vəziyyətin kəskin şəkildə gərginləşməsinə səbəb olsun.

“Bu, Brüssel, London və Vaşinqton üçün eyni dərəcədə vacibdir, çünki bu, Moskvaya diqqəti Ukraynadakı hərbi əməliyyatlar teatrından yayındırmağa və onu yenidən Ermənistan-Azərbaycan ziddiyyətlərinə diqqət yetirməyə məcbur etməyə imkan verir. Ona görə də indi Ermənistan üçün, eləcə də Azərbaycan üçün ən ağlabatan şey Avropanın vasitəçiliyindən bu şəkildə istifadə edərək yığılmış ziddiyyətləri düzəltməyə, hətta onları həll etməyə çalışmaq olardı. Çünki Qafqaz çox ciddi genişmiqyaslı münaqişə zonasına çevrilə bilər və bu, Ermənistanla Azərbaycan arasındakı münaqişədən xeyli kənara çıxacaq. İran, Rusiya, Türkiyəni bura çəkmək olar. Və bu, bütün mümkün variantlardan son dərəcə arzuolunmaz variantdır”, - Vasili Koltaşov bildirib.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə