Brüssel görüşü: Azərbaycan-Ermənistan danışıqları nə vəd edir? - Ekpsertlər şərh edir

Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının rəhbərinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Aİ nümayəndəsinin sözlərinə görə, iki ölkənin liderləri ötən il dekabrın 14-də analoji danışıqlardan sonra baş verənləri, həmçinin “bütün insanların rifahı naminə təhlükəsiz, sabit və firavan Cənubi Qafqaz qurmağın gələcək yollarını” müzakirə edəcək. Aİ həmçinin qeyd edib ki, Aİ “Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin edilməsi işinə sadiq qalır”.

Hazırkı vəziyyətdə Əliyevlə Paşinyan arasında Aİ platformasında gözlənilən görüşdən hansı nəticələr gözləmək olar və belə bir görüş nə deməkdir- bu məsələləri rusiyalı ekspertlər “Moskva-Bakı” platformasına şərh ediblər. Ekspertlərin şərhlərini oxucularımıza təqdim edirik.

Politoloq Yevgeni Mixaylov:

- Brüsseldəki üçtərəfli görüşdən müsbət gözləntilərim yoxdur. Sülh müqaviləsindən danışırıqsa, Ermənistanın mövqeyi özü ilə ziddiyyət təşkil edir. İrəvan 1990-cı illərin əvvəllərində MDB-nin yaradılması haqqında sazişi imzalamaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını təsdiq etdilər, lakin bu, Ermənistan tərəfinin sonradan Azərbaycanın ərazilərini işğal edərək ərazi bütövlüyünü pozmasına mane olmadı. Digər tərəfdən, İrəvan Qarabağın statusu və Qarabağ ermənilərinin hüquqları məsələsini gündəmə gətirir və bunun “ərazi məsələsi deyil, hüquq məsələsi” olduğunu əsas gətirir. Yaxşı, hər iki suala artıq cavab verilib - Qarabağ Azərbaycandır və ona uyğun olaraq Azərbaycanın tərkibindən başqa status ola bilməz. Heç vaxt ikinci erməni dövləti olmayıb və olmayacaq. Vladimir Putin beynəlxalq hüquq baxımından Qarabağın Azərbaycan olmasını bəyan edib. Qarabağ ermənilərinin hüquqlarına gəlincə, Əliyev bildirib ki, o, Qarabağ ermənilərinə Azərbaycanın qalan vətəndaşları kimi hüquqları verməyə hazırdır.

Yəni gördüyümüz yenə də İrəvanın bəzi ziddiyyətli bəyanatlarıdır. Bunun mənası nədi? Həmin Ermənistan yenə də Azərbaycanla sülh müqaviləsinin imzalanmasını hər vasitə ilə ləngitməyə çalışır. İrəvan qoşunların çıxarılmasının zəruriliyindən danışır, delimitasiya ilə məşğul olaq, bitib-tükənməyən mübahisələrdən yox.

Azərbaycanın mövqeyi belədir ki, Ermənistanı mütəmadi olaraq sülhə, sülhsevər addımlara sövq edir. Sözün əsl mənasında, ötən gün Azərbaycan rəsmiləri bir daha qeyd etdilər ki, Bakı Ermənistanla mehriban qonşuluq münasibətlərinə hazırdır, bu, vacibdir, lakin Ermənistan məsələyə konstruktiv münasibət göstərməlidir.

Görüşün Avropa İttifaqının təşəbbüsü ilə keçirilməsinə gəlincə. Aİ yenə də Cənubi Qafqazda nəsə etdiyini göstərməyə çalışır, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün bütün səylərini əsirgəməyən Rusiyanın ayağına basmağa çalışır. Rusiya elə bir yol açıb ki, tərəflər üçtərəfli bəyanatın bəndlərini ardıcıl şəkildə yerinə yetirərək rasional hərəkət etsələr, sülh müqaviləsinin imzalanmasına nail olmaq olar.

Təbii ki, Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyat fonunda Aİ digər məsələlərlə yanaşı, kənardan bu görüşün qəbulunu daha da gücləndirməyə çalışır. Baxın, Azərbaycan və Ermənistan qərb platformasında görüşür. Amma fərq etməməlidir. Başa düşmək lazımdır ki, Avropa İttifaqı ilk növbədə belə bir görüşlə öz məqsədlərinə çatmağa çalışır. Və Ermənistan da. Azərbaycan danışıqlara gedir, amma başa düşür ki, heç nə alınmayacaq. Erməni tərəfi bunun Qərb vasitəsilə öz mövqelərini irəlilətməyə çalışmaq fürsəti olduğunu anlayaraq danışıqlara gedir. Avropa İttifaqı isə, təcrübədən göründüyü kimi, Azərbaycanın Avropa üçün qaz təchizatçısı kimi əhəmiyyətinə baxmayaraq, daha çox Ermənistanın tərəfində oynayır.

Bu yaxınlarda Avropa Parlamentinin işğaldan azad edilmiş ərazilərdə “erməni mədəni-dini irsinin” bəzi obyektlərinin dağıdılması, yəni Bakının nəzarətinə qaytarılması ilə bağlı Azərbaycana qarşı ittihamları özündə əks etdirən anti-Azərbaycan qətnaməsinin qəbul edilməsini götürək. Bu, absurddur. Mən şəxsən Qarabağda olmuşam və qədim Azərbaycan abidələrinin işğalı zamanı erməni tərəfinin dağıdılmasının nəticələrini görmüşəm. Ola bilsin ki, erməni tərəfi özünün “qədimliyini” və ərazidə mövcudluğunu sübut etməyə çalışır. Erməni tərəfinin özününkü adlandırdığı məbədlər isə əslində işğal dövründə erməni məbədlərinə oxşadılaraq dəyişdirilmiş Alban-Udi məbədləri olub. Ona görə də Avropa Parlamentinin Azərbaycanı ittiham etməsi tamamilə axmaq bir ittihamdır.

Xatırladığımız kimi, davamlı olaraq anti-Azərbaycan qətnamələri qəbul edilir. Amma anti-erməni qətnamələri çox azdır. Baxmayaraq ki, işğalçı Ermənistandır.

Azərbaycan başa düşür ki, bu halda Aİ-nin mövqeyi şübhəlidir, lakin o, danışıqlara gedir, çünki ona hələ də diplomatik etiketə riayət etmək lazımdır. Əgər Aİ platforma təklif edirsə, o zaman imtina etməməlisiniz. Amma eyni zamanda İlham Əliyev də yaxşı bilir ki, Ermənistanla sülhün bağlanması yalnız Rusiyanın vasitəçiliyi ilə mümkündür. Biz xatırlayırıq ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı Moskvaya iddialar təqdim edilən üçtərəfli bəyanatı imzaladıqdan sonra Qərb dövlətləri necə əsəbi idilər.

Son həftələrdə gördüklərimiz (lakin bu, əvvəllər də olub): Ermənistan mütəmadi olaraq bütün qondarma “sivil dünya”ya şikayət edir ki, guya Azərbaycan Qarabağ ermənilərinin hüquqlarını “pozur”, “etnik təmizləmə” aparır, lakin eyni zamanda heç bir sübut təqdim edə bilmir. Ermənistan yenə də Azərbaycanı gözdən salmağa çalışır. Ermənistan sülh sazişi üzrə danışıqların ATƏT-in Minsk qrupundan keçməsində israr edir. Amma bu Minsk Qrupunun Qarabağ nizamlanması ilə nə qədər məşğul olduğunu və məsələni həll etmədiyini xatırlayırıq. Münaqişə Rusiyanın milli vasitəçiliyi ilə üç lider formatında həll olunub. İndi Rusiyanın düşdüyü vəziyyəti nəzərə alsaq, İrəvanın yerində olsaydım, Avropa İttifaqı ilə dostluqda və ona müraciətlərdə daha diqqətli olardım.

Yeri gəlmişkən, Ermənistanın son zamanlar sülhməramlıların hərəkətlərinə qarşı əsassız iddialar irəli sürməsinə diqqət yetirmək yerinə düşər. Ermənistanın özü isə nəinki üçtərəfli bəyanata, o cümlədən qanunsuz birləşmələrinin Qarabağdan çıxarılmasına dair bəndə əməl etmir, həm də sülhməramlıların arxasından Azərbaycan mövqelərini atəşə tutmağa çalışır. Düşünürəm ki, Moskva və Bakı bu vəziyyətin yekun tənzimlənməsi və Ermənistan tərəfinin Qarabağdan qanunsuz silahlı birləşmələrin çıxarılması ilə bağlı öhdəliklərini yerinə yetirməsi üçün imkanlar tapacaq.

Şübhə etmirəm ki, Rusiya tərəfi Qarabağdakı prosesdən xəbərdardır və fürsət düşən kimi müəyyən qərarlar verəcək. Üstəlik, Putin bu yaxınlarda Əliyevlə Paşinyana zəng edib. Avropa İttifaqı isə ancaq gözə kül üfrür.

Politoloq, PolitRUS portalının rəhbəri Vitali Arkov:

-Təbii ki, Azərbaycan və Ermənistan danışıqlar üçün bütün imkanlardan, xüsusən, birinci şəxslərin iştirak etdiyi danışıqlardan istifadə etməlidir. Onlardan imtina etməyə dəyməz. Aydındır ki, həm Azərbaycan, həm də Ermənistan Avropa ilə mübahisə etmək istəmir. Və beləliklə təklifə tərəf gedirlər. Amma Brüsseldə konkret nəticə gözləmək lazım deyil, heç bir irəliləyiş olmayacaq. Baxmayaraq ki, təbii ki, Avropa mətbuatının bu barədə əsrin hadisəsi kimi yazacağına şübhəm yoxdur.

İndi çoxları yenidən niyə danışıqların Rusiyanın deyil, Aİ-nin vasitəçiliyi ilə getdiyinə diqqət yetirir, çünki Moskva Qarabağ nizamlanmasında əsas vasitəçiyə çevrilib. Düşünmürəm ki, müzakirə ediləcək bir şey olsaydı, Vladimir Putin Moskvada belə bir görüşü təşkil etməyə vaxt tapmazdı. Və Rusiyanın Ukraynada məşğulluğuna istinad etməyə dəyməz. Problem ondadır ki, Azərbaycan və Ermənistanın mövqeləri hələ də üst-üstə düşmür və hələ müzakirə olunacaq şeylər var. İndi danışıqlarda konkret məqamlar açıqlansaydı, əminəm ki, danışıqlar avropalı siyasətçilərin vasitəçiliyi ilə deyil, Vladimir Putinin vasitəçiliyi ilə aparılardı.

Brüsseldə keçiriləcək görüş, ilk növbədə, Rusiyanın təsir zonasında öz mövqelərini gücləndirmək baxımından Qərbə lazımdır- Aİ Cənubi Qafqazda Moskvanın artıq heç nəyə təsir göstərmədiyini göstərmək istəyir. Amma bu, yumşaq desək, belə deyil. Qərb burada da Rusiyanı küncə sıxışdırmaq istəyir. Hər şeyin, bütün məsələlərin Avropada həll olunduğunu göstərmək üçün çalışır. Amma bu, işləməyəcək. 2020-ci ilin payızında Moskva Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli bəyanatın imzalanmasına nail olanda avropalı siyasətçilərin necə səs-küylü bəyanatlar səsləndirdiyini xatırlayırıq.

Biz xatırlayırıq ki, ötən ilin sonunda Əliyevlə Paşinyan arasında ilk görüşdə Şarl Mişelin vasitəçiliyi ilə Putin, Əliyev və Paşinyanın razılaşdığı məqamlar yenidən təsdiqlənib. Bundan sonra bildirilib ki, Aİ-nin vasitəçiliyi ilə delimitasiya prosesinə, sülh müqaviləsinin imzalanmasına başlamaq olar. Amma bunların heç biri baş vermədi.

Eyni zamanda, Aİ-nin vasitəçiliyi ilə danışıqlar indi Ermənistan üçün faydalıdır. Çünki bu, həm üçtərəfli bəyanatların həyata keçirilməsi prosesini ləngitmək, həm də Qərblə burgə hoqqabazlıq etmək demək olacaq. Axı Qərb ölkələrində kifayət qədər güclü erməni lobbisi fəaliyyət göstərir. ABŞ və Fransa Qarabağın statusunun həllinin vacibliyi məsələsini irəli sürdülər. Belə çıxır ki, onlar Ermənistanla yanaşı oynayırlar. Onların məqsədi Ermənistanı Rusiyanın orbitindən çıxarmaqdır. O cümlədən absurd məsələlərdə İrəvanla bərabər oynamaqla xal qazanmağa çalışırlar.

Əliyevin danışıqlarda iştirakına gəlincə, Putinlə Əliyev arasında münasibətlərin tamamilə səmimi olduğu göz qabağındadır. Əgər bu gün kimsə bunun belə olmadığını göstərməyə çalışırsa, bu, doğru deyil. Putin və Əliyev həmişə bir-birini başa düşəcəklər.

Əminəm ki, Rusiya Ermənistanı yumşaq şəkildə üçtərəfli danışıqların həyata keçirilməsinə yönəltməyə davam edəcək. Top indi İrəvanın tərəfindədir. İrəvan üçtərəfli bəyanatların yerinə yetirilməsi prosesini süründürür. Biz bu işi irəli aparmalıyıq. Çünki delimitasiya olmadan sərhədlərdə sülh olmayacaq. Rusiyaya Cənubi Qafqazda sülh, nəqliyyat layihələrinin inkişafı lazımdır. Paşinyan Rusiya Federasiyası ilə Qərb arasında oynayır və hamının xoşuna gəlmək istəyir. Amma Paşinyan Moskvanı çaşdırsa, o, çox qısa müddətə baş nazir olaraq qalacaq.

Yeri gəlmişkən, Əliyev və Paşinyan təcrübə və hazırlıq baxımından tamamilə fərqli miqyaslı siyasətçilərdir. Paşinyan Əliyevlə müqayisədə vaxtaşırı özünü ədəbsiz aparan məktəblidir. Ermənistan rəhbərliyi hələ də öz qonşularından, siyasətdən və mehriban qonşuluqdan, müdriklikdən öyrənməlidir. Özünüzkü kifayət deyilsə, başqasınınkini götürməlisiniz.

Son həftələr Azərbaycan daima Ermənistanla mehriban qonşuluq münasibətlərinin vacibliyindən, sülh müqaviləsinin imzalanmasının vacibliyindən danışır, eyni zamanda irəli getməli olduğumuzu, üçtərəfli sazişləri həyata keçirməli olduğumuzu, o cümlədən Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılmasının başa çatdırılmasının zəruriliyi deyir. Düşünürəm ki, Qarabağda erməni əhalisi arasında demilitarizasiya aparmaq- mövcud silahları götürmək məqsədəuyğun olardı, əks halda onlar təhlükə yaradır.

İndi Ermənistan, yeri gəlmişkən, görünür, dünyada baş verən tarixi siyasi dalğadan istifadə etmək qərarına gəlib və kifayət qədər qəribə bəyanatlar verməyə başlayıb ki, Azərbaycanın məqsədi Qarabağın erməni əhalisinin “soyqırımı”dır. Düzünü desəm, bu, absurddur. Ermənistan işğalçı olmasına baxmayaraq, həmişə özünü “alçaldılmış və təhqir olunmuş” qurban kimi təqdim edib. Bu, hamı tərəfindən bilinməlidir.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə