Aqrar turizm: potensial və perspektivlər - ANALİZ

Azərbaycan iqtisadiyyatının neftdən asılılığının azaldılması üçün inkişaf etdirilməsi vacib olan perspektiv sahələrdən biri də turizmdir

Xəbər verdiyimiz kimi, yanvarın 27-də Avropa İttifaqının maliyyələşdirdiyi, Avrasiya Tərəfdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun icra etdiyi “AgriVision” layihəsi çərçivəsində Aqrar-turizm İnvestisiya Forumu keçiriləcək. Forumda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Aqrar Kredit və İnkişaf Agentliyi kimi dövlət orqanlarının, kənd yerlərinin inkişafı, kənd təsərrüfatı və turizm sahələrində çalışan beynəlxalq donor təşkilatlarının (UNDP, FAO və USAID) nümayəndələri iştirak edəcəklər. Eyni zamanda, kiçik və orta fermer təsərrüfatlarının, müəssisələrlə işləyən maliyyə institutlarının, həmçinin kənd turizm imkanlarını maliyyələşdirməkdə maraqlı olan dövlət və özəl şirkətlərin, fərdi sahibkarların tədbirdə iştirakı nəzərdə tutulub.

Turizmin inkişafı üçün hansı işlər görülüb?

Azərbaycanda qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir. Ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması üçün klaster yanaşma məqbul sayılır. Klaster yanaşma zamanı Azərbaycanda perspektivi aydın görünən bir neçə sahənin inkişaf etdirilməsi əsas götürülür. Ölkəmizdə yüksək potensial və perspektivləri olan sahələrdən biri də aqrar sektor və bir növ ona bağlı olan turizm sektorudur.

Azərbaycan təbii şəraiti, olduqca zəngin və rəngarəng rekreasiya ehtiyatları, xarici və daxili turizmin və əhalinin istirahətinin təşkili üçün hər cür şəraitə malikdir. Respublikamızın əlverişli iqlim şəraiti, ilboyu zirvələri qar və buzlaqlarla örtülü olan ecazkar quruluşu, cəlbedici landşaftı, çoxsaylı dağ çayları və şirinsulu gölləri, insanı heyrətə gətirən şəlalələr, yüzlərlə mineral və müalicəvi bulaqlar, narın qumlu dəniz çimərlikləri, palçıq vulkanları, tarixi-mədəni abidələr və s. ölkədə daxili və xarici turizmin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır.

Nəqliyyat xidmətlərinin, yolların və s. inkişafı sahibkarlıq, turizm və s. sahələrin dirçəlişinə təkan verir. O cümlədən, bu gün Azərbaycanın ən ucqar kəndlərinədək rahat yolların çəkilməsi, ölkəmizin Şərq-Qərb, Şimal-Cənub kimi iri beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi turizm sektorunun da inkişafına ciddi təsir göstərməkdədir.

Belə ki, həm ölkə daxilində, həm də beynəlxalq səviyyəli yolların yenidən qurulması, yeni yolların çəkilişi ölkənin Avropa və Asiya arasında yerləşən nəqliyyat qovşağı kimi əhəmiyyətini daha da yüksəldir. Azərbaycanın tranzit potensialı artdıqca isə ölkə ərazisindən tranzit kimi istifadə edən xarici daşıyıcıların sayı da çoxalır. Bu da turizmin inkişafında mühüm rol oynayır.

Bütün bunlarla yanaşı, son illər, regionlarda (Gəncə, Zaqatala, Lənkəran və s.) beynəlxalq standartlara cavab verən hava limanlarının tikintisi, Lerik-Lənkəran, Şəmkir-Qazax, Xınalıq-İspik yollarının yenidən qurulması, Tovuz, Gədəbəy, Yardımlı, Daşkəsən, Quba və s. rayonlarda yeni yol çəkilişləri regional inkişafa verilən ən gözəl töhfədir.

Daxili turistlərin yerli turizmə cəlbi

Məlumdur ki, turizmin inkişafında daxili turistlər də xüsusi rol oynayır. Xüsusən, ölkəmizdə kənd turizminin inkişafı əsasən daxili turistlərdən asılıdır. Belə ki, turizmin ekoloji turizm, dağ turizmi, idman turizmi və s. müxtəlif növləri içərisində kənd turizmi daha geniş yayılıb. Eyni zamanda, Azərbaycanda da kənd turizminin inkişaf etdirilməsi üçün çox geniş potensıal imkanlar mövcuddur.

Hər bir ölkədə, xüsusilə də əhalisinin təqribən yarısı kənd yerlərində yaşayan Azərbaycan kimi ölkələrdə kənd turizminin inkişafı çox vacibdir. Çünki kənd turizmi şəhər mühitinin kənd mühiti ilə əvəz olunması ilə yanaşı, kənd yerlərində kiçik sahibkarlığın inkişafının, kənd təsərrüfatı məhsullarının istehlakçılara birbaşa çatdırılmasının təmin edilməsində, bölgələrin mövcud potensialından səmərəli istifadə olunmasında xüsusi əhəmiyyətə malikdir.

Araşdırmalardan aydın olur ki, kənd turizmi ümumilikdə, milli park və təbiət ərazilərindən istifadəyə, insanların istirahət tələbatında ətraf mühitlə bağlılığa, mədəni və milli irs nümunələrindən, eləcə də tarixi memarlıq abidələrindən istifadəyə, yüksək keyfiyyətli yaylaq havasına və müalicəvi bulaq sularına daimi tələbatın olmasına əsaslanır .

Aydındır ki, kənd turizm mərkəzləri əsasən dağlıq rayonlarda- Quba, Qusar, Xaçmaz, Masallı, Şamaxı, Qəbələ, Şəki və s. rayonların ərazisində yerləşir. Lakin Tovuz, Şərur, Gədəbəy, Ordubad, Daşkəsən, Zaqatala, Lerik, Yardımlı, Qax, Lənkəran, Balakən, Neftçala və s. rayonlarda da böyük potensial var.

Dövlət turizmin təbliği üçün nə edir?

Turizm sahəsində çalışanların peşə hazırlığının artırılması məqsədi ilə 2006-cı ildə Turizm İnstitutu yaradılıb, onun nəzdində müxtəlif peşələr üzrə daimi fəaliyyət göstərən kurslar açılıb, eyni zamanda, Ümumdünya Turizm Təşkilatının dəstəyi ilə müxtəlif təlim proqramları həyata keçirilməkdədir.

2002-ci ildən başlayaraq, hər il Azərbaycanda beynəlxalq turizm sərgisi təşkil olunur. Ölkədə turizmin əhəmiyyətini artırmaq, turizm potensialını təbliğ etmək, yerli adət-ənənələri, milli mətbəxi, mədəni və tarixi irsi tanıtmaq məqsədi ilə tematik nəşr məhsulları (kitab, buklet, CD və DVD-lər və s.) hazırlanır və yayılır, dünyanın müxtəlif televiziya kanallarında reklam çarxı nümayiş etdirilir, həyata keçirilən yeni layihələr barədə reklam və elanlar verilir, bu istiqamətdə internet imkanlarından və digər elektron daşıyıcı vasitələrindən də geniş istifadə edilir.

Görülən kompleks işlərin nəticəsi olaraq ölkəyə gələn turistlərin sayı ilbəil artır, ölkədə fəaliyyət göstərən turizm şirkətləri şəbəkəsi genişlənir. Son illərdə Azərbaycana gələn turistlərin xeyli artması bu sahənin klaster yanaşmada ən vacib sahələrdən olduğunu göstərir. Düzdür, qlobal vəziyyətlə, pandemiya ilə əlaqədər son 2 ildə bu sahədə ciddi problemlər yaranıb və bütün ölkələrdə xarici turistlərin dövriyyəsi minimuma düşüb. Lakin bu hallarda belə daxili turizmin inkişafı üçün heç bir əngəl yoxdur.

Turizm statistikanın dili ilə

Hazırda turizm planetar miqyasda sürətlə inkişaf edən biznes sahələrindəndir. Dünya üzrə ümumi milli məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür, göstərilən xidmətlərin təqribən üçdə biri beynəlxalq turizm vasitəsilə həyata keçirilir. Dünyada əməkqabiliyyətli əhalinin 8 faizi turizm industriyasında və onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur.

2021-ci ildə Azərbaycana 167 ölkədən 791,8 min turist gəlib. Ötən il turistlərin sayı əvvəlki il ilə müqayisədə cüzi (0.5 %) azalıb. Bu da dünyadakı pandemiya şəraiti ilə bağlıdır. Azərbaycana ən çox turist ötən ilin dekabr ayında gəlib- ümumi turist sayının 12.3 faizi. Ən az turist sayı isə yanvar və fevral aylarında müşahidə edilib- 5 faizdən az.

Azərbaycana gələnlər arasında Rusiya yenə də öndədir- 33 faiz. Türkiyədən gələnlər 25%, İranlı turistlər isə 16 faiz təşkil edib. Gürcüstandan gələn turistlər 8% təşkil edib.

2020-ci illə müqayisədə 2021-ci ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 54 faiz, körfəz ölkələrindən gələnlərin sayı 43,7 faiz MDB ölkələrindən gələnlərin sayı 9 faiz artıb. Səudiyyə Ərəbistanlı turistlərin sayında da 26 faiz azalma qeydə alınıb. Əksinə, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 2,2 dəfə artıb.

Həmişəki kimi xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ölkəmizə gələnlərin sayından çox olub. Belə ki, ötən il 974,5 min nəfər Azərbaycan vətəndaşı xaricə səfər edib. Bu o deməkdir ki, xaricə gedənlərin sayı ölkəyə gələn turistlərin sayından 182 min nəfər çox olub.

Bu fakt göstərir ki, daxili turistlərin ölkənin özündə turizmə cəlb edilməsi üçün mövcud potensialdan hələ də tam istifadə oluna bilmir. Əgər kənd turizmi inkişaf etdirilsə, xarici ölkələrə üz tutan turistlərin çoxu öz ölkəmizdə turizmdən istifadə edər.

Zərərsiz, rahat, daimi gəlir mənbəyi

Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Lakin bu sektorda mövcud potensiualdan səmərəli istifadə olunsa, ölkəmiz bu sahədən daha artıq gəlirlər əldə edər. Ona görə də, turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri kimi inkişaf etdirilməsi bu gün Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda durur. Son illər Azərbaycanda əldə olunmuş sosial-iqtisadi irəliləyiş bu vəzifənin yeni imkanlara adekvat səviyyədə həllinə şərait yaradır.

Digər sektorlardan fərqli olaraq turizm ekologiyaya zərər vurmayan, xammal və ya industrial texnologiya tələb etməyən, faydalı qazıntıların istaifadəsinə ehtiyac duymayan bir sektordur. Təsadüfi deyil ki, bir çox ölkələrin əsas gəlirləri məhz bu sektordan əldə olunur.

Əgər kənd turizminin inkişafına daha çox diqqət göstərilsə, qısa müddətdə bu sahədə böyük irəliləyiş əldə olunar. Nəticədə həm əhalinin, həm də dövlət büdcəsinin gəlirləri artar, ölkədən valyuta çıxışı azalar, ölkəyə valyuta axını çoxalar, bu, həm də məşğulluq probleminin həllinə böyük töhfə olar. Üstəlik, bu sahənin inkişafı dolayı yolla digər sahələrin də inkişafına təkan verər, iqtisadi dövriyyəni artırar.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə