Avropa dəyərləri bizə nə verir: nə itiririk, nə qazanırıq? - ANALİZ

“Azərbaycan öz milli-mənəvi kökləri üzərində inkişaf etməlidir”- İlham Əliyev

Son dövrlərdə cəmiyyətimizdə bəzi qüvvələr tərəfindən milli-mənəvi dəyərlərə qarşı hücumlar artıb. Öz əxlaqını, vicdanını, namusunu, dəyərlərini qoruyan insanlara Söylü demiş belə birtəhər baxırlar. Bunu konkret kimlər edir, Şərif demişkən “subutalni, dokumentalnı” sizə deyə bilmərəm, amma necə və niyə edir bu haqda bəzi mülahizələrim var.

Milli-mənəvi dəyərlər elmi-texniki inkişafa mane olurmu?

Avropa, Qərb dəyərləri adı altında bəzi beynəlxalq və yerli mərkəzlər tərəfindən bizə sürətlə və ardıcıl sırınan dəyərlərin mənəvi tərəfləri faciədir. Bu mənəvi deqradasiyanın Qərb cəmiyyətlərini hansı sosial-mənəvi nəticələrə gətirib çıxardığı haqda çoxsaylı faktlar və elə Qərb tədqiqatçılarının bu mövzuda ciddi əsərləri var.

Bəli, etiraf etməliyik ki, qloballaşma prosesində birtərəfli inteqrasiya ciddi problemlərə yol aça bilər. Bəzi dairələr bəzi Qərb ölkələrinin iqtisadi və texniki inkişafını əsas götürüb bizim də onların mənəvi dəyərlərini qəbul etməyimizə çağırırlar. Bunu çox vaxt maddi, texnoloji inkişafla bağlayıb deyirlər ki, görürsünüzmü, Qərb ölkələri mənəvi dəyərləri kənara qoyublar deyə necə inkişaf ediblər.

Lakin bir ağıllı çıxıb onlara tək bir Yaponiyanı, Çini nümunə göstərəndə boğazları quruyur. İndi necə izah etsinlər ki, yaponların, çinlilərin timsalında bir şərq xalqı öz dəyərlərini, mədəniyyətini, dinini, ənənələrini, əxlaqını qoruyaraq da dünyanın ən inkişaf etmiş xalqına çevrilə bilir. Tərslikdən də, Çin və Yaponiya Qərbdə yox, Şərqdə yerləşirlər. Qısası, bu arqumentə, necə deyərlər bir quş.

İnsan hüquqları, yoxsa anarxik əxlaqi deqradasiya?

İkinci arqument insan hüquqları adı altında cəmiyyətimizə sırınan dəyərlərdir. Məsələn, qadın hüquqları, uşaq hüquqları, cinsi azlıqların hüquqları və s. Mən başa düşmürəm, bizim cəmiyyətdə qadınlar, uşaqlar, xəstələr kimsə tərəfindən əzilirmi? Psixi xəstələr tərəfindən edilən tək-tük kriminal hərəkətləri nəzərə almasaq, xeyr!

Kişilərin həmişə onlara diqqətlə, qayğıyla, fədakarlıqla yanaşdığını görmüşük. Azərbaycan qadını həm evinin, ailəsinin xanımı olub, həm də cəmiyyətə xeyirli ictimai fəaliyyət göstərib. Qadın azadlığı budur, indi kommersiya TV-lərində, internetdə, seriallarda təbliğ olunanlar deyil. Məncə, bir xanımın elmi ixtiralar etməsi üçün onun ictimai yerlərdə yarıçılpaq gəzməsi və ya müxtəlif kişilərlə qeyri-qanuni münasibətlərdə olması tələb olunmur.

Bizim ailə institutumuzda və cəmiyyətimizdə qadının, qızın öz layiqli yeri var. Amerikalı və avropalıya azərbaycanlı kişinin öz anası, xanımı, bacısı, qızı uğrunda düşünmədən canını qurban verməsi bəlkə qəribə gələr, amma bizdə bu, müzakirəsi belə mümkün olmayan avtomatik reaksiya hesab olunur.

Bizdə uşaqlar döyülüb öldürülürmü? Xeyr! Sadəcə valideyn bəzən tərbiyəsi pozulmasın deyə uşağına qulaqburması verir. Əks halda, həmin uşağın axırı hippiyə, emoya, ən yaxşı halda cinayətkara və ya narkomana çevrilər. Uşağını qorumaq, onun pozulduğunu gördükdə cəzalandırmaq valideynin borcu və haqqıdır.

Məgər dövlət cinayət törədən vətəndaşı cəzalandırmırmı? Məgər bəzi qayda və qanunlar, tələblər havayı yerəmi qoyulub? Niyə valideynin öz uşağını danlamağa, qulaqburması verməyə haqqı çatmamalıdır? Bəlkə 15 yaşlı qızcığaz gecə saat 3-də pritondan atasına zəng eləyib desin ki mənim bəzi vacib işlərim var, özüm kefim istəyəndə evə gələcəm? Xeyr, bunlar hüquq deyil, anarxiyadır, mənəvi deqradasiyanın kulminasiyasıdır. Kəsəsi, bu arqumentə də bir quş.

Cinsi azlıqların üstün hüquqları olmalıdır?

İndi isə keçək yad dəyərlərin təbliğatçılarının ən yaralı yerlərindən birinə- cinsi azlıqların hüquqları məsələsinə. Bizim cəmiyyətdə cinsi azlıq nümayəndəsi şallaqlanırmı, ya da küçədə döyülürmü? Xeyr! Sadəcə, onlar cəmiyyətə nümunə göstərilib başa çıxarılmır. Onlara vəziyyətdən asılı olaraq ya xəstə kimi, ya da əxlaqi cəhətdən pozğun adam kimi baxırlar. Ən əsası onlar digər vətəndaşların istifadə etdiyi bütün sosial və sair hüquqlardan yararlanırlar. Bəlkə onlara, eyni işə görə normal adamlardan az maaş verilir, bəlkə onlar əmlak, sosial təminat, əmək hüququ məsələlərində ayrı-seçkiliyə məruz qalırlar? Xeyr.

Yaxşı, bəs onda nə deyib bizim ailə institutumuzu dağıtmaq, cəmiyyət əxlaqını dəyişmək istəyirlər? Çətin sualdır. Bunu bir zəhmət bu işlə ciddi məşğul olan beynəlxalq və yerli təşkilatların rəhbərlərindən soruşun. Mən imkan düşdükcə soruşuram ki, boğazları qurusun...

Dəyərlər dəyişib, dəyişir, dəyişəcək. Amma bu dəyişmə mütləq mənfi istiqamətdəmi olmalıdır? Müsbətə doğru dəyişmək olmazmı? Məgər mənəvi keyfiyyətlər maddi nemətlərdən istifadə, elmi-texniki inkişaf üçün problem yaradır? Yuxarıdakı nümunələrdə gördüyümüz kimi, yaratmır!

Deməli, inkişaf üçün milli-mənəvi dəyələri itirməyə, onu yad dəyərlərlə əvəzləməyə ehtiyac yoxdur. Hər mədəniyyətin özünün psixoloji-ruhi-mənəvi dəyərlər sistemi var. Texnoloji inkişafın bura heç bir dəxli yoxdur. Olsaydı, konservativ Yaponiya və ideoloji Çin ilə novator Amerika və rasional Avropa arasında elmi-texnoloji cəhətdən fərqlər çox olardı.

Mənə şəxsən aydın deyil, inkişaf etmək üçün mənəvi dəyərləri başqa sivilizasiyadanmı qəbul etməliyik, özümüzünkü yaramırmı? Yaramırsa, niyə misal üçün Sovet dövründə, həm dəyərlər qorunurdu, həm də ictimai, sosial, mədəni, elmi, texnoloji inkişaf gedirdi? Elə indi də, milli-mənəvi dəylərlərimiz elmi-texniki inkişafımıza heç bir problem yaratmır.

Milli-mənəvi dəyərlər üzərində inkişaf strategiyası

Prezident İlham Əliyev çıxışlarında özünün və dövlətin bu məsələdəki qəti və konkret mövqeyini dəfələrlə aydın şəkildə ortaya qoyub. Bəzi sitatları əlavə edirik.

“Biz milli-mədəni dəyərlərimizi gələcək nəsillər üçün qorumalıyıq ki, Azərbaycanın davamlı, uzunmüddətli inkişafı təmin edilsin. Biz öz köklərimizə həmişə bağlı olmalıyıq və gənc nəsil də bu ruhda tərbiyə almalıdır. Çünki bu gün qloballaşma prosesi gedir. Bəzi ölkələr qloballaşma adı altında öz təsir dairələrini genişləndirmək, xalqları bir növ öz milli köklərindən ayırmaq, qoparmaq, o tarixi bağları qırmaq istəyirlər. Budur bunun təməlində dayanan əsas məqsəd.

Əlbəttə ki, indi qloballaşma deyəndə bəziləri bunu inteqrasiya, dünyanın yeni inkişaf modeli kimi qələmə verirlər. Ola bilər, müsbət məqamlar da var, onları mən inkar etmək istəmirəm. Ancaq, eyni zamanda, açıq-aydın görünür, bu siyasətlə böyük dairəyə hakim olmaq, təsir imkanlarını genişləndirmək istəyirlər ki, xalqlar öz köklərindən ayrılsınlar, öz əcdadlarını, tarixlərini unutsunlar, sadəcə amorf, kosmopolit bir kütləyə çevrilsinlər ki, onları istənilən istiqamətə göndərmək mümkün olsun. Ona görə milli ruhda tərbiyə almaq hər bir gəncin borcudur. Bu gün Azərbaycan müasir, inkişaf edən ancaq öz köklərinə sıx bağlı olan dövlət və cəmiyyətdir. Həmişə də belə olmalıdır. Nə qədər ki, bizim hökumət iqtidardadır, bu, belə olacaq. Ölkəmizin müstəqil həyatı üçün bu, əsas şərtdir...

...Mən bir dəfə demişəm, biz haraya inteqrasiya etməliyik? “Stop İslam!” deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik...

...Bəzi hallarda belə sözlər işlədilir ki, biz inteqrasiya etməliyik, Avropaya inteqrasiya etməliyik. Mən artıq dəfələrlə demişəm, biz heç yerə inteqrasiya etməməliyik. Biz öz milli dəyərlərimiz üzərində möhkəm dövlət, bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Xüsusilə indiki ayrı-seçkilik, islamafobiya dövründə inteqrasiya etməyə heç bir ehtiyac yoxdur”.

Hesab edirik ki, əlavə şərhə ehtiyac yoxdur.

Azərbaycan mənəvi yox, elmi dəyərlərə inteqrasiya edə bilər

Dövlətimiz də milli-mənəvi ideoloji baza üzərində inkişaf siyasəti yürüdür. Bunun da çox yaxşı nəticələri olacağına şübhə yoxdur. 1-ci və 2-ci Qarabağ müharibəsində canını vətən və xalq uğrunda qurban verən gənclərimiz hansı tərbiyəni almışdılar? Əlbəttə ki, milli-mənəvi dəyərlərlə tərbiyə olunmuşdular. Onların arasında qulağı sırğalı, başı kəkilli, kalqotkla şalvarlı, güllü köynəkli, “azad seks” tələb edən, qərb dəyərlərinə inteqrasiya etmiş gənclərə heç rast gəlmədik. Geyim, düşüncə azaddır deyib keçməyəcəyik, hər şey elə geyimdən, davranışdan, düşüncədən başlayır.

Göründüyü kimi, Azərbaycan dövlətinin bu məsələdə rəyi ölkə ictimaiyyətinin rəyi ilə eynidir. Elə bu istiqamətdə aparılan siyasət də bu tezisin üzərində qurulub. Nəticə olaraq deyə bilərik ki, əgər bizim bəzi ölkələrdən öyrənəsi olduğumuz nələrsə varsa, onların da bizdən öyrənəcəyi nələrsə var. Həqiqi inteqrasiya budur.

Bizim elmi, texnoloji, vətəndaş cəmiyyəti kimi məsələlərdə dünyanın inkişaf etmiş ölkələrinə inteqrasiya olunmağımız lazımdır, amma bunu mənəvi-əxlaqi məsələlərlə bağlı demək mümkün deyil.

Yuxarıda göstərdiyimiz kimi, “müasir” dəyərlərin Qərb cəmiyyətlərini çox ağır mənəvi deqradasiyaya məruz qoyduğu, ailə institutunu dağıtdığı beynəlxalq təşkilatların hesabatlarında aydın şəkildə göstərilib. Yazıya əlavə etdiyimiz infoqrafik xəritədə Avropa ölkələrində nigahdan kənar doğulmuş və valideynsiz böyüməkdə olan uşaqların ölkələr üzrə faizi göstərilib. Qərbə doğru getdikcə vəziyyətin necə pis olduğu aydın görünür. Bu kimi onlarla sahədə statistik və analitik hesabatlar var, lakin burada sizi yormaq istəmirik, onsuz da hamı bunları bilir.

Qloballama isə yalnız bütün cəmiyyətlər tərəfindən qəbul edilən bəşəri dəyərlər üzərində qurulmalıdır, hansısa cəmiyyətin öz dəyərlərini bütün dünyaya qəbul etdirilməsi üzərində yox.

Bəli, Azərbaycan öz qədim, möhtəşəm milli-mənəvi dəyərləri üzərində öz inkişafını davam etdirir. Dövlətimiz dünyaya məvəvi dəyərlərini, milli mədəniyyətini müasir elmi-texniki inkişafla bir arada tutan bir Azərbaycan modeli təqdim edir. Azərbaycan bu gün dünyaya belə numunəni göstərə bilən cəmi bir neçə ölkədən biridir. Dünyanın bizdən öyrənəcəyi çox şey var.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili– Azərbaycan dövlətçiliyi müasir mərhələdə” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə