Çap mediası və kitab sahəsində dövlət dəstəyi gücləndirildi - ANALİZ

Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, dəyişikliklə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiqlənən kütləvi informasiya vasitələri məhsullarının və kitabların, (elektron kitablar istisna olmaqla) habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların, o cümlədən elektron kitabların, habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətindən (reklam xidmətləri istisna olmaqla) ƏDV tutulmayacaq.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Bəs bu güzəşt mətbuat, nəşriyyat və poliqrafiya sahəsində hansı müsbət nəticələrə səbəb olacaq? Bu yazıda bu barədə danışmaq istəyirik.

Qeyd etdiyimiz kimi, bu güzəşt tək qəzetlər üçün deyil, eyni zamanda ölkədə nəşriyyat və poliqrafiya sahəsində çalışan insanlar üçün də əhəmiyyət kəsb edir. Yəni, burada söhbət təkcə qəzetlərdən, çap mətbuatından getmir. Bundan nəşriyyatlar, mətbəələr, poliqrafiya müəssisələri, həmçinin bu materialları ölkəyə idxal edənlər də faydalanacaq.

Məlum olduğu kimi, sön dövrlərdə kitab sahəsində vəziyyət yaxşı deyil. Kitab oxuyanlar onsuz da azalıb, üstəlik kitabların qiymətinin baha olması onları hamı üçün əlçatan etmir ki, bu da oxucu sayına, kitab satışına ciddi təsir göstərir.

Kitab mağazalarının və dəftərxanaların vergisi azalacaq. Kitablarla yanaşı, bir sıra dəftərxana ləvazimatlarının da qiyməti ucuzlaşacaq. Müəlliflər öz kitablarını daha ucuz qiymətə çap etdirə biləcəklər.

Bu qərar qəzetlərin, jurnalların da yükünü kifayət qədər azaldacaq. Məlum olduğu kimi, çap mətbuatının fəaliyyəti üçün böyük vəsait tələb olunur. Bu aspektdən qəbul olunan qərarı, şübhəsiz, Azərbaycan dövlətinin mediaya, xüsusən də mətbuatın klassik siması olan qəzetçiliyə növbəti dəstəyi kimi qiymətləndirmək lazımdır. Çünki, bu, qəzetlərin maliyyə vəziyyətinə müsbət təsir göstərəcək.

Onsuz da ölkəyə idxal edilən qəzet kağızına tətbiq edilən vergi və rüsumlar dövlət büdcəsinə iri həcmdə, diqqət çəkən səviyyədə gəlir vermir. Amma əksinə, həmin kiçik vəsait çap mediasi üçün həyati əhəmiyyət daşıyır. Çap mediası üçün nəzərdə tutulan hər bir manat ölkənin informasiya məkanı üçün çox böyük faydadır.

Dövlət həmişə mətbuatın yaşaması, inkişafı üçün əlindən gələn hər şeyi edir. Bu fəaliyyət növünün ƏDV-dən azad edilməsi bu istiqamətdə növbəti addımdır. Bu qərarın qəzet jurnalların xərclərinin azalması ilə bağlı faydası olacaq və nəticədə onlar xeyli əlavə xərcdən azad olacaqlar. Ola bilsin ki, qəzet və jurnalların qiymətlərinin azalması da mümkün olsun ki, bu da oxucuların onları daha rahat ala bilməsinə gətirib çıxara bilər.

Hazırda Azərbaycanda çap mediasının vəziyyəti yumşaq desək, qibtəolunası deyil. Onlayn medianın sürətli inkişafı və öz ziyarətçi kontingentini məhz qəzet oxucuları hesabına genişləndirməsi qəzetlərin satışına, bununla da maddi vəziyyətlərinə təsirsiz ötüşməyib. Həmçinin reklam bazarının olmaması da qəzetlərin öz maddi dayanıqlıqlarını təmin etməyə imkan vermir. O baxımdan, qəzetlərin çap, maaş-qonorar və digər xərclərini nəzərə aldıqda, onların maddi vəziyyətinin ağırlığını təsəvvür etmək çətin deyil. MEDİA-nın qəzetlərə, jurnallara maddi dəstəyi olmasa, dövri nəşrlərin bir çoxunun mövcudluğu sual altına düşərdi.

Belə bir şəraitdə bu məhsulların ƏDV-dən azad edilməsi qəzetlərə öz xərclərinin bir hissəsinə qənaət etmək imkanı yaradacaq. Ona görə də, atılmış bu addım müsbət qiymətləndirilməlidir.

Azərbaycanda dövlətin KİV-lərə dəstəyi ilə bağlı əvvəllər də xeyli addımlar atılıb. Qəzetlərin nəşriyyatlara borcları silinib, qəzet kağızı udxal rüsumundan azad edilib, mətbautın maddi-trxniki bazasının gücləndirilməsi üçün çoxsaylı layihələr həyata keçirilib, qrantlar verilib.

Hazırda da bu istiqamətdə işlər davam edir. MEDİA medianın, xüsusən də çap mediasının inkişafı üçün mümkün olan hər şeyi edir. Bunun nəticəsidir ki, indi qəzetlər rngli və çox keyfiyyətli kağızda çap olunurlar, onların məzmun keyfiyyətində də xeyli müsbət dəyişikliklər olub.

Beləliklə, dövlət medianın inkişafı üçün əlindən gələni edir. Bir tərəfdən qəzetlərə yardımlar edilir, digər tərəfdən isə onların xərclərinin azaldıması üçün addımlar atılır. Bu isə öz növbəsində ölkədə azad medianın formalaşmasını və internetin sürətli inkişafı fonunda yazılı mətbu orqanların bu kritik dövrdən itkisiz ötüşməsini təmin edir.

Dövlət bilir ki, hər bir sağlam cəmiyyətdə oxuma mədəniyyətinin inkişafı vacibdir. İnsanlar kitab,q zəet, jurnal oxumalıdır və bunun üçün həmin məhsulların qiyməti hamı üçün əlçatan olmalıdır. Məhz bu səbəbdən buna mane olan səbəblər aradan qaldırılır.

Qısa müddət sonra KİV-lərin, xüsusən də çap mətbuatının problemləri arxada qalacaq, onlar dövlət dəstəyi olmadan özlərini maliyyələşdirə və inkişaf edə biləcəklər. Lakin o vaxta kimi dövlət öz qayğısını göstərir. Bu səbəbdən bu sahədə dövlət siyasəti çox təqdirəlayiqdir.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə