Azərbaycanda "Türk Dövlətləri Insurtech Zirvəsi" keçirilir

Bu gün Bakıda sığorta texnologiyalarına həsr olunmuş beynəlxalq "Türk Dövlətləri Insurtech Zirvəsi" öz işinə başlayıb. SİA xəbər verir ki, iki gün davam edəcək tədbir Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi, Türkiyə Ticarət Nazirliyinin təşkilatçılığı, həmçinin Türkiyənin Xidmət İxracatçıları Birliyi, Azərbaycan Sığortaçılar Assosiasiyası və İstanbul mərkəzli "New Generation Management Company" şirkətinin birgə əməkdaşlığı ilə keçirilir.

Məlumata görə, zirvədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Respublikasından dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri, maliyyə requlyatorlarının və sığorta assosiasiyalarının rəhbərləri, eləcə də qabaqcıl texnologiya şirkətlərinin nümayəndələri iştirak edirlər.

Tədbir çərçivəsində iştirakçı ölkələrin sığorta bazarlarının nümayəndələri türk dünyasında sığorta sənayesinin mövcud vəziyyəti ilə bağlı çıxış edəcək, cari bazar ehtiyacları müzakirə olunacaq.

Həmçinin əməkdaşlıq və birgə inkişaf üzrə yeni yol xəritələrinin hazırlanması istiqamətində fikir mübadiləsi aparılacaq.

Zirvənin keçirilməsində əsas məqsəd türk dövlətlərinin sığorta bazarlarında rəqəmsal inkişafın davamlılığına və dayanıqlığına nail olmaq, bu istiqamətdə əməkdaşlığı gücləndirmək və Türkiyənin qabaqcıl texnologiya şirkətlərinin təcrübəsindən yararlanmaqdır.

Qeyd edək ki, Azərbaycan bu beynəlxalq əhəmiyyətli sığorta texnologiyaları tədbirinə artıq ikinci dəfədir ev sahibliyi edir.

Bütün xəbərlər Facebook səhifəmizdə