Avropa məhkəməsinin ikili standartı: Cinayətkarlar azad olunsun, dinc girovlar qalsın - ANALİZ

Məlum olduğu kimi, Ermənistanın hərbi-siyasi rəhbərliyi noyabrın 16-da Zəngəzur vilayəti ərazisində məhz ermənilərin aşkar təxribatı nəticəsində baş vermiş silahlı qarşıdurma zamanı əsir düşmüş hərbçiləri ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. Adıçəkilən təşkilat da dərhal həmin müraciəti cavablandırıb və diversantların azad olunması ilə bağlı Azərbaycan tərəfinə dekabrın 1-nə qədər vaxt verib.

Bildiyimiz kimi, həm Birinci Qarabağ müharibəsi, həm də İkinci Qarabağ müharibəsi dövründə təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərlikləri Azərbaycana qarşı işğalçılıq siyasəti apararkən öz hərbi cinayətkarlıqları ilə dinc əhalimizi də hədəfə alıb. İstər əsir düşmüş hərbçilərimiz olsun, istərsə də hərbi mükəlləfiyyətləri olmayan vətəndaşlarımız olsun– onların hər biri bilavasitə erməni vəhşiliklərinin qurbanları hesab olunurlar. Çünki bugünə qədər 4 minə qədər əsir və itkin düşmüş vətəndaşlarımız barədə ümumiyyətlə, heç bir məlumatlar verilməyib.

Baxmayaraq ki, Azərbaycan dəfələrlə sözügedən məsələ ilə bağlı istər Avropa İnsan Hüquqları Məhkəməsinə (AHİM) istərsə də digər müvafiq beynəlxalq insan hüquqları strukturlarına illər boyu çoxsaylı müraciətlər ünvanlayıb. Bu müraciətlərin heç birinə cavab verilməyib, halbuki, AHİM bununla bağlı İrəvan qarşısında qəti tələblər qoymalıydı.

Azərbaycan ərazisində yaşayan və seperatçılıq, quldurluqla məşğul olan erməniləri dəstəkləyən Avropa Məhkəməsi niyə Ermənistandan vəhişəcəsinə qovulan 250 min azərbaycanlının hüququnu qorumayıb? Niyə Azərbaycanın işğal edilmiş ərazilərindən qovulan 700 min köçkünün hüquqlarını qorumur? Son 30 ildə Ermənistan tərəfindən öldürülən 20 minədək azərbaycanlının hesabını soruşmur? Azərbaycanın şəhərlərinə, mülki şəxslərin başına raket yağdıran, dinc insanları öldürən Ermənistanı niyə qınamır? Onda bunun harası İnsan Haqları Məhkəməsi oldu? Bu məhkəmə qərəzli, ədalətsiz mövqeyi ilə necə nüfuzlu ola bilər? Aşkar tərəf tutan Avropa təşkilatları necə bu münaqişədə vasitəçi və ya məsləhətçi ola bilər?

Beləliklə, biz burada aşkar tərəfkeşlik faktını müşahidə edirik. Yəni yüz minlərlə azərbaycanlının taleyi Avropa üçün heç nə hesab edilir, bir neçə nəfər təxribatçı erməni hərbçisi isə Avropa üçün çox əhəmiyyətliymiş (?!) Maraqlıdır, hansı fərqliliyə görə? Yoxsa Avropanın insan hüquqları platforması üçün müsəlman azərbaycanlılar, xristian ermənilərdən sonra müəyyən edilən aşağı qruplara aid edilir? Bu kimi yanaşmanın özü insan hüquqlarına zidd deyilmi? Bu fakt diskriminasiya halı deyilmi?

Azərbaycan ordusu müharibə zamanı belə humanist davrandı, mülki əhaliyə atəş açmadı, mülki şəxslər yaşayan şəhərləri, kəndləri bombalamadı. Ermənistan isəı bütün dünyanın gözü qabağında cəbhədən xeyli uzaqda olan şəhərlərə, dinc şəxslərə raket yağdırdı onlarla mülki şəxsi qətlə yetirdi. İndi buyursun Avropa Məhkəməsi bu cinayətərə görə cavab tələb etsin Ermənistandan.

Azərbaycanın işğal edilmiş ərazilərindəki vəhşilikləri, vandalizmi, terrorizmi Avropa niyə görmür? Azərbaycanın Avropa və dünya tərəfindən də rəsmi qəbul edilmiş sərhədləri daxilində erməni silahlılarının nə axtardığını niyə soruşmur?

Əgər əsirləri dəyişdirmək normal qəbul olunmuş qaydası var- hər iki tərəf özündə olan əsirləri təhvl verməlidir. Bəs niyə bir tərəf qaytarmalıdır, o biri tərəf yox? Bunu hansı məntiqə, hansı hüquqa, hansı ədalətə əsasən irəli sürmək olar? Özü də bir tərəfdəki əsrilər terror və təxribat törəödən silahlı diversantlar, digər tərəfdəkilər isə adi dinc vətəndaşlardır. İlk növbədə dinc vətəndaşların qaytarılmasını tələb etmək doğru deyilmi, nəinki cinayətkarların azad edilməsini tələb etmək.

30 ilə yaxın müddətdə erməni əsirliyində 4 min azərbaycanlının taleyi barədə heç bir məlumat olmadığı halda, heç bir ayı tamam olmayan erməni diversantlar barədə AHİM-in əl-ayağa düşməsi, haray-həşir qaldırması, üstəlik Azərbaycana vaxt, müddət şərti irəli sürməsi isə həm siyasi, həm də mənəvi həyasızlıqdır! Təbii ki, Bakı bu cür qəbulolunmaz “standartlarla” illərdir və dəfələrlə rastlaşıb və təəssüf ki, bu gün də haqqında bəhs etdiyimiz mövzu həmin “standartların” tərkib hissəsində yer almaqdadır.

AHİM-in belə həyasızlığına qəti və sərt cavab verilməli, əldə olan bütün çoxsaylı faktlarımız rəsmi qaydada bu məhkəmənin qarşısına qoyulmalı və hətta Ermənistanın girov götürdüyü və indiyədək də qaytarmadığı 4 min azərbaycanlının taleyi barədə Ermənistana konkret vaxtın verilməsi barədə tələblər irəli sürülməlidir.

Artıq dünyanın siyasi çalarları dəyişir və əvvəllər olduğu kimi heç nə daha öncəki “standartlarla” ölçülə bilməz. Belə ki, dünyada yeni və ədalətli standartlar yaranır, yanaşmalar müəyyənləşdirilir- AHİM də ona bənzər digər strukturlar da bu yeni standartlarla ayaqlaşmağa məhkumdurlar.

Yaxşı olardı ki, Avropa Məhkəməsi bir milyon azərbaycanlının uzun illər Ermənistanın işğalçılıq siyasətinin qurbanı olması, evlərindən, yaşayış yerlərindən didərgin düşməsi, ailə üzvlərini itirmələri, soyqırımlara məruz qalmaları barədə düşünsün, onların da hüquqlarını qorusun, İrəvan qarşısında da şərtlər irəli sürsün. Əks halda AHİM heç vaxt Azərbaycan qarşısında şərt irəli sürə, ya da vaxt qoya bilməz, buna nə mənəvi, nə də digər hüquqları çatır!

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...