Ermənistan-Türkiyə münasibətləri Azərbaycanın maraqları kontekstində - ANALİTİKA
İrəvan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün vasitəçilik tələbi ilə Moskvaya müraciət edib. Bu barədə Azatutyun radiosuna müsahibəsində Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan bildirib. “Bir sıra beynəlxalq tərəfdaşlar, o cümlədən Rusiya, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə kömək etməyə hazır olduqlarını bəyan ediblər. Və biz Rusiyaya bildirdik ki, biz ilkin şərt olmadan Ermənistan-Türkiyə normallaşması prosesinə başlamağa hazırıq”,- Hunanyan bildirib.
Ermənistan Türkiyə ilə münasibətlərin bərpası Azərbaycanın maraqlarına uyğundurmu? Münasibətlərin normallaşması perspektivi necədir? Və əsas odur ki, İrəvanın ilkin şərt olmadan Ermənistan-Türkiyə normallaşması prosesinə başlamağa hazır olduğunu deməsi, Ermənistan tərəfinin Türkiyəyə qarşı ərazi iddialarından və “soyqırım” mifindən əl çəkəcəyini düşünməyə əsas verirmi? Ekspertlər “Caliber” analitik mərkəzinə bu mövzu ilə bağlı fikirlərini bildiriblər.
Rusiyalı şərqşünas alim, Yeni Türkiyə Araşdırmaları Mərkəzinin direktoru Yuri Mavaşev:
-Erməni-türk ziddiyyətləri probleminin həllinin açarları başqa yerdə deyil, İrəvandadır. Türkiyə Rusiyanın kürəyi arxasında dayanmır və bu, heç vaxt da olmayıb. Normallaşma kateqoriyasını necə başa düşmək hələ aydın deyil. Amma açığını deyim ki, bu, yalnız nisbətən normal şəraitdə və ya ən azı hər iki tərəfin hər şeyi normal başa düşmək əsasında dialoq qurmaq istəyi ilə mümkündür.
Ermənistan hakimiyyəti öz suverenliyini, daha doğrusu, ondan nəyi qaldığını aydınlaşdırmayınca İrəvanın təşəbbüslərini heç kim ciddi qəbul etməyəcək. Kreml də daxil olmaqla.
Erməni tərəfi bu gün Rusiyanı qara formada şantaj edir- gah KTMT vasitəsilə ona qəbul olunmuş prosedur çərçivədən kənar müraciət edir, gah da 2020-ci ilin noyabrında özünün imzaladığı üçtərəfli bəyanatı şübhə altına alaraq, digər tərəfdaşlara kömək üçün getməyə hazır olduğunu bəyan edir. Və burada sual yaranır: Rusiya necə vasitəçi kimi çıxış edə bilər? Bu, tam aydın deyil. Erməni tərəfinin özünəməxsus yumor hissi var- bu, yalnız özləri üçün gülməlidir”.
Müasir Türkiyənin tədqiqi mərkəzinin direktoru Amur Hacıyev:
-Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində vasitəçi kimi çıxış etmək istəyi ilə Rusiyaya üz tutub, çünki əvvəlki təkbaşına bunu etmək cəhdi uğursuz nəticələnib. Bu gün regionda sülh və sabitlik baxımından vəziyyət perspektivli şəkildə inkişaf edir. Burada söhbət iqtisadiyyatın, nəqliyyat sferasının, humanitar dəhlizlərin, arteriyaların yenilənməsindən gedir.
İndi Ermənistanla Türkiyə arasında diplomatik əlaqələrin olmaması, eləcə də Ermənistanla Azərbaycan arasında müəyyən qədər gərginliyin qorunub saxlanması bu gün regionda qeyd olunan tərəqqiyə və müsbət proseslərə mane olur.
Ermənistan niyə Rusiyaya üz tutdu? Ermənistanın 2009-cu ildə Sürix protokolları çərçivəsində birbaşa Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq cəhdini xatırlatmaq yerinə düşərdi ki, bu da uğursuzluqla nəticələndi. Rusiya regionda kifayət qədər konstruktiv və kifayət qədər güclü vasitəçilik mövqeyi tutur. Moskva həm Bakının, həm də İrəvanın etimadını qazanır və Minsk prosesi üzrə digər tərəfdaşlarına nisbətən regionda daha etibarlı oyunçudur. Fransa və ABŞ Ermənistan-Azərbaycan münaqişəsinin həlli kontekstində aşkar səmərəsiz olduqlarını nümayiş etdirdilər. Rusiya Federasiyasının diplomatik səmərəliliyi, bölgəyə ərazi yaxınlığı və Rusiyanın bu regionda konstruktiv və vasitəçi əsasda olması İrəvanın Moskvaya üz tutmasının əsas səbəbidir.
Rusiyanın regiona marağı ondan ibarətdir ki, onun çiçəklənməsi, burada sabitlik və əmin-amanlıq hökm sürür. Təbii ki, çox şey Ermənistan-Türkiyə münasibətlərindən asılı olacaq. Onu da qeyd etmək yerinə düşər ki, Türkiyə daha çox kommunikasiyaların açılmasında və regionda öz maraqlarının təşviqində maraqlıdır. Bütün amilləri nəzərə alaraq, hesab edirəm ki, Rusiya buna baxmayaraq, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesində vasitəçi kimi çıxış edəcək.
Bu danışıqların perspektivlərini izləmək olar. Ümid edirəm ki, tərəflər prinsipcə bütün region üçün faydalı olacaq diplomatik təmasların qurulmasına gələcəklər.
Ermənistanın “erməni soyqırımı” mifindən imtina edib-etməyəcəyi çox çətin sualdır. Burada 3 komponent nəzərə alınmalıdır- birbaşa Ermənistan dövlətinin ərazisində yaşayan erməni xalqı, Qarabağdan köçkünlər və ən əsası diaspora. Üstəlik, diasporun özünün vahid olmayan siması və xarakteri var. Türkiyədəki diaspor müəyyən fikirlərə sadiqdir, ABŞ-da, Fransada, Rusiyadakı diasporanın isə məsələlərə və digər maraqlara tamamilə fərqli baxışları var. Ona görə də Ermənistandan danışarkən bütün aspektləri nəzərə almaq və başa düşmək lazımdır ki, biz çoxşaxəli İrəvanla qarşı-qarşıyayıq və bu müxtəlifliyin hansı siması üstünlüyü qazanacaq, ona görə də onun mövqeyi davam edəcək.
Fikrimcə, rəsmi İrəvan qondarma “erməni soyqırımı”ndan əl çəkməyəcək, çünki diaspora tərəfindən daim təzyiqlər hiss edəcək və bu məsələni heç vaxt gündəmdən çıxarmayacaq.
Türkiyəli beynəlxalq siyasət üzrə ekspert Ferit Temur:
- İrəvan özü regional səviyyədə imkanlarını ciddi şəkildə məhdudlaşdırıb və Rusiyadan strateji asılı vəziyyətə düşüb. Hamıya məlumdur ki, Ermənistanın Rusiya ilə münasibətləri SSRİ-nin dağılmasından sonra da “peyk” formatında davam edib. Yəni Ermənistanın iqtisadi və hərbi-siyasi aspektdə “müstəqilliyi” kağız üzərində qaldı.
İrəvan özü Türkiyə və Azərbaycanla qarşılıqlı faydalı şərtlər əsasında mehriban qonşuluq münasibətləri qurmaq əvəzinə regional səviyyədə imkanlarını ciddi şəkildə məhdudlaşdırdı və Rusiyadan strateji asılı vəziyyətə düşdü.
Müxtəlif ümumi problemləri müzakirə etmək və onların qeyri-regional oyunçularən müdaxiləsi olmadan həll yollarını tapmaq üçün bütün region ölkələrinin: Rusiya, Gürcüstan, Azərbaycan, Türkiyə və İranın iştirak edəcəyi belə bir regionlararası formatın yaradılması çox faydalı olardı.
Ermənistanın Türkiyəyə qarşı ərazi iddialarına və “erməni soyqırımı” mifinə gəlincə, bu iddialar yalnız əngəllər yarada bilər ki, bunun sayəsində münasibətlərin normallaşması prosesi əngəllənə bilər.
Əgər erməni tərəfinin Türkiyə ilə münasibətləri normallaşdırmaq niyyəti ciddidirsə, o zaman bilməlidir ki, miflər və ərazi iddiaları, ilk növbədə, iqtisadi səbəblərdən Türkiyə ilə münasibətləri normallaşdırmağa çox ehtiyacı olan Ermənistanın özünə heç də istənilən nəticəni verməyəcək.
Ortamüddətli perspektivdə Ermənistanın Türkiyə vasitəsilə NATO bloku ilə mümkün yaxınlaşması riski olmadığı halda Rusiyadan konstruktiv dəstək göstərilə bilər.
Rusiya Elmlər Akademiyasının Beynəlxalq münasibətlər və dünya iqtisadiyyat üzrə Milli Araşdırmalar Mərkəzinin baş elmi işçisi Stas Pritçin:
-Türkiyə Bakının maraqlarından çıxış edəcək və Ermənistanla münasibətləri normallaşdırmaq üçün istənilən münasibətlər Azərbaycan-Ermənistan danışıqlar prosesi çərçivəsində Ermənistanın öhdəliklərini yerinə yetirməsi ilə əlaqələndiriləcək.
Türkiyə Azərbaycanla tərəfdaşlıq şəraitində fəaliyyət göstərir və yalnız son nəticədə nəqliyyat dəhlizlərini açacaq və Bakının maraqlarına cavab verən siyasət yürüdəcək. Bu səbəbdən Ermənistan Türkiyə ilə münasibətlərdə özünü o qədər də inamlı hiss etmir. Ona görə də Türkiyə ilə münasibətləri daha güclü formatda qurmaq üçün həm vasitəçi, həm də təhlükəsizliyin təminatçısı kimi Rusiyanın dəstəyini alır.
Rusiyanın belə bir tərəfdaş kimi çıxış etməyə nə dərəcədə hazır olduğunu söyləmək hələ də çətindir, çünki Ermənistan, açıq şəkildə gördüyümüz kimi, heç də həmişə öz öhdəliklərini yerinə yetirmir. Ona görə də, Moskvanın bu prosesə qoşulmağa nə dərəcədə hazır olacağı və bütövlükdə regionda münasibətlərin tənzimlənməsi üzrə Rusiya strategiyasına nə dərəcədə uyğun olacağı barədə mühakimə yürütmək çətindir.
Fikrimcə, bir tərəfdən buna heç bir maneə yoxdur, lakin unutmaq olmaz ki, Türkiyə Bakının maraqlarından çıxış edəcək və Ermənistanla münasibətləri normallaşdırmaq cəhdləri İrəvanın müqavilə çərçivəsində öhdəliklərini yerinə yetirməsi ilə əlaqələndiriləcək. Rusiyanın moderatorluğu və sərhədlərin demarkasiyası və delimitasiyası üzrə Azərbaycan-Ermənistan danışıqlar prosesinin çərçivəsində.
Ermənistan üçtərəfli bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməyincə, Türkiyənin Ermənistanla sərhədi açmaq üçün addımlarını gözləmək lazım deyil. Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları məsələsinə toxunsaq, əlbəttə ki, məsələ çətindir. Biz görürük ki, Ermənistan, prinsipcə, Türkiyə ilə münasibətlərin normallaşmasına çox qeyri-müəyyən yanaşır, baxmayaraq ki, bu, iqtisadi baxımdan onun hazırda düşdüyü çətin vəziyyətdən çıxmasına kömək edərdi. Tarixi ideyalara söykənən siyasi münasibət və məqsədlər Ermənistanın həm Azərbaycanla, həm də Türkiyə ilə münasibətlərdə yanaşmasını diktə edir. Ona görə də Ermənistanın öz iqtisadiyyatının praqmatik inkişafı naminə öz baxışlarını nə dərəcədə üstələyə biləcəyini proqnozlaşdırmaq çətindir.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırla
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB