Elmi-kütləvi, mədəni-maarif, təhsil proqamlarının rolu və əhəmiyyəti - TƏHLİL

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqamları insanların bilik səviyyəsinin, əhatəsinin genişlənməsində, daha da savadlanmasında, informasiya ilə təmin olunmasında, hətta insanların zövqünün belə formalaşmasında, ümumilikdə, cəmiyyətin həyatında müsbət istiqamətdə mühüm rol oynayır. Əgər həmin proqramlar cəmiyyətin həyatında mühüm rol oynayırsa, deməli, onların inkişaf etdirilməsi, icrası olduqca vacib məsələ hesab olunur və bu proqramlarda əks olunanların icra prosesində gerçəkləşməsi ləngiməməlidir.

Təhsil, maarifçilik hərəkatı, mədəniyyət Azərbaycanda Milli Məclisin qəbul etdiyi qanunlar və aidiyyatı qurumların hazırladıqları sənədlər əsasında idarə olunur. Bu qanunların müddəalarına uyğun əsasnamələr və nizamnamələr qanunların hər birinə aid idarə və nazirliklərdə, bu sahə üzrə olan dövlət qurumlarında hazırlanır. O cümlədən əsasnamələr Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin özünüfəaliyyət istiqamətlərinin hər birinə uyğun olaraq işlənilir.

Sevindirici haldır ki, elmi-kütləvi, mədəni-maarif, təhsil proqamları və onların inkişaf etdirilməsi, təşviqi üçün elmi-texniki tərəqqi, ələlxüsus internet şəbəkəsinin mövcudluğu böyük spektrdə imkanlar açır. Bu proqramların daha geniş, daha əhatəli yayılması üçün kifayət qədər böyük imkanlar mövcuddur. İndi internet resursları vasitəsi ilə həmin proqramların daha da geniş şəkldə canlandırılması mümkündür ki, buna xüsusi diqqət ayrılmalıdır. Xatırladığımız kimi, bir zamanlar, daha dəqiq desək, internet resurslarının hələ olmadığı bir dövrdə kitabxanalarda, mədəni-maarif ocaqlarında, klublarda, mədəniyyət və yaradıcılıq evlərində olduqca maraqlı kütləvi tədbirlər, tamaşalar, filmlər təqdim edilirdi, televiziya və radio vasitəsi ilə elmi-kütləvi, mədəni-maarifləndirmə proqramları kifayət qədər çox idi və bu proqramların təsir imkanları da təkzib edilə bilməz.

Məsələ burasındadır ki, indi həmin televiziya və radio da öz növbəsində daha geniş imkanlar təklif edir və üstəlik internet resurslarından burada da istifadə mümkündür. Diqqəti çəkən ən vacib məqamlardan biri də ondan ibarətdir ki, kommersiya xarakterli proqramlara televiziya və radiolarda daha geniş diqqət ayrılması əvəzinə, məhz elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarına yer ayrıla bilər və bunun da müsbət nəticəsi təkzib edilə bilməz. Şübhəsiz ki, kitabın, kitabxananın, elmin, mədəniyyətin təbliğinə televiziyalar xüsusi yer ayırmalı, şou xarakterli proqramların əvəzinə kütləvi xarakter daşıyan maarifçilik əhəmiyyətli proqramlar təqdim olunmalıdır.

Vətən müharibəsindən, Azərbaycanın qələbəsindən, zəfərindən sonra davamlı olaraq elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması üzərində ciddi şəkildə işlənilməlidir. Cəbhədə döyüşlər bitsə də, informasiya müharibəsində mübarizə hələ də davam edir və edəcək də. Bunun üçün cəmiyyətimiz daha da təkmilləşməli, dünya görüşü artırılmalı, savadlanmalı, istər Azərbaycan cəmiyyəti, istərsə də bütövlükdə dünya ictimaiyyəti hərtərəfli informasiya ilə təmin edilməlidir. Bu məqsədlə də əlbəttə ki, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsinə, hətta yenilərinin belə hazırlanması öz aktuallığını qoruyur.

Qələbənin təmin olunmasında, az qala 30 ilə yaxın bir müddətdə işğal altında saxlanılan torpaqlarımızın işğaldan azad olunmasnda, ərazi bütövlüyümüzün bərpa edilməsində, tarixi ədalətin bərpasında Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, liderlik keyfiyyətləri, apardığı siyasət, Azərbaycan xalqının oynadığı rol, həmrəyliyi, Azərbaycan Ordusunun rəşadəti, mübariz ruhu və bir çox məsələlər artıq proqram şəkilində universitet və orta məktəblərdə tədris olunmalı, buna çox ciddi şəkildə xüsusi önəm verilməlidir. Bu baxımdan proqramların hazırlanmasında mütəxəsis yanaşması, eləcə də rəyi mütləq nəzərə alınmalı, ailmlərin, mədəniyyət xadimlərinin, təhsil ekspertlərinin imkan və potensialından istifadə edilməlidir ki, bu, əldə etdiyimiz zəfərdən sonra daxil olduğumuz yeni mərhələdə, post-konfilikt dövründə və bundan sonra həmrəyliyimizin və birliyimizin daha da güclənməsinə öz ciddi töhvəsini vermiş olsun.

Həmçinin dünya ictimaiyyətinin Qarabağla bağlı həqiqətlər barədə bundan sonra da məlumatlandırılması öz aktuallığını qoruyur. İşğaldan azad olunan ərazilərin Azərbaycana məxsus olması, eləcə də Qarabağı ermənilərin necə talan etdiyi barədə, həmin əraziləri işğalda saxladıqları dövrdə viran qoyduğu, daşı-daş üstə qoymadığı, tarixi, mədəni və dini abidələrimizi nankor ermənilərin talan etməsi barədə bütün dünya ictimaiyyəti məlumatlandırılmalıdır ki, bu da məhz sözügedən proqramda öz əksini tapmalıdır. Nəzərə almaq lazımdır ki, mədəniyyətimizin də inkişafını xüsusi konsepsiya ilə təsdiq etməli, ölkəmizin bütün mədəni dəyərləri dünya ictimaiyyətinə çatdırmalıdır. Bir xalq olaraq tarixi və milli-mədəni irsimizə sahib çıxmalı, bu irsi qorumalı, onu inkişaf etdirməliyik.

İnam Hacıyev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin mövzusuna uyğun dərc edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə