Sağlam gənclik və əsrin bəlası – “ağ ölüm”

Azərbaycan dövlətinin ən ptioritet vəzifələrindən biri sağlam gələcək, sağlam gəncliyin hakim olduğu cəmiyyət bərqərar etməkdir. Bunun da yolu, təbii ki, sağlam əqidəli, sağlam bədənli və nəhayət sağlam ruhlu gəncliyin formalaşdırılmasından, mövcudluğundan keçir.

Bu gün Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Prezident İlham Əliyev ölkəmizin qüdrətli dövlətə çevrilməsində gənclərə böyük inam bəsləyir, onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramlarının həyata keçirilməsi üçün bütün imkanlardan istifadə edir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan gənclər siyasəti bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir.

Bu gün ölkəmizdə formalaşan və bizim hər birimizin qürur mənbəyimiz olan sağlam gəncliyin səsi dünyanın müxtəlif yarış meydanlarından, məşhur elm ocaqlarından, universitetlərindən, təhsil mərkəzlərindən gəlir. İnanmaq olar ki, həmin gənclər müasir Azərbaycanın uğurlu sabahını tam təmin edə biləsək, öz biliyi, bacarığı hesabına bu gün əldə etdiklərini özündən sonrakı nəslə estafet olaraq ötürə biləcəklər.

Amma fərqli qrup insanlar var ki, onların dərdi özünə “dəvə boyda” dərd olsa da, cəmiyyət üçün əsl problemdir, sabahımıza vurulan zərbədir. Bunun adı NARKOMANİYAdır. Bəzi ədəbiyyatlarda buna “ağ ölüm” də deyirlər. Bu sözün yunanca açması “psixi pozuntudan donub qalmaq” deməkdir. Bir sözlə belə insanları cəmiyyət üçün yararsız da adlandırmaq olar.

Bəs gənc, o cümlədən orta nəsl insanları bu vərdişə, belə həyat tərzinə, daha konkret desək “ağ ölüm”ə necə mübtəla olurlar? Onlar bu xəstəliyə necə və kim tərəfindən yoluxdurulur? Qeyd edək ki, narkotik aludəçiliyinə bilmədən, təsadüfən qurşananların sayı çoz azdır. Aparılan araşdırmalar da göstərir ki, gənclərin əksəriyyəti narkomanlığa şüurlu şəkildə, sonunu hesablamadan, “dost kampaniyası”nda, eyr-işrət məclislərində “ilişirlər”. Dövlətin, cəmiyyətin, müxtəlif qurumların, medianın, polisin apardığı söhbətlərə, təbliğat metodlarına, profilaktik tədbirlərə baxmayaraq narkotik vasitələrdən istifadə edənlərin sayında azalma hiss olunmur. Bu da çox təhlükəli vəziyyət yaradır.

Əgər əvvəllər istehsalı baha və çətin başa gələn, əsasən bitki mənşəli narkotik vasitələr “qara bazar”da çoxluq təşkil edirdisə, bu gün onların yerini süni şəkildə hazırlanmış, əsasən kimyəvi maddələrdən əldə edilmiş narkotiklər tutub. Həmin vasitəni bazara çıxaranlar hər kəs üçün əlçatan olsun deyə onu ucuz qiymətə təklif edirlər. Daha çox gənc “zəhərlənsin” deyə bəzi hallarda bu narkotikləri, hətta, pulsuz olaraq paylayırlar. Əslində isə narkotacirlər özlərinə yeni-yeni alıcı formalaşdırırlar. Necə deyərlər, bu gün pulsuz aldın, sabah onun pulunu canınla ödəyəcəksən.

Aidiyyəti qurumlar tərəfindən verilən statistik rəqəmlərə baxsaq, acınacaqlı mənzərə ilə rastlaşmış olarıq. Bu ilin ilk yarısı ərzində qeydə alınan 13 310 cinayət hadisəsinin 2 904-ü və ya 21,8 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz çoxdur. Bu cinayətlərin 57,8 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 34,5 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 5,8 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,7 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,2 faizini isə digər cinayətlər təşkil edib.

Cinayət törətmiş şəxslərin 68,0 faizini heç yerdə işləməyən və oxumayanlar, 28,4 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərdir. Cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 2,2 faiz təşkil edib. Cinayət törədənlərin 0,2 faizi 14-17, 8,8 faizi 18-24, 17,8 faizi 25-29 yaşlı gənclər, 73,2 faizi isə 30 və yuxarı şəxslər olub. 6 ay ərzində 2149,1 kiloqram narkotik maddə müsadirə edilib.

Əlbəttə, bunlar adi rəqəm sayıla bilməz. Hər faktın arxasında bir insan ömrü, taleyi dayanır. Buna kimsə biganə qala bilməz və qalmamalıdır. Əgər hər gün bu rəqəmlər artırsa, yeni-yeni faktlar qeydə alınırsa deməli şər qüvvələr hələ də bizdən bir addım irəlidədir. Amma həm dövlət qurumları, həm də cəmiyyətin fəal kəsimi bu balansı pozmağa özündə güc tapmalıdır. Narkomaniyanı yayan, gənclərimizi bu bəlaya mübtəla edən kim varsa hər birini qanunlar çərçivəsində cəzalandırmaq lazımdır. Çünki, bu tip insanlar təkcə var-dövlət qazanmaq üçün bu cinayəti törətmirlər, əslində onlar həm də bizim gələcəyimizi məhv edirlər.

Narkomanlığın yayılmasında bir amili də deməsək olmaz. Sovet hökumətinin dövründə sərhədlər qapalı idi, xaricdən 15 respublika ərazisinə narkotik maddələrin keçirilməsi hər adamın işi deyildi. Çox az Sovet vətəndaşı narkotiklərlə tanış idi. Yabanı halda çöl və meşələrimizdə bitən narkotik tərkibli bitkilər bu gün hüquq müdafiə orqanlarının əməkdaşları tərəfindən yığılıb məhv edildiyi halda, o dövrdə belə bir əməliyyatın keçirilməsinə kimsə cəhd belə etmirdi. Çünki, həmin bitkilərin təyinatı fərqli idi. Narkotik tərkibli bitkilərin tibb sənayesində istifadə edilməsi də həmin təyinatlardan biri idi. Elə ki, Azərbaycan müstəqil oldu və sərhədlərimiz açıldı, ölkəmizə təşrif buyuranlar arasında “ağ ölüm”ü yayanlar da tapıldı.

...Bir gün kəndimizə xəbər yayıldı ki, polislər gəlib, həyətlərdə narkotik axtarır. Həmin saat kəndin mərkəzinə xeyli adam toplandı. Polis rəisi irəli çıxıb xəbərdarlıq etdi ki, kimin həyətində narkotik becərilir bizə desin, yoxsa... Hamı bir-birinin üzünə baxdı, axı bu narkotik bitkisi nəmənədir ki, onu becərəsən? Kəndimizin yaşlı kişilərindən biri rəisə bu narkotikin nə olduğunu, necə bir bitki olduğunu soruşdu. O da serjanta əmr verdi ki, gedim maşının yük yerindən həmin bitkinin bir budağını gətirsin. Serjant əmri yerinə yetirdi. Qoca budağı əlinə alıb bir o tərəfə, bir bu tərəfə çevirib: “Rəis, budur narkotik dediyiniz bitki? Bundan bizim həyətdə nə qədər istəsən”. Kişinin ağzından söz bitər-bitməz polislər onu həbs etmək istədilər. Kəndin digər sakini rəisə yaxın gəlib dedi: “Rəis, bu, çətənə koludur. Biz bunun toxumlarını yığıb ondan ədva kimi istifadə edirik, yarpaqlarını isə otun içinə qatıb inəyə veririk. Bundan hər kəsin həyətində var. Bizim suçumuz nədir?”. Rəis hər şeyi başa düşdü və çıxıb getdi.

Bəli, narkotik tərkibli bitkilər hər yerdə bitir. Amma baxır ondan kim və nə üçün istifadə edir. Narkotacir və onun hədəfində olan qurban bu bitkidən həm qazanc, həm də narkotik kimi istifadə edir, digər bir vətəndaşın isə ya ondan xəbəri yoxdur, ya da onu toplayıb mal-qarasına verir.

Bütün bunlara baxmayaraq, bu gün Azərbaycanda xüsusən gənclərin narkomaniyaya meyllənməsi hər kəsi düşündürməlidir. Bu, elə bir ağrılı məsələdir ki, hətta Azərbaycanda narkotik satan, alan, kuryerlik edən bir nəfərin belə olması çoxdur. Bəs bu problemi necə həll etməli? İnzibati yol vacibdir, mütləqdir, digər yollar necə, varmı?

Var, bu barədə Azərbaycan dövlətinin gənclər siyasətində də bəzi müddəalar yer alıb. Bunların icrasını təmin etməklə bütün problemlərə əlac qıla bilərik. Əvvəla, gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakını təmin etməliyik. İkincisi, istedadlı gənclərə dövlət qayğısı göstərilməlidir. Üçüncüsü, gənclərin sağlamlığının qorunması və fiziki inkişafı prioritet olmalıdır. Dördüncüsü, gənclərin məşğulluğunun təmin edilməsi vacibdir. Beşincisi, gənc ailələrə dövlət yardımı göstərilməlidir. Gənclər təşkilatları bu sahədə dövlət qurumlarına yardımçı olmalıdırlar. Ölkənin tanınmış ziyalıları, ictimai-siyasi xadimləri məhz potensial narkotik istifadəçiləri ilə profilaktik işlər aparmalı, onların işlə təmin olunmasına çalışmalı, sağlam gənclərin narkomana çevrilməsinin səbəblərini tapmalıdır. Narkomaniya ilə mübarizə hər kəsin vətəndaşlıq borcu olmalıdır.

V.VƏLİYEV

QEYD: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin mövzusuna uyğun dərc edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə