“Azərbaycan mətbuatı 150 illik tarixi ənənəyə malikdir. Bu dövr ərzində mətbuatımız müxtəlif inkişaf mərhələlərindən keçmiş, yeni janrlar yaranmış, həm qəzet, həm də televiziya janrları formalaşmışdır. Lakin müasir mərhələdə Azərbaycan jurnalistikası müəyyən tənəzzül prosesini yaşamaqdadır”. Bu fikirləri əməkdar jurnalist Mətanət Məmmədova SİA-ya açıqlamasında bildirib.
O, qeyd edib ki, hazırda mətbuatda mövcud olan 30-dan çox janrın yalnız az bir hissəsindən istifadə olunur: “Praktikada əsasən xəbər və reportaj janrları üstünlük təşkil edir. Bununla belə, bu janrların da peşəkar səviyyədə icra edilmədiyi müşahidə olunur. Xəbər yazmaq və reportaj hazırlamaq üçün müəyyən peşəkar qaydalar mövcuddur, lakin bir çox jurnalistlər bu qaydalara əməl etmir.
Ədəbiyyat və mətbuat tarixində mühüm yer tutmuş felyeton, oçerk, esselər, zarisovka, araşdırma, təhlil, fotojurnalistika və digər janrlar isə demək olar ki, müasir mətbuatda unudulmuşdur. Bu vəziyyət agentlik və portallarda da özünü göstərir. Halbuki dünya praktikasında yeni janrlar meydana gəlməkdə, cəmiyyətin sosial tələblərinə uyğunlaşmaqda davam edir. Xüsusilə araşdırma janrı beynəlxalq səviyyədə jurnalistikanın ən nüfuzlu istiqamətlərindən hesab olunur. Azərbaycanda isə bu sahədə yazan jurnalistlərin sayı olduqca azdır. Gənc jurnalistlər araşdırma janrına müraciət etməkdə çətinlik çəkir, mövcud hallarda isə xarici mətbuatdan tərcümə ilə kifayətlənirlər. Halbuki araşdırma jurnalistikasının özünəməxsus metodoloji prinsipləri və qaydaları mövcuddur.
Müasir mediada geniş tətbiq olunan digər janrlardan biri məlumat bazalı (data journalism) jurnalistikadır. Bu istiqamətdə statistik məlumatların təhlili, müqayisəsi və proqnozlaşdırılması əsasdır. İqtisadiyyat, səhiyyə, təhsil və digər sahələrdə aparılan bu tipli təhlillər ölkənin inkişaf dinamikasını göstərir və ictimaiyyət üçün mühüm informasiya mənbəyi rolunu oynayır. Eyni zamanda, həllyönümlü jurnalistikada mühüm əhəmiyyət daşıyır. Bu janrda jurnalist yalnız problemi təsvir etmir, onun həlli yollarını da göstərir. Lakin Azərbaycanda bu istiqamətdə yazılar kifayət qədər deyil.
Azərbaycanda daha az istifadə olunan digər janr hekayə jurnalistikasıdır. Bu janrın məqsədi şəxsiyyətlərin və ya tarixi hadisələrin hekayəvi formada təqdim edilməsidir. Dünya praktikasında hekayə janrı oxucu maraqlarına uyğun tərzdə inkişaf etdirilir. Nəticə etibarilə, Azərbaycan mətbuatının qarşısında duran əsas vəzifələrdən biri janr müxtəlifliyinin bərpası və inkişaf etdirilməsidir. Bunun üçün jurnalistlərin peşəkar hazırlığı gücləndirilməli, araşdırma və analitik janrlar ön plana çəkilməlidir. Bakı Dövlət Universitetində jurnalistika fakültəsinin mövcudluğu, eləcə də təcrübəli jurnalistlərin təcrübəsinin gənc nəslə ötürülməsi bu prosesdə mühüm rol oynaya bilər. Dünya praktikasının öyrənilməsi, xarici təcrübələrin tətbiqi və peşəkar inkişaf imkanlarının yaradılması isə Azərbaycan jurnalistikasının gələcək inkişafı üçün vacib şərtlərdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə