Gender bərabərliyinin qorunması aktual məsələlərdəndir - TƏHLİL

Siyasi, iqtisadi, mədəni sahələrdə və ümumiyyətlə, ictimai həyatın bütün sahələrində kişi və qadınların bərabərliyi gender siyasətinin əsasını təşkil edir. Hər iki cinsdən olanların haqlarının qorunması və möhkəmləndirilməsi, qadın və kişilərin bu hüquqlardan bərabərcəsinə istifadə etməsi dövlətin məqsədyönlü gender siyasətinin tərkib hissəsidir. Gender bərabərliyinin təmin olunması üçün dünyada çoxlu sayda qanunlar qəbul olunub və bu da o deməkdir ki, gender bərabərliyinin qorunması hər zaman olduğu kimi aktual məsələlərdəndir.

Azərbaycanda gender bərabərliyi hər zaman diqqət mərkəzində olub. Hətta tarixə nəzər saldıqda görürük ki, gender ənənəsi hələ ötən əstrin əvvəllərində belə ölkəmizdə mövcud olub. Bu ənənə hətta bütün dünyanın diqqətini də cəlb edib. Ötən əsrin əvvəllərindən Azərbaycan qadınının savadlanması, eləcə də ictimai həyata qatılması məhz həmin ənənənin təzahürü idi və bu baxımdan da gender ənənəsi hələ o zamanlardan belə dünyanın bütün ölkələrinə örnək, nümunə hesab olunandır. Azərbaycan qadınının ötən əsrin əvvəllərindən etibarən ictimai həyatın bir çox sahələrində kişilərlə bərabər olması həmin dövrdən ölkəmizdə gender bərabərliyinin mövcudluğundan xəbər verir. Halbuki, inkişaf etmiş ölkələrdə həmin dövrdə hələ gender bərabərliyindən söhbət belə gedə bilməzdi və məhz buna görə də cəsarətlə deyə bilərik ki, dünyanın əksər ölkələri gender məsələlərində elə həmin zamandan etibarən Azərbaycandan geri qalıb və onların əksəriyyətində qadın hüquqları ölkəmizdəki qədər təmin edilməyib.

Sirr deyil ki, istər islam aləmində, istərsə də Şərqdə ilk dəfə qadına seçmək və seçilmək hüququ verən məhz Azərbaycan Xalq Cümhuriyyəti olub. Çümhuriyyət dövründə kişilərlə bərabər qadınların azadlığı da, hüququ da qorunub. Lakin həmin hakimiyyətin məhz bolşevik hücumu fonunda başa çatmasından sonra gender bərabərliyinə xüsusi önəm verilməməsi Sovet ideologiyasının təsirinə görə olub və həmin dövrdəki mənfi təsirlər də həmin ideologiyadan qaynaqlanıb. Məhz Sövet hakimiyyəti illərində qadınların potensialının lazımınca dəyərləndirilməsinə imkan verilməyib. Lakin Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra qadınların ictimai həyatda rolunun artmasına tam şəkildə şərait yaradılıb. Müstəqilliyimizin bərpasından sonra gender məsələləri ilə bağlı ölkədə dövlət səviyyəsində bir sıra qanun və qərarlar qəbul edilib, hətta Azərbaycan konstitusiyası kişilərə və qadınlara eyni hüquqlar verib.

Qadınların rolunun artmasında, ictimai həyatın bütün sahələrində qadınların kişilərlə bərabər çalşmasında dövlətimizin rolunu əlbəttə ki, danmaq olmaz. Əvvəla ona görə ki, qadınların kişilərlə bərabər çalışmasına Azərbaycan dövləti şərait də, imkanlar da yaradıb. Digər tərəfdən də axı qadınların işləməsinə, çalışmasına, ictimai proseslərdə yaxından iştirak etməsinə dövlətimiz tərəfindən də, cəmiyyətimiz tərəfindən də heç bir qadağa yoxdur. Buna mane olunmasına belə imkan verilmir və onların hüquqları müdafiə edilir. Azərbaycan qadını orta məktəblərdə, ixtisas məktəblərində, ali təhsil ocaqlarında, universitetlərdə pedaqoji fəaliyyətlə məşğuldur. Milli Məclisdə millət vəkili olan qadınlarımız, eləcə də diplomat qadınlarımız var. Dövlət idarəçiliyində də qadınların iştirakı, eləcə də müxtəlif vəzifələrdə çalışan qadınlar barədə də məlumatlıyıq. Özəl sektorda, biznes sahəsində, işgüzarlıq fəaliyyətində də qadınlarımızın uğurlarının şahidi olmuşuq. Qadınlarımız elmi kəşflər edirlər, araşdırmalar aparırlar, müxtəlif sahələrdə uğurlar qazanırlar və məhz buna görə də həm elmin, həm də mədəniyyətin inkişafına töhfələr verməkdədirlər. Ölkəmizin milli maraqlarının müdafiəsində də Azərbaycan qadınının iştirakını və rolunu danmaq olmaz. Ölkəmizi xaricdə təmsil edən qadınlarımız bunun öhdəsindən layiqincə gəlirlər. İdman yarışlarında, müsabiqələrdə qadınlarımız xarici ölkələrdə, beynəlxaq yarışlarda və platformalarda Azərbaycanı layiqincə təmsil edirlər, Azərbaycan bayrağını ölkə hüdudlarından kənarda da yüksəklərə qaldırırlar. Bütün bunlar əlbəttə ki, səbəbsiz deyil və bu, ilk növbədə dövlətimiz tərəfindən, cəmiyyətimiz tərəfindən qadınların hüquqlarının müdafiə edilməsi, qorunması, dəstəklənməsi ilə birbaşa əlaqədardır. Bu, həm də ondan xəbər verir ki, gender bərabərliyinin qorunması istiqamətində uğurlu nəticələrimiz var və gələcəkdə də bu bərabərliyin qorunacağına zərrə qədər şübhə ola bilməz.

BMT-nin “Qadınlara Qarşı Ayrı-Seçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında” Konvensiyanı Azərbaycan 1995-ci ildə ratifikasiya edib. Daha sonra, yəni 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin, indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” sərəncamların imzalanması da gender bərabərliyinə öz töhfəsini verib. Ulu Öndərin “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci ildə imzaladığı fərman bütün dövlət strukturlarında qadınların təmsil olunma faizinin yüksəldilməsini nəzərdə tuturdu. Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı olan cənab Prezident İlham Əliyev gender məsələlərinə, kişi və qadınların bərabərliyinə xüsusi diqqət göstərir və dövlətimiz belə bir bərabərliyin qorunmasının qarantıdır. Xüsusilə qeyd edək ki, nazirlik və idarələrdə gender siyasətinə məsul koordinatorların-fokal mərkəzlərin fəaliyyət göstərməsi ölkəmizdə gender siyasətinin uğurla aparılması və bu istiqamətdə əldə edilən nəticələtin qənaətbəxş olması deməkdir.

Etiraf etmək lazımdır ki, kişilər və qadınlar arasında bərabərlik təkcə huquqi baza, qanunvericiliklə təmin olunmur. Əvvəla ona görə ki, bu məsələ heç də bütün hallarda qanun müstəvisinə daşına bilmir. Digər tərəfdən də axı bərabərliyin təmin olunması üçün inzibati tədbirlər kifaət etmir. Deməli, belə çıxır ki, insanlar özləri belə bir bərabərliyin, kişilər və qadınlar arasında bərabərliyin təminatçısı olmaqda maraqlı olmalıdırlar. Daha dəqiq desək, ya kişinin, ya da qadının bu bərabərliyi pozmasına cəmiyyət özü imkan verməməlidir. Eyni zamanda dərk edilməlidir ki, gender bərabərliyi dedikdə nə kişinin qadının yerini tutması, nə də qadının kişinin yerinə keçməsi başa düşülə bilməz və bu baxımdan insanlar kişi və qadınlar arasındakı bərabərliyin olmasından qorxmamalıdırlar. Hətta qarşılaşa biləcəkləri bərabərsizlikləri belə ictimai qınaqla aradan qaldırmaqdan çəkinməməlidirlər. Əksinə, bu bərabərliyə tövhə verməlidirlər və buna nail olunmasına çalışmalıdırlar. Çünki gender əsaslı zorakılığın məhz cəmyyiətin demoqrafik vəziyyətinə təsirsiz ötüşmədiyinin, yəni mənfi təsir etdiyinin, eləcə də kişi və qadınlar arasında bərabərliyin qorunmasının aktual məsələ olduğunun hər kəs fərqindədir.

Müəllif: İnam Hacıyev

6.3.18. “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə