Tolerantlıq ənənələri ilə DÜNYAYA NÜMUNƏ OLAN AZƏRBAYCAN – TƏHLİL
Müxtəlif millətlər, xalqlar, etnoslar, fərqli mədəniyyətlərə, dini inanclara, adət-ənənələrə malik insanlar arasında münasibətlərin tənzimlənməsində xüsusi rol oynayan, dövlətlər səviyyəsində xüsusi siyasi kurs olaraq qəbul olunan tolerantlıq artıq bəşəri bir dəyərə çevrilib. Ona görə bəşəri dəyərə çevrilib ki, dini və milli tolerantlıq dini dözümlülüyün, birgəyaşayışın, sülhün qarantıdır. Bəşəriyyət üçün ən dəyərli sayılan insan və insan həyatı olduğundan təhlükəsizliyin, əmin-amanlığın təmin edilməsi də ən önəmli hesab olunmaqdadır və bu səbəbdən də bir dəyər formasına çevrilən tolerantlığın bütün dünyada kifayət qədər əhəmiyyətli sayılmasının səbəbi bəllidir.
Dini qarşıdurma və müxtəlifliyə qarşı dözümsüzlük hallarının, eləcə də bütövlükdə dünyanı bürüyə bilən sosial gərginliklərin ortaya çıxması riski, sözsüz ki, tolerantlığı təbii şəkildə gündəmə gətirir. Daha dəqiq desək, dini dözümlülüyün, birgəyaşayışın və sülhün qarantı olan dini və milli tolerantlıq olduqca vacib hesab olunur, hətta insanların əmin-amanlıq şəraitində yaşaması üçün əsas prioritetlərdəndir. Ona görə ki, müxtəlif millətlərin nümayəndələrinin və müxtəlif dini inanclara, adət-ənənələrə sahib olan insanların qarşılıqlı anlaşma və qarşılıqlı hörmət şəraitində yaşaması məhz bəşəri dəyər hesab olunan toleranlıq ənənələrindən bilavasitə asılıdır.
İctimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə dini və milli dözümlülük, tolerantlıq Azərbaycanda çox yüksək səviyyədə olub. Ona görə ki, ölkəmizdə dərin köklərə malik olan tolerantlıq xalqımızın xarakterik cəhətlərindəndir. Tolerantlıq ölkəmizdə həm bütövlükdə cəmiyyətdə, həm də hər bir vətəndaşın şüurunda, mövqeyində, münasibətində və həyat tərzində ehtiva olunan önəmli bir dəyər olaraq qəbul olunur. Hələ lap qədim zamanlardan bu günə qədər müxtəlif mədəniyyətlərin nümayəndələrinin, fərqli dini inanclara, adət-ənənələrə, fərqli mədəniyyətlərə mənsub insanların yaşadığı coğrafiyada olan Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkə olaraq tanınır və bu heç də təsadüfi deyil. Ona görə ki, ayrı-ayrı etiqad və inanclara malik etnosların min illər boyunca ölkəmizdə əmin-amanlıq şəraitində yaşaması, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanması bütün dünya ictimaiyyətinə bəllidir. Bizə məxsus olan tolerantlıq, əlbəttə ki, xalqımıza xas olan humanizmdən, eləcə də başqalarının inanclarına, dəyərlərinə hörmət prinsplərindən qaynaqlanır. Unutmaq lazım deyil ki, xalqımızın bu qədər dərin tarixi kökləri olan tolerantlıq ənənələri Azərbaycanda islami dəyərlərin qorunub saxlanması ilə daha da zənginləşmiş, daha da möhkəmlənmişdir.
Azərbaycan ərazilərində müxtəlif dövrlərdə bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam və bir çox başqa dini inanclar nəinki yayıla bilib, hətta biri-birinə qarşı hörmətlə yanaşılmasına görə nümunə olaraq qəbul olunmaqdadır. Fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın tarixən belə ənənələrinin olması bugünkü günə də siraət edib və əlbəttə ki, təsirsiz də ötüşməyib. Dünyada baş verən müharibələrin motivində məhz etnik-dini anlaşılmazlıqlar olduğu halda, katalizator da elə dini, milli dözümsüzlük olduğu halda, ölkəmizdə dini mənsubiyyətindən asılı olmayaraq kiməsə qarşı dözümsüzlük nümayiş etdirildiyi hələ bir dəfə də müşahidə edilməyib. Dünyanın ən inkişaf etmiş ölkələrində hətta eyni dinə, eyni adət-ənənələrə, eyni mədəniyyətə mənsub təriqətləri arasında çaxnaşmalar müşahidə edilsə də, bu günə qadər Azərbaycanda belə bir arzuolunmaz halla rastlaşmaq qətiyyən mümkün olmayıb. Hal-hazırda məhz etnik təmizləmə siyasətinə görə dünyanın 21 ölkəsində 12 milyonadək insan qaçqın və məcburi köçkün şəraitində yaşaması fonunda, Azərbaycana bu kimi mənfi halların heç birini şamil etmək mümkün deyil. Deməli, Azərbaycan dini və milli tolerantlıq baxımında da dünyaya nümunə olan ölkə hesab olunur.
Azərbaycanda vətəndaşlar, insanlar dini inanclarına, etiqadlarına, məzhəblərinə görə qətiyyən bir-birindən fərqləndirilmir və hətta bu məsələlər müvafiq qanunvericilik çərçivəsində belə tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının vicdan azadlığı ilə bağlı müddəalarının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı ilə əlaqədar qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi, dini qurumların qeydiyyata alınması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən müvəffəqiyyətlə həyata keçirilir. Etnik dini tolerantlığın bütün dünyada mütərəqqi demokratik dəyərlərdən biri kimi qəbul edildiyi bir zamanda bu tolerantlıq forması Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilib. Azərbaycan Respublikası bu gün çoxmillətli və çox konfessiyalı dövlət kimi dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir və bu siyasətin məntiqi nəticəsi olaraq hazırda ölkəmizdə bütün dini icmalar bərabər hüquqlara malikdirlər. Məhz bu baxımda da cəsarətlə deyə bilərik ki, Azərbaycan dini və milli tolerantlıqda dünya dövlətlərinə uğurlu model, örnək, nümunə hesab olunur, çünki, Azərbaycanda hər zaman bütün dinlərə hörmətlə yanaşılıb və indi də bu ənənə uğurla davam etdirilir.
“Yüksək tolerantlıq yüksək mədəniyyətin təzahürüdür”, deyən Ulu Öndər Heydər Əliyev xalqımızın tolerantlıq ənənələrini hər zaman yüksək qiymətləndirib. Ümummilli Liderimizin milli-dini dəyərlərimizin qorunmasında, islam dininə hörmətin, ehtiramın göstərilməsində, xalqımızın dini əqidəsinin, dini inancının möhkənləndirilməsində öz əməli fəaliyyəti ilə müstəsna rol oynaması, əvəzsiz tövhələr verməsi məhz bu qiymətləndirmənin bariz nümunəsi sayılır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev hazırda ölkədə dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı və himayəçisidir.
Azərbaycan xalqı bütün dövrlərdə insanlar arasında sülh və əmin-amanlıq şəraitinin yaradılmasına əvəzsiz tarixi töhfələr verib. Dözümlülük, başqa millətlərin, xalqların, etnik qrupların nümayəndələrinin mədəniyyətinə, adət-ənənələrinə, müxtəlif dini mənsubiyyətli insanların inanclarına hörmətlə yanaşmaq, dinc yanaşı yaşamaq xalqımızın milli mentalitetinin əsas xüsusiyyətlərindəndir. Təsadüfi deyil ki, hər zaman olduğu kimi, Azərbaycan xalqı, eləcə də dövlətimiz bu gün də sülhün, əmin-amanlığın tərəfdarıdır. Ermənistan tərəfinin təxribatlarına cavab olaraq, hərbi əməliyyatlara başlanıldıqdan və işğal altında olan torpaqlarımız işğaldan azad olunduqdan, müharibədə mükəmməl qələbə qazandıqdan sonra Azərbaycan yenə də sülh təşəbbüsü ilə çıxış edir. Azərbaycan yenə də normal qonşuluq münasibətlərinin davam etdirilməsi, sülh şəraitində yaşamaq təklifini irəli sürür. Qalib ölkə, qalib tərəf olmasına baxmayaraq, Azərbaycan qonşu dövlətə sülh müqaviləsi bağlamaq təklifi edir və bu fakt özü onu deməyə əsas verir ki, həqiqətən də tolerantlıq baxımından Azərbaycan bütün dünyaya nümunə olan ölkədir.
Müəllif: İnam Hacıyev
6.3.15. “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB