Dövlətçiliyimizin, mədəniyyətimizin, adət-ənənələrimizin təbliği diqqət mərkəzindədir - TƏHLİL

Dünyanın ən qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqının təqribən beş min illik dövlətçilik tarixi var. Dövlətçilik ənənələri ilə yanaşı, xalqımızın zəngin irsə, milli adət-ənənələrə, elm və mədəniyyətə sahib olduğu da tarixi qaynaqlarda öz təsdiqini tapmaqdadır. Sevindirici haldır ki, çox qədim dövlətçilik tarixinə, dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı özünə məxsus olan ənənələrinə, öz mədəniyyətinə, adətlərinə hər zaman sahib çıxıb və bu gün də bizə məxsus olan dəyərlər qorunub saxlanılır.

Tarixi qaynaqlar, abidələr, kitabələr, aşkar olunan qədim yaşayış yerləri və bir sıra salnamələr təsdiq edir ki, eramızdan da əvvəlki minilliklərdə xalqımızın dövlətçilik ənənələri olub. Manna və Midiya dövlətlərinə mənsub olan ərazilərdə, Böyük Qafqaz dağlarının ətəklərində, Kiçik Qafqaz dağlarında, Qubadlı rayonunda Bərgüşad, Həkəri çayları vadilərində, Şirvan regionunda Mərəzə, Dərəkənd yaxınlığında, eləcə də cənub əyalətlərində, ümumiyyətlə, Azərbaycan ərazisində olan mağaralar, qədim yaşayış məskənləri, hələ bir necə minilliklər əvvəl xalqımızın dövlətçilik ənələrinin olduğunu sübut edir. Eramızdan əvvəl üçüncü minillikdə Azərbaycanın cənubunda ilk tayfa birlikləri və erkən dövlət qurumlarının meydana gəldiyini təsdiq edən tarixi qaynaqlar var. Həmin qaynaqlara əsasən bəlli olur ki, eramızdan əvvəl üçüncü və ikinci minilliklərdə Urmiya gölünün qərbində və cənub-qərbində kuti, cənubunda lullubi, turukki tayfaları məskunlaşmışdılar. Bu barədə, yəni qədim Azərbaycan tayfaları haqqında ilk yazılı məlumatlara şumer dastanlarında və mixi yazılarında rast gəlinir. Həmin şumer dastanlarından və mixi yazılardan aydın olur ki, eramızdan əvvəl üçüncü minilliyin ikinci yarısında Azərbaycanın cənubunda Lullubi tayfa ittifaqı yaranmışdı və bu da düz beş min il bundan əvvələ təsadüf edir. Eramızdan əvvəl 2170-2150-ci illərdə, hökmdar Anubaninin dövründə Lullubilərin Akkad dövlətinə qarşı mübarizə apardıqları, Lullubi dövlət qurumunun daha da güclənməsi, onun uğurları eyni zamanda, “Anubaninin daş sütünü” (“Qələbə abidəsi”) üzərindəki mixi yazılarda da həkk olunub və bütün bunlar xalqımızın dövlətçilik tarixinin beş min ilə yaxın olduğunu bir daha təsdiqləyir.

Xalqımızın qədim dövlətçilik ənənələrinin olduğunu təsdiq edən belə tarixi faklar və dövrümüzə qədər gəlib çıxan kitabələr yetərincədir və hələ sadalanacaq kifayət qədər tarixi faktlar da var. Etiraf etmək lazımdır ki, həmin tarixi faktların daha dərindən araşdırılması günümüzün ən aktual məsələlərindəndir. Hətta araşdırılarkən dövlətçiliyimizin daha qədim tarixə malik olduğu barədə ortaya çıxan məlumatların təbliğ edilməsi də olduqca vacibdir. Ələlxüsus da, köçəri hay tayfalarının Cənubi Qafqazda peyda olduqları gündən hazırki dövrə qədər məhz Azərbaycan xalqına məxsus olan maddi, mədəni irsin hamısını özününküləşdirmək, oğurlamaq niyyətində olması bu məsələnin, yəni dəyərlərimizin, adət-ənənələrimizin, mədəniyyətimizin qorunmasının, təbliğ edilməsinin nə dərəcədə vacib olduğunu ortaya qoyur. Xalqımızın tarixi kökləri, dövlətçilik ənənələri barədə yalan məlumatlar yaymağa çalışan, hər dəfə imkan tapdıqda bizə məxsus olan maddi və mədəni irsin, tarixi abidələrimizin məhv edilməsinə, tarixi faktların saxtalaşdırılmasına çalışan ermənilərin dayanmadan “canfəşanlıq” etdiyi bir zamanda bu məsələnin nə dərəcədə vacib, nə dərəcədə aktual olduğu artıq hər kəsə bəllidir.

İki yüz il bundan əvvəl Cənubi Qafqaza köçürülən, regionda cəmi iki əsrlik tarixi olan köçəri hay tayfalarının, bu gün erməni xalqı kimi tanınan toplumun hansı şəkildə iddialı olduğu və özlərini ərazilərin sahibi kimi göstərmək istədikləri artıq bütün dünya ictimaiyyətinə əyandır. Azərbaycan ərazilərinə köçürülən ermənilər həmin ərazilərdə özlərinə dövlət qurmaları üçün Sovet hakimiyyətinin mövcud olduğu bir dövrdə münbit tarixi şəraitdən hiyləgərliklə istifadə etdikləri də sirr deyil. Məsələ burasındadır ki, həddindən artıq həyasız olmaları ilə tanınan haylar hər zaman Azərbaycanın digər ərazilərinə də sahib çıxmaq niyyətində olublar. Elə məhz Azərbaycan ərazisini, Qarabağı işğal faktı ilə zəbt edən ermənilər həmin əraziləri də özününküləşdirmək niyyətində idilər. Bu məqsədlə də ərazilərimizdə, Qarabağ ərazilərində tarixi abidələrə qarşı vəhşicəsinə davranaraq, onların yer üzündən silinməsi üçün əllərindən gələni ediblər. Əllərindən gələni ediblər ki, Azərbaycana, xalqımıza məxsus olan izləri tamamilə itirsinlər. Xalqımıza məxsus olan məscidlərin, tarixi abidələrin, hətta qəbir daşlarının belə ermənilər tərəfindən məhv edilməsi faktı ortadadır. Qarabağ ərazisində azərbaycanlılara məxsus yaşayış yerlərinin ermənilər tərəfindən darmadağın edilməsi, ərazilərimizi xarabalıqlara çevirmələri həmin əraziləri ziyarət edənlərin diqqətindən yayına bilməz və hətta foto və video materiallarda da öz əksini tapmaqdadır. Azərbaycan özünə məxsus olan əraziləri Ali Baş Komandanımızın, cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və rəhbərliyi ilə, ordumuzun rəşadəti və xalqımızın həmrəyliyi ilə erməni işğalından azad etdikdən sonra indi həmin yerlərdə sürətli şəkildə bərpa-quruculuq işləri aparır və həmin ərazilər, cənab Prezidentin dediyi kimi, getdikcə cənnətə çevrilməkdədir. Lakin ermənilərin həmin əraziləri darmadağın edərək məhv etmələri, çirkin niyyətləri qətiyyən yaddaşlardan silinməyəcək və bu məsələlər bizə, məhz özümüzə məxsus olan dəyərləri, adət-ənənələrimizi, mədəniyyətimizi, dövlətçiliyimizi daha çox qorumağa sövq edir.

Öz tarixi şəxsiyyətləri, alimləri, sənətkarları ilə tanınan Azərbaycan xalqını bəşəriyyət lap qədimdən tanıyır. Qədim dövrdə, orta əsrlərdə yaşayıb yaradan tarixçilərimiz, alimlərimiz, ədiblərimiz barədə kifayət qədər məlumatlar var. Elmin bütün sahələrinə xalqımızın tarix boyu maraq göstərməsi diqqətdən yayınan deyil və ölkəmizin ərazisində Şamaxı rəsədxanasının olması faktı onu deməyə əsas verir ki, hətta nücum elminə, münəccimliyə də xüsusi yer ayrılıb. Ədəbiyyatımız, ədiblərimiz barədə də dünya ictimaiyyəti yetərincə məlumatlıdır. Nizami Gəncəvi, Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və başqa ədiblərimizi bütün dünya çox yaxşı tanıyır. Şeyx Nizaminin xəmsəsi bütün dünyada dillər əzbəridir. İmadəddin Nəsiminin fəlsəfi fikiləri, Məhəmməd Fizulinin platonik məhəbbəti tərənnüm edən əsərləri dünya miqyasında çox yaxşı tanınır. Musiqi sənətində dünyaya töhfələr verən Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, təsviri sənət, rəssamlıqda öz imzası ilə tanınan Səttar Bəhlulzadə, dünya elminə mislisiz yenilik gətirən və “qeyri-səlist məntiq” kimi bir kəşfi ilə yaddaşlara həkk olunan Lütfi Zadə bu xalqın, Azərbaycan xalqının övladlarıdır və belə şəxsiyyətlərin sayı sadalanandan dəfələrlə çoxdur. Belə bir mədəniyyətin, belə bir irsin öyrənilməsi, qorunub saxlanılması, hətta təbliğ edilməsi günümüzüz ən aktual, ən vacib məsələlərindədir.

Xüsusilə diqqətə çatdırmaq yerinə düşərdi ki, mədəniyyətimiz, adət-ənənələrimiz və onların formalaşdırdığı milli dəyərlər sistemi ilə güclü dövlətçilik quruculuğu arasında sıx bir vəhdət var. Unutmaq lazım deyil ki, hər bir dövlətin gücü, ilk növbədə, mədəniyyətin, adət və ənənələrin cəmiyyəti əxlaqi, milli vətənəpərvərlik baxımından düzgün istiqamətə yönəltməsindən, onları saf təməllər üzərində tərbiyə etməsindən asılıdır. Bu baxımdan bütün dövrlərdə mədəniyyət, adət və ənənələr hər bir dövlətin qüdrətli və uzunömürlü olmasında on minlərlə əsgərin görə bilmədiyi əvəzsiz bir iş görür. Bir sözlə, adət və ənənələr insan münasibətlərinin tənzimləyicisi və istiqamətvericisi funksiyasını yerinə yetirərək, öz lideri ətrafında möhkəm birləşən güclü və qüdrətli dövlətin meydana çıxmasında önəmli rol oynayır. Düz 30 ilə yaxın müddət ərzindən düşmən tapdağı altında qalan 20 faiz torpaqlarımızın işğaldan azad edilməsində biz bunun bir daha əyani şahidi olduq. Tək biz yox, bütün dünya şahidi oldu ki, cəmiyyəti əxlaqi, milli vətənəpərvərlik baxımından düzgün istiqamətə yönəldən adət və ənənələrimiz dövlətimizin gücünə güc qatdı, dövlətimizin qüdrətini daha da artırdı və həqiqətən də on minlərlə əsgərin gördüyü iş qədər bir iş gördü və xalqımızın “dəmir yumruq” şəklində birləşərək düşmənin başını ən qısa zamanda əzməsinə öz təhfəsini vermiş oldu.

Dövlətçilik ənənələrimiz, mədəniyyətimiz, xalqımızın adət-ənənələri, milli dəyərləri indi həmişəkindən daha çox diqqət mərkəzindədir. Ölkə rəhbərimiz, cənab Prezident İlham Əliyev xalqımızın milli adət-ənənələrinə, mədəniyyətinə xüsusi diqqət ayırır. Azərbaycan bu gün beynəlxalq miqyasda ən sürətlə inkişaf edən, ən böyük nailiyyətlər əldə edən ölkə olaraq dünyada söz sahibinə çevrilib, etibarlı tərəfdaş kimi də özünü təsdiq edib, sənəti, mədəniyyəti, incəsənəti ilə, ümumilikdə milli-mənəvi dəyərləri ilə heyrət doğura bilib. Bu dəyərlərin əsasında xalqın tarixi köklərini, tarixini, mədəniyyətini, qəhrəmanlığını, məişətini, sosial həyatını əks etdirən faktorlar dayanır. Belə bir tarixi irsin daşıyıcısı olan xalqın qürürla səhifələdiyi vərəqlər zənginləşməkdədir. Ölkə rəhbərinin, cənab Prezident İlham Əliyevin sərəncamı ilə bir sıra mədəniyyət ocaqlarının tikilib istifadəyə verilməsi, eləcə də bərpası, məsələn, Bakıda Beynəlxalq Muğam Mərkəzinin tikilməsi, Xalça Muzeyinin inşası, regionlarda yeni muzey və musiqi məktəblərinin yaradılması qədim və zəngin mədəni irsə, adət-ənənələrimizə, dəyərlərimizə olan diqqətin bariz nümunəsidir.

Müəllif: İnam Hacıyev

6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə