Vətən Müharibəsi həmrəy və yekdil azərbaycanlıların birgə qələbəsi idi
Dilimizdəki "həmrəy" sözü "həmfikir", "yekdil" mənasını verir. Bu sözün özülündə birlik anlayışı dayanıb. Birliyin sütunları isə yekdil qüvvədən var olur. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan, təqribi sayı 50 milyon nəfər olan azərbaycanlının 10 milyondan çoxu mühacirətdə yaşayır. Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir. Lakin onları birləşdirən bir amal var – bütöv və təhlükəsiz Azərbaycan. Biz bu bütövlüyü 44 günlük müharibədə tək ürək, tək bilək olan dünya azərbaycanlılarının timsalında bir daha gördük.
Naxçıvandan bütün dünya azərbaycanlılarına həmrəylik çağırışı
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyuldu. Noyabr ayının 5-də qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il geniş qeyd edilməsi zərurəti irəli sürüldü. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 6 bənddən ibarət qərar qəbul etdi.
Qərarda qeyd olunurdu ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü elan olunsun və hər il bayram edilsin. Həmin gün Naxçıvan Muxtar Respublikası ərazisində iş günü hesab edilməsin. 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü kimi bütün Azərbaycan Respublikasında rəsmi qeyd edilməsi üçün qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Ali Sovetinə təklif verilsin. Naxçıvan Muxtar Respublikasının şəhər və rayon məclislərinə tapşırılsın ki, bayram günləri demokratik təşkilatların iştirakı ilə təntənəli mərasimlər hazırlayıb həyata keçirsinlər. Akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinə, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan şöbəsinə, Azərbaycan Yazıçılar Birliyinin Naxçıvan vilayət şöbəsinə, Xalq Təhsili Nazirliyinə tapşırılsın ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Gününə həsr olunmuş elmi konfrans keçirsinlər. Sərhəd çəpərlərinin bərpa edilməsi qanunsuz hesab edilsin və istehkam qurğularının ləğv edilməsini təmin etmək üçün deputat komissiyası yaradılsın.
32 ildir ki, 31 Dekabr bizi birləşdirir
32 ildir ki, qeyd etdiyimiz 31 dekabr — Dünya Azərbaycanlılarının Həmrəylik Günü hazırda dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün xüsusi əhəmiyyətə malik tarixdir. Bu tarixin yaradılması ilə Azərbaycan xalqının birliyi, bütövlüyü uğrunda gördüyü çoxsaylı işlərdən daha biri ilə ömürlük tariximizə həkk olan Ümummilli Lider qürbətdə yaşayan soydaşlarımıza müraciətlərindən birində belə deyirdi:
"Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilib. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".
5 qitədə həmrəy olmaq
Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımız Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşıblar. Onların sayı Birləşmiş Ştatlarda 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə çatır. Amerika qitəsi ölkələrində Honduras, Qvatemala, Peru və digərlərində də soydaşlarımız yaşayırlar. Məlumatlara görə, Amerika qitəsində məskunlaşan azərbaycanlıların əksəriyyəti zaman-zaman İrandan miqrasiya edən soydaşlarımızdır. 1970-ci ildən etibarən Türkiyədən, 1991-ci ildən isə Azərbaycandan bir qisim soydaşımızın okeanın o tayına köçü baş tutub.
Statistik göstəricilərə görə, azərbaycanlıların sayı Türkiyədə və Rusiyada daha çoxdur, bu say milyonlarla ölçülür. Belarus, Ukrayna, Almaniya və Böyük Britaniyada yüzminlərlə soyadşımız məskunlaşıb, Norveç, İsveç, Macarıstan, Danimarka, İtaliya və Fransada da on minlərlə azərbaycanlı yaşayır. Azərbaycanlıların məskunlaşdığı ölkələrdən olan Avstriya, Polşa, Finlandiya, İspaniya, Albaniya, Portuqaliyada on mindən çox soydaşımız yaşayır.
Vətən müharibəsində dünya azərbaycanlılarının həmrəyliyi
II Qarabağ Müharibəsi zamanı dünyanın hər tərəfindən Azərbaycan sədası eşidildi. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar orduya dəstək məqsədi ilə yardım topladılar, onlar dövlətinin, ordusunun yanında olduqlarını hiss etdirdilər. Ən ali vəzifəli azərbaycanlıdan ən az gəlirli azərbaycanlıyadək hər kəs bu yardıma öz payını əlavə etdi. Topladıqları yardımı Azərbaycana göndərənlər orduya dəstək məqsədi ilə xərclənməsini istədilər.
O vəsaitə Azərbaycan əsgərinin ehtiyacı olmasa, hər bir ehtiyacları ödənsə də, dövlət sadə vətəndaşların bu dəstəyini qəbul etdi. Bu, ölkəsindən, vətənindən uzaqda yaşayan azərbaycanlıların vəfa borcu idi. Əsgər payı bağlamalarda nələr yox idi ki? Təmizlik vasitələrindən geyimə, qidadan suyadək hər ehtiyac nəzərə alınmışdı. Xaricdəki azərbaycanlıların topladıqları vəsaitə alınan yardımlar gecə-gündüz yol kənarlarında dayanıb orduya gedən hərbi avtomobilləri yola salan gənclər tərəfindən hərbi maşınların yük yerinə yığıldı. Sərhədyanı bölgələrdə yerləşən rayonların, kəndlərin əhalisi cəbhəyə qida, qarpız-qovun daşıdılar. Əsgər, arxasında 50 milyonluq Azərbaycanın varlığını, həmrəyliyini hiss etdi, daha əzmlə, daha cəsarətlə döyüşdü.
Dünya azərbaycanlılarının həmin günlərdə hiss etdiklərini Prezident İlham Əliyev belə dilə gətirir: "Əminəm ki, indi dünya azərbaycanlıları bu bayramı ruh yüksəkliyi ilə qeyd edirlər. Çünki mən bilirəm ki, bu işğal dövrü və işğalla bağlı olan məsələlər xaricdə yaşayan azərbaycanlılara da böyük əzab-əziyyət verirdi. Çünki ermənilərlə müxtəlif ölkələrdə ünsiyyətdə olarkən onların təkəbbürlü baxışları əminəm ki, dünya azərbaycanlılarını incidirdi. İndi isə vəziyyət tam fərqlidir. Biz heç vaxt təkəbbürlü olmamışıq, amma hər zaman öz gücümüzü hiss etmişik. Bu gün əminəm ki, dünya azərbaycanlıları yaşadıqları bütün ölkələrdə başı dik, alnıaçıq, üzüağ gəzirlər və öz tarixi vətəni olan Azərbaycanla haqlı olaraq fəxr edirlər".
Ötən il, 22 aprel 2022-ci ildə Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı işə başlayanda da Prezident İlham Əliyev ilk qurultayı da xatırlamışdı. O, 2001-ci ildə, Bakıda keçirilən Dünya azərbaycanlılarının I Qurultayı barədə xatirələrini də bölüşmüşdü. O, Ümummilli Liderin vəsiyyətini reallaşdırdığı üçün, dünya azərbaycanlılarını Bütöv Azərbaycanın mədəniyyət beşiyi Şuşaya toplaya bildiyi üçün qürur duyduğunu dilə gətirmişdi.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" istiqaməti çərçivəsində hazırlanıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB