Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramları öz aktuallığını qoruyur - TƏHLİL

İnkişaf proqramlarının tətbiqi ölkənin güclənməsi baxımından ən vacib faktorlardan hesab edilir və bu səbəbdən də elmi-kütləvi, mədəni-maarif, eləcə də təhsil proqramlarının hazırlanması və təkmilləşdirilməsi olduqca önəmli sayılır. Etiraf etmək lazımdır ki, ölkəni dünyanın elm-mədəniyyət beşiyinə çevirə bilən elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarına hər zaman ciddi ehtiyac var və Azərbaycanda bu istiqamətdə mühüm işlərin görülməsi bu baxımdan heç də təsadüfi deyil və yeniliklərin, innovasiyaların, yeni-yeni kəşflərin sürətlə ortaya çıxdığı dünyada bu istiqamətdə mühüm işlərin icrası prosesinin intensivləşdirilməsi başadüşüləndir.

Azərbaycan tarixən öz elmi, təhsili, mədəniyyəti ilə seçilən, bununla da dünyaya nümunə sayılan ölkə olub və xalqımız dünya elminə, mədəniyyətinə həm görkəmli elm və mədəniyyət xadimləri, həm də təkrarsız elm-mədəniyyət nümunələri, əsərləri, ixtiraları bəxş edib. Benzinin donmasının qarşısını alan “yüksən oktanlı benzin” adlı kəşfi ilə azərbaycanlı akademik Yusif Məmmədəliyev İkinci Dünya müharibəsinin taleyini həll etdiyini dünya ictimaiyyəti çox yaxşı bilir. XXI əsrdə dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsini irəli sürən azərbaycanlı alim Lütfi Zadənin, musiqi, mədəniyyət sahəsində Azərbaycanı böyük Şərqdə ilk opera məkanına çevirən ölməz bəstəkar Üzeyir Hacıbəyovun adını xatırlamaq kifayət edir ki, xalqımızın nə qədər zəngin elm və mədəniyyətə sahib olması haqqında qənaətə gəlinsin. Təbii ki, bütün ixtiralar, elmi kəşflər, elm-mədəniyyət nümunələri, ərsəyə gələn əsərlər insan cəmiyyəti üçündür, faydasını da insanlar görürlər və bu baxımdan həmin ənənələr davam etdirilməlidir. Bir halda ki, elmi-kütləvi, mədəni-maarif, təhsil proqamları insanların bilik səviyyəsinin, əhatəsinin genişlənməsində, daha da savadlanmasında, informasiya ilə təmin olunmasında, hətta insanların zövqünün formalaşmasında, ümumilikdə, cəmiyyətin həyatında müsbət istiqamətdə mühüm rol oynayır, deməli bu istiqamətdə diqqətin daha da artırılması tamamilə məqsədəuyğundur. Cəmiyyətin həyatında mühüm rol oynayan həmin proqramların inkişaf etdirilməsinin, icrasının nə qədər vacib, nə qədər əhəmiyyətli olduğu bəllidir və bütün bunlar nəzərə alınaraq, həyata keçirilən elmi-kütləvi, mədəni-maarif proqramlarının inkişafı ölkəmizin mövcud potensialı ilə adekvat olmalıdır.

Daim inkişaf etməkdə olan dünyada, yeni-yeni texnologiyaların ortaya çıxdığı zamanda inkişafdan qalmaq heç də qənaətbəxş sayıla bilməz. Doğrudur, bizim cəmiyyətimiz yeniliyə, yeni kəşflərə, yeni texnologiyalara açıqdır və dünyada bu qədər yeniliyə meyilli xalq çox azdır. Dünyada yaranan və tətbiq olunan yeni texnologiyalardan bizim necə və hansı həvəslə istifadə etdiyimiz bəllidir, hansıki bu, çox yaxşı, çox sevindirici haldır. Lakin nəzərə almaq lazımdır ki, hansısa yeniliyin, yeni texnologiyanın xaricdən gəlməsindənsə, onu öz tərəfimizdən yaratmağımız daha məqsədəuyğundur, daha faydalıdır. Bu baxımdan da, elmi-kütləvi, mədəni-maarif, təhsil proqamlarının nə dərəcədə əhəmiyyətli olduğu bir daha ortaya çıxır və bu istiqamətə xüsusi diqqətin ayrılmasına hər zaman ehtiyac olduğu qətiyyən şübhə doğurmur.

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarına daha böyük önəm verilməsi üçün ölkəmizdə nəinki televiya və radio, eləcə də internet kimi resurslar mövcuddur. Hazırda televiziya da, radio da, internet resursları da bu baxımdan, həmin proqramlar baxımından daha geniş imkanlar təklif edə bilər. Kommersiya xarakterli proqramlara televiziya və radiolarda daha geniş diqqət ayırmaqdan, məhz elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarına önəm verilməsi daha yaxşı nəticələr vəd edir. Elmin, mədəniyyətin, mütaliyənin, təhsilin təbliğinə televiziyalar xüsusi yer ayırmalı, şou xarakterli proqramların əvəzinə kütləvi xarakter daşıyan maarifçilik əhəmiyyətli proqramlar təqdim olunmalıdır. Xüsusən də Vətən müharibəsindən, 44 günlük müharibənin məntiqi nəticəsi olan qələbəmizdən, Azərbaycanın qələbəsindən sonra davamlı olaraq elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması üzərində ciddi şəkildə iş aparılmalıdır. Bir məsələni unutmaq lazım deyil ki, cəbhədə müharibə, döyüş başa çatsa da, informasiya müharibəsi hələ bitməyib, nə vaxt bitəcəyi, nə vaxt başa çatacağını da söyləmək olmaz və elə bu baxımdan da cəmiyyətimiz zəngin informasiyaya malik olmalıdır. Azərbaycan cəmiyyətinin daha da təkmilləşməsi, daha dolğun informasiyaya sahib olması, dünya görüşlü, savadlı olması bu gün daha çox lazımdır və bu baxımdan televiziya və radiolarda elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarına üstünlük verilməlidir. Azərbaycan tarixindən başlamış, qələbəmizin təmin olunmasına, ərazi bütövlüyümüzün bərpa edilməsinə qədər bütün məsələlər barədə informasiyaları cəmiyyətə davamlı şəkildə çatdırmaq lazımdır. Xüsusilə, Ali Baş Komandanın qətiyyəti, uzaqgörənliyi, liderlik keyfiyyətləri, apardığı siyasət, Azərbaycan xalqının oynadığı rol, xalqımızın həmrəyliyi, ordumuzun rəşadəti, mübariz ruhu və bir çox məsələlər barədə maariflənmə işi davamlı şəkildə olmalıdır. Bunun üçün məhz elə televiziya və radiolarda elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarına daha böyük ehtiyac duyulur. Hətta bütün bunlar proqram şəkilində universitet və orta məktəblərdə tədris olunmalı, bunlara çox ciddi şəkildə xüsusi önəm verilməlidir. Deməli, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramları öz aktuallığını itirməyib, əksinə, bu gün həmin proqramlar öz aktuallığını daha çox qoruyur.

Sözsüz ki, dövlətimizin bu istiqamətdə, yəni, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması və inkişafı istiqamətində gördüyü işlər də danılmazdır. Xüsusilə, diqqətə çatdırmaq yerinə düşərdi ki, 1999-cu ildə «Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı» təsdiq olunduqdan sonra təhsil sistemində struktur dəyişiklikləri aparılıb, mütəxəssis hazırlığının strukturuna yeni ixtisaslar əlavə olunub və ümumiyyətlə, ötən əsrin sonlarından etibarən dünya standartlarına uyğun təhsil sisteminə keçid prosesinin başlamasına start verilib. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nı təsdiq edib. Bir sözlə, maarif, təhsil sahəsində müvafiq proqramların həyata keçirilməsi istiqamətində müvafiq addımlar atılıb. Məhz elə həmin addımların fonunda ölkəmizdə elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişafı üçün daha münbit şərait müşahidə olunur və daha uğurlu addımlar atılması üçün əsaslı zəmin olduğu da göz önündədir. Elə bu istiqamətdə uğurlu addımların atılması gözlənilir də, çünki elmi-kütləvi, mədəni-maarif, təhsil proqramları hər zaman olduğu kimi, öz aktuallığını qoruyur.

Müəllif: İnam Hacıyev

6.3.16. “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır

Bütün xəbərlər Facebook səhifəmizdə