Media kaptanlarının Şuşa Qlobal Media Forumu ilə bağlı TƏƏSSÜRATLARI - RƏYLƏR

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə təşkil edilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumu keçirilib. Üç gün davam edən forumda yerli və xarici media nümayəndələri, eyni zamanda, ekspertlər iştirak ediblər. Forum ərzində “Medianın gələcəyi: Rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər və medianın rolu”, “Mediada investisiya və istehlak tendensiyaları”, “Təhlükəsizlik məsələləri” adlı sessiyalar keçirildi, iştirakçılar və çıxışçılar arasında interaktiv müzakirələr aparılıb. Həmçinin Qlobal Forum çərçivəsində bəzi “side-event”lər (paralel tədbirlər), sərgi və təlimlər də keçirilib. SİA mövzu ilə bağlı media kaptanları arasında sorğu keçirib.

Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid: “Şuşada keçirilən Qlobal Media Forumu bir çox cəhətdən əlamətdar və tarixi hadisə idi. Azərbaycan Prezidentinin Forumun açılış mərasimində jurnalistlərlə görüşməsi və müxtəlif mövzularda olan bir çox suala ətraflı cavab verməsi dünya mediasının ölkə başçısına olan marağının göstəricisi idi. Forumda yalnız Azərbaycan, o cümlədən, Şuşa ilə deyil, eyni zamanda müasir dünyanın beynəlxalq siyasəti ilə bağlı da suallar da verildi. Bu da göstərir ki, Azərbaycan Prezidenti artıq kiçik bir ölkənin başçısı yox, dünya liderləri cərgəsində dayanan bir siyasətçidir. Biz bununla qürur duyuruq.

Forumun Şuşada keçirilməsinin mənəvi çəkisi də var idi. Azərbaycanın işğaldan azad olunmuş mədəniyyət paytaxtı olan Şuşada keçirilən bu Forum dünyanın diqqətini ölkəmizdə gedən quruculuq işlərinə cəlb etmək baxımından əhəmiyyətli idi. Hesab edirəm ki, dövlət başçısının hər zaman Azərbaycanda müstəqil mediaya münasibətini bildirən fikirləri bu dəfə beynəlxalq jurnalistlərin qarşısında səsləndirməsi çox mühüm bir hadisə idi. Eyni zamanda, müasir texnologiyaların yaratdığı yeni şəraitdə Azərbaycan Prezidentinin mediaya diqqət göstərməsi və sosial mediada yazılanlara münasibət bildirməsi həm yerli, həm də beynəlxalq jurnalistlər üçün böyük əhəmiyyət daşıdığını düşünürəm”.

Ölkə başçısının tövsiyəsi ilə bu Forum hər il keçiriləcək. Bu, əvvəla, Forumun təşkilatçıları qarşısında böyük məsuliyyət qoyur. Yeri gəlmişkən, Forumun təşkilatçılığında əməyi olan və belə yüksək səviyyədə keçirilməsi üçün səy göstərən hər kəsə təşəkkürüm bildirirəm.

Düşünürəm ki, hər il keçiriləcək bu Forum artıq dünyanın diqqətini cəlb edəcək. Şuşa bizim mədəniyyət paytaxtımızdır. Amma gələcəkdə bu forumlar mütəmadi keçirildikcə Şuşa həm də media məkanı kimi məşhurlaşacaq. Növbəti illərdə də bu Forumda azad söz, azad fikir, medianın gələcəyi ilə bağlı mülahizələrin səslənməsi üçün Şuşa ən gözəl məkan olacaq və dünyanın media mərkəzinə çevriləcək.

Həmçinin, Qlobal Media Forumunun panelləri də maraqlı keçdi. Doğrudur, ilk paneldə süni intellektin medianın gələcəyindəki rolu ilə bağlı bəzi fikirlər bizdə məyusluq doğurdu. Mən ənənəvi media təmsilçilərinin bir çoxunda bu ovqatı hiss elədim. Amma növbəti panellərdə TASS Agentliyinin baş direktor müavini Yuli Qusmanın fikirləri əbədi olaraq peşəkar jurnalistikaya hörmət və ehtiramın göstəricisi idi. O, əla-həzrət müxbir deyərək peşəkar jurnalistikanın qiymətini verdi. Qusman bildirdi ki, süni intellekt yaradıcı intellekti heç vaxt əvəz edə bilməz. Bu mənada peşəkar jurnalistikanın rolu həmişə əvəzsiz olaraq qalacaq.

Jurnalistlərin təhlükəsizliyi, media savadlılığı ilə bağlı keçirilən panellərdə də müsbət fikirlər səsləndi. Həm azərbaycanlı, həm də beynəlxalq jurnalistlər bir sıra problemləri müzakirə edərək gələcəklə bağlı fikirlərini səsləndirdilər. Hesab edirəm ki, bu Forum Azərbaycanın böyük uğurudur. Prezident İlham Əliyevin dəstəyi ilə keçirilən bu cür forumların ardıcıl və davamlı olmasının arzu edilməsi Qlobal Media Forumunun yüksək səviyyədə keçirilməsinin nəticəsidir”.

“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə: “Prezident İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Şuşa Qlobal Media Forumu öz işini başa çatdırsa da müzakirə edilən məsələlər, ən əsası dövlət başçısı İlham Əliyevin üç saata yaxın yerli və xarici media nümayəndələrinin suallarını cavablandırarkən Azərbaycanın, regionun gələcəyi, həmçinin dəyişən dünyada baş verən hadisələrlə bağlı söylədiyi fikirlər ölkə və dünya mətbuatında geniş şərh olunmaqdadır. Prezident İlham Əliyevin çıxışının mahiyyətində daha çox gələcəklə bağlı hədəflər öz əksini tapdı.

Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə Media Forumunun qlobal miqyas alması Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli platforma oldu. Dövlət başçısı İlham Əliyev bunu belə əsaslandırdı ki, ötən il Şuşada Azərbaycanın media nümayəndələrinin birinci Forumu keçiriləndə bu tədbirdə iştirak etməyib. Prezident Administrasiyasına göstəriş verildi ki, gələn dəfə bu tədbiri beynəlxalq Forum səviyyəsində təşkil etmək lazımdır: “Bu, artıq baş verir və mən qərara aldım ki, gəlim burada iştirak edim. Mən bu tədbirdə çıxışçı kimi təqdim edilmişdim. Ancaq mən hesab etdim ki, burada uzun-uzadı çıxış etməyə ehtiyac yoxdur. Hesab etdim ki, bu sorğu-sual daha maraqlı olar.

Prezident İlham Əliyev Azərbaycanın informasiya blokadasının yarılmasında mətbuatın böyük işlər gördüyünü bildirdi. İşğal dövründə tutduğu vəzifədən asılı olmayaraq hər bir vətənpərvər azərbaycanlı torpaqlarımızın azadlığa qovuşmasına gedən yolu hər an yaxınlaşdırmaq üçün səylər göstərirdi. Ölkə Prezidenti “Azərbaycan mediasının bu sahədəki fəaliyyəti, o cümlədən ona görə qiymətlidir ki, dünya ictimaiyyətinə təkcə beynəlxalq hüquq prizmasından yox, ümumi insani prizmadan üzləşdiyimiz problemi çatdırmaq üçün bizim birinci vasitəmiz media olmuşdur. Ona görə mən media nümayəndələri ilə əvvəlki dövrlərdə, yəni işğal dövründə görüşlər əsnasında hər zaman bunu qeyd edirdim. Qeyd edirdim ki, biz daha çox beynəlxalq auditoriyaya çıxmalıyıq” fikirləri mətbuatın qarşısında dayanan vəzifələri yerinə yetirdiyinə işarədir.

Təbii ki, dövr dəyişir, qarşıya yeni vəzifələr qoyulur. Azərbaycan mediası da zamanın tələbinə uyğun olaraq təkmilləşir, cəmiyyətin gözləntilərində də fərqlilik özünü aydın şəkildə büruzə verir. Belə ki, işğal, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə cəmiyyət keçmiş Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər barədə dolğun məlumatların əldə edilməsində nə qədər maraqlı idisə, hazırkı dövrün, postmünaqişə mərhələsinin tələbləri fərqlidir. Burada Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsi, sülh müqaviləsinin imzalanması ilə bağlı hazırkı vəziyyət barədə informasiyalar ictimaiyyət üçün daha çox maraqlıdır. Yazılı və elektron KİV-lər bu tələbatın ödənməsi üçün bütün səylərini səfərbər edir. Dövlət başçısı forumdakı çıxışında bu çağırışı etdi ki, bu gün yenə də öz həqiqətlərimizi sübut etməyə məhkumuq. Çünki bizə qarşı bu gün yenə də kampaniya davam edir. Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara tutarlı, real arqumentlərlə cavab verməliyik və veririk. Məhz bunun nəticəsidir ki, bu gün bütün bu iftiralara, böhtanlara, yalanlara baxmayaraq, Azərbaycanın sözü, Azərbaycan xalqının, dövlətinin haqlı səsi eşidilir və bunun əsas aləti bizim media resurslarımızdır. Ona görə cəmiyyətdə mövcud olan həmrəylik və birlik, bax, bu üstünlüyü bizə təmin edir.

Tövsiyələrə gəldikdə dövlət başçısı İlham Əliyev Azərbaycan mediasının müstəqilliyinin cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biri olduğunu qeyd etdi. Onu da bildirdi ki, mediada sağlamlaşma prosesi uğurla gedir. Xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır. Bu, yenə də media nümayəndələrinin məsuliyyətindən xəbər verən amildir. Dövlət başçısının tövsiyəsi bu oldu ki, belə də davam edin”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: “Şuşada keçirilən Qlobal Media Forumunun çox böyük tarixi əhəmiyyəti var. Bu Forum Qarabağın işğaldan azad olunduqdan sonra sülh mərkəzinə çevrilməsində medianın əhəmiyyətli rolunun artması fonunda diqqəti cəlb edir. Bu baxımdan Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə keçirdiyi mətbuat konfransında bir neçə istiqamətdə mesajlar verdi. Həm Ermənistana, həm bizə yaxın olan dövlətlərə mesajlar verildi, Qarabağ danışıqları ilə bağlı fikirlər səsləndirildi. Üç gün davam edən bu Forumun media üçün əhəmiyyəti ondan ibarətdir ki, bu media məkanında transformasiya prosesləri, ənənəvi medianın çağdaş media ilə rəqabətdə öz mövqeyini qoruyub saxlaması, rəqəmsal jurnalistikaya keçid prosesi, süni intellektin gələcəkdə jurnalistikaya necə təsir göstərəcəyi barədə uzun-uzadı müzakirələr aparıldı. Dünya KİV-nin həm media idarəçiləri, həm də jurnalistləri bu Foruma toplaşmışdı. Bizim üçün də fəxarətdir ki, bu Qlobal Media Forumu Şuşada keçirilir. Şuşanın bizim üçün çox böyük mədəni-tarixi əhəmiyyəti var. Post-münaqişə dövründə də Şuşanın dünyanın ən aparıcı KİV-nin çağdaş jurnalistika problemlərinin çözülmə mərkəzinə çevrilməsi öz-özlüyündə müsbət bir haldır. Ölkə başçısının Şuşada hər il Qlobal Media Forumunun keçirilməsi ilə bağlı tapşırığı oldu. Təbii ki, bu çox önəmli bir hadisə idi".

“Azvision” saytının baş redaktoru Vüsal Məmmədov: “Qlobal Media Forumu Azərbaycan media tarixində keçirilmiş ən sanballı və əhatəli tədbir idi. 25 ildir ki, Azərbaycan mediasında fəaliyyət göstərirəm. Lakin indiyədək bu qədər fikir yükü olan bir tədbir görməmişdim. Faktiki olaraq, Azərbaycan dünya mediasının qarşısında ən aktual məsələləri qoydu və onların ətrafında bir fikir fırtınası qopardı. Prezident İlham Əliyevin Forumun birinci günündə jurnalistlərlə görüşməsi ən diqqətçəkən hadisə idi. Ölkə başçısı kifayət qədər açıq, səmimi və sərbəst şəkildə söhbət üçün şərait yaratmışdı. Bunun özü də əhəmiyyətli bir hadisədir. Çünki ölkə başçısı mediaya tam açıq olduğu mesajı verdi. Prezidentin mətbuatla bağlı dediyi fikir bu idi ki, Azərbaycan dövləti mətbuatın azad olmağında maraqlıdır və o, Prezident olaraq belə mətbuatın işinə hər hansı bir tövsiyə ilə qarışmaq istəmir. Dövlət başçısı mətbuatın sağlamlaşdırması dedikdə onu nəzərdə tuturdu ki, Azərbaycan mətbuatı heç bir halda dövlətin əleyhinə yazılar dərc etməsin.

Ümumilikdə tədbirdə bütün dünya jurnalistləri üçün maraqlı olan müzakirələr getdi. O cümlədən, ənənəvi media ölürmü, sosial media peşəkar medianı sıxışdırıb sıradan çıxaracaqmı, qəzetlərin sonu çatıbmı, süni intellekt jurnalistlərin işini əlindən alacaqmı və s. istiqamətlərdə son dərəcə maraqlı fikirlər səsləndi. Yəqin ki həmin fikirləri vaxtaşırı oxucularımıza çatdıracağıq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə