(Mətbuat haqqında düşüncələr)

Ay mənim əzizlərim, yaxşı bilirsiniz ki, bu məmləkətdə demokratiya adlı zad başlayandan sonra sözün qiyməti şorun qiymətindən də ucuz olub. Ona görə də hərfləri tam tanımayan və yazı yazmağı bacarmayanlar götürüb əlinə qələmi, qarşısına qoyub ağ kağızı, ya da əyləşib kompüterin qarşısında, qabağında pürrəngi çay və çıxıb ortaya ki, ayə, mən də varam. Özü də heç kimdən əskik, savadsız deyiləm. Və bu “igid” özünü tanıtmağın ən asan, yüngül üsulunu da tapır. Ən asan və yüngül üsul da nədir?

Əlbəttə ki, qarşısına çıxanı və onun dediklərinə “ləbbek” deməyənləri şərləmək, qara yaxmaq, “pişiyini” ağaca dırmaşdırmaq, gah “nurçu”, gah “vəhabi”, gah vətən xaini, gah rüşvətxor, gah dələduz, gah kiminsə lakeyi, daha nə bilim nələri… əlində qara bayraq etməklə, qara yaxmaqla təmiz, azad fikirli, xalqının demokratiyası, firavanlığı üçün çalışan insanları ağızlarına gələn, xoruz səsi eşitməyən tərbiyəsiz, küçə sözlərilə, söyüşlərilə şərləməkdən ləzzət alırlar. Əsasən də bəzi informasiya saytlarına rəhbərlik edənlər və burada çalışanlar bu sahədə daha böyük "işlər" planlayır, ağına-bozuna baxmadan təmiz insanları bir qara qəpiklik, heç edirlər. Bu adamların ürəyində doğrudan da Allah qorxusu, bir vicdan deyilən zad olmadığından, beş-üç manata istənilən insan haqqında ağızlarına nə gəldi yaza bilərlər və heç “uf” da deməzlər…

Bizə doğrudan da düşmən lazım deyil. Biz özümüzün düşməniyik. Başqa millətlərin qarşısında lakeylik edib, onları özümüzdən üstün tutub, özümüzünkülərin qarşısında xoruzlanmaq da, mənim əzizlərim, gəlin, danmayaq ki, bəzilərimizim şakəridir. Ağına-bozuna baxmayıb, hətta el arasında bir az tanınan insanı da heç eləməkdən bəzilərimiz böyük həzz, ləzzət alırıq. Amma bu biabırçı əməli edən biçarələr, burnunun ucundan uzağı görməyənlər, özlərini hamıdan “ağıllı bilənlər” anlamırlar ki, bu əsrin əvvəlində yazdıqlarını yüz ildən sonra, yəni gələn əsrin əvvəllərində bizim nəvə-nəticələrimiz, kötücələrimiz oxuyanda onları heyrət bürüyəcək. Heyrət bürüyəcək ki, gör bizim ulu babalarımız, nənələrimiz necə şər, qara yaxan, bir-birini əsas olmadan təhqir eləyən olublar. Heç nəyin ucbatından bir-birinin ürəyini partladan, çox erkən yaşlarında o dünyaya göndərənlər olublar. Ya da heç bir günahı olmayan həmvətənlərini, öz millətindən, öz qanından olanları qisasçılıq əqidələri, kor siyasətləri ilə doldurublar həbsxanalara, dəlixanalara. Nə bilim nə xanalara, nə xanalara…

…Təsəvvür eləyin ki, yüz ildən sonra bir sütül alman balası da öz məmləkətindən durub, torpaqları basa-basa, ölkələr keçə-keçə gəlir bizim məmləkətimizə. Nəvə-nəticələrimizə, kötücələrimizə ərz eləyir ki, “cənablar, mənim elmi işimin mövzusu, sizin ulu babalarınızın yüz il bundan qabaq mətbutda, saytlarda yazdıqları məqalələrin əsasındadır. İstəyirəm ki, Azərbaycan xalqının yüz il bundan qabaqkı yazarlarını dünyaya tanıdım. Yəni mən bəndeyi-həqir öz elmi işimi sizin babalarınızın, nənələrinizin yüz il bundan qabaq mətbuatda, saytlarda yazdıqları əsasında müdafiə eləyəcəm. Sizin babalarınızın, nənələrinizin yüz il bundan qabaq mətbuatda yazdıqlarını dünya xalqlarına tanıdacam”. Və başlayır yüz il əvvəlki, yəni XX əsrin axırları və XXI əsrin əvvəllərində çap olunan qəzetləri, jurnalları vərəqləməyə. Saytlarda yazılanları oxumağa. Vərəqlədikcə də bu qəzetlərdə, jurnallarda ədəbiyyat dili ilə desək, başlayır müsbət qəhrəman axtarmağa. Axtarır, axtarır və tapa bilmir…

Həmin dövrün mətbuatını vərəqlədikcə, saytlarını oxuduqca da sütül alman balası başlayır yalnız söyüşlər, təhqirlər, şəbədələr, qarayaxmalar və nələr… nələrlə rastlaşmağa. Və axırda məyus olub, bütün qəzetləri, jurnalları büküb qoyur bir kənara, başlayır özünü yamanlamağa ki, “mən niyə bu qədər yolu qət eləyib, neçə-neçə ölkə keçib gəldim bu məmləkətə”. Həmin sütül alman balası bu məmləkətə gəlməyinə peşman olub, çox pəjmürdə olur. Ona elə gəlir ki, sən demə, bu Odlar yurdu deyilən məmləkətdə yüz il bundan qabaq heç müsbət insan olmayıb. Çünki bu məmləkətin bir qəzetində, jurnalında, saytında bir övladınının tərifini göylərə qaldırıblarsa, onu nözənbillah peyğəmbərlərə, imamlara tay tutublarsa, başqa bir saytda, qəzetdə və ya jurnalda elə həmin adamın başına elə bir oyun gətiriblər, onu elə təhqiramiz sözlərlə, hədyanlarla bəzəyiblər, karikaturasını çəkiblər ki, bu sözləri doğma anası oxusa belə öz övladını tanıya bilməz… Nəinki tanıya bilməz və hətta belə təhqirlərdən, şəbədələrdən, qarayaxmalardan yazıq arvadın ürəyi partlayar…

Beləliklə, sütül alman balası da bunları oxuyandan sonra qalır çaş-baş. Ondan da çox çaş-baş qalan, pəjmürdə olan isə tərcüməçisi - bizim nəvə-nəticə, kötücə balamız olur. O, biçarə də babalarına, nənələrinə görə, onların bu qarayaxmalarına, təhqirlərinə, söyüşlərinə görə sütül alman balasının qarşısında rəng verib, rəng alır. Utandığından əlində tutduğu dəsmalla üzünün, boyun-boğazının tərini silir. Hətta bir dəsmal da ona bəs eləmir… Bilmir yüz il bundan qabaq yaşamış ulu babalarının, nənələrinin bu qarayaxma əməllərinə, bir-birini təhqirlərinə, küçə söyüşlərinə görə, sütül alman balasına nə cavab versin.
Ey millət övladı! Qəzetlərə, jurnallara, dərgilərə, saytlara rəhbərlik edənlər və onların qərəzli “yazarları”. Ey mənim qələm dostlarım! Qan qardaşlarım! İlk öncə kiminsə haqqında tənqid, şəbədə yazanda, kimisə öz yazımızla təhqir edəndə, bizdə insaf olmalıdır. Yazdığımız hər bir sözü ölçüb-biçib insafla yazmalıyıq.Çünki insaf qanunların mizan-tərəzisi, anasıdır. Öz anasını sevməyən adamda isə heç vaxt insaf olmaz. İnsaf hər bir millətin və onun müqəddəs qanunlarını qoruyan övladlarının yazılmamış ali konstitusiyasıdır. Amma çox əfsus ki, qanunları qoruyanların, bu sahədə çalışanların çoxunda insaf deyilən hər şey yalnız pulla ölçülür. Onlar pula görə, insafa da, vətənə də, anaya da tüpürə bilərlər. Onlar pula görə, ən təmiz adamı da beş diqiqənin içərisində çirkaba batırıb, “uf” demədən, həbs də etdirə bilərlər. Çünki pul onların olmayan əqidələrinin, olmayan vicdanlarının şah əsəridir… Bax, belələri haqqında yazmaq, belə şərəfsizləri xalqa tanıtmaq, onları qınaq obyektinə çevirmək, hər bir yazarın müqəddəs işidir. Belə naqislər haqqında yazanları xalq həmişə alqışlayacaq. Çünki həmin vicdanlı yazarlar onun deyə bilmədiyi, ürəyində qubar etdiyi fikirləri deyir və yazır.

“İnsaf dinin yarısıdır”,- deyib babalarımız. O nadanlarda, qara yaxanlarda isə Allah xofu olmadığından dinsiz və imansızdırlar. Bax, biz, xalqını, millətini, vətənini sevən yazarlar qələmimizi süngüyə döndərib, belələri ilə mübarizə aparmalıyıq. Belələrini ortaya çıxarıb, xalqın gözündə heç eləməliyik. Bilin ki, belə “nüsxələr” nə qədər olacaqsa, onda xalqın nə yaşadığı quruluşa, nə də həmin quruluşa rəhbərlik edənlərə inamı olmayacaq.

Bu gün əlinə qələm götürəndə, ya da kompüterin qarşısında əyləşib nəyisə yazanda, müxalifət iqtidarın, iqtidar müxalifətin “paxırını” açanda, “pişiyini” ağaca dırmaşdıranda, ya da bir jurnalist hansısa bir məmura, bir tanınmış insana, və ya öz həmkarlarına əsəbləşəndə, özünü hamıdan “ağıllı” biləndə, olmayan şeyləri müəyyənləşdirməyib, həmin məsələlərin həqiqət olduğunu yaxşıca öyrənməyib, kimlərinsə ünvanına təhqiramiz sözlər səsləndirəndə, yazanda, kimdənsə aldığınız paranın sizə nə məqsədlə verildiyini fikirləşməmişdən əvvəl, öz vicdanınızı qoyun qarşınıza və yüz il bundan sonra bura gəlib, sizin yazdıqlarınızdan elmi iş müdafiə etmək istəyən sütül alman balasını və öz nəvə-nəticələrinizi, kötükcələrinizi bir anlığa fikirləşin. Həm də əlinizə qələm alıb nəyi isə yazanda atalarımızın qızıldan qiymətli bu kəlamlarını da yaxşı-yaxşı fikirləşin. Atalarımız deyib ki, “ağız ilə başın arası beş barmaqlıq məsafədir. Çalışın, ağzınızdan çıxan sözü yazıya köçürəndə fikirləşin ki, həmin söz beş barmaq yumruğa, toppuza çevrilib başınıza dəyməsin”. Başa yumruq, toppuz dəyməməkçün də gərək birinci növbədə adamda ağıl olsun. Ağıl da başın böyüklüyündə, yaşın çoxluğunda deyil. Ağıl insana sərmayə kimi verilir. O da var-dövlət kimi bir şeydi. Hətta ondan qat-qat ucadır və qiymətlidir. Birində olur, birində olmur. Və çox maraqlıdır ki, insanların hamısı gün-güzəranlarından, paltarlarından, yaşayış tərzindən, cəmiyyəti başına alan xaosdan, müharibələrdən, onları başqalarının başa düşməməsindən şikayət edirlər. Amma heç kim öz ağlından şikayət eləmir. Özünü hamıdan ağıllı bilir. Bu da nadanlıqdan, savadsızlıqdan irəli gəlir. Onu da bilin ki, ağıllı adam heç vaxt ucadan danışmaz, başqalarına qara yaxmaz, nə də əlinə qələm alan kimi, başqalarını təhqir eləməz. Bir az ağlı olan və burnunun ucundan uzağı görən yazar, hökmən ağzının qaytanını bağlar. Bax, ona görə də atalarımız belə bir müdrik kəlam da deyib:

- Bu dünyada maldan-mülkdən
Bir anlayan baş yaxşıdır.
Anlamayan bir kəllədən
Bir qara daş yaxşıdır.

Ona görə də ay “mənim həmkarlarım”, qələm dostlarım, vətən övladları, əlinizə qələm götürüb, hərfi-hərfə calayanda, siz də fikirləşin atalarımızın bu sözlərini… Kəlamlarını. Həm də yaxşı-yaxşı fikirləşin sütül alman balasını və onun qarşısında dayanıb utanan-qızaran nəvəmizi, nəticəmizi, kötücəmizi…

Onu da bilin ki, təkcə özünü yox, həm də millətinin, xalqının gələcəyini fikirləşməyən adam, heç vaxt insan olmaz. Atalarımız deyib ki, “ insan daşdan bərk, güldən zərif olmaqla, onun dili sandıq, dodaqları qıfıl olmalıdır”. Amma çox əfsus ki, biz heç nəyi fikirləşmədən, daxilimizdəki çirkabı tökürük ortaya və deyirik: “Bu bizik. Qəbul eləsəniz də, qəbul eləməsəniz də, nəyə qadir olduğumuzu qoyduq ortaya”. Amma onu fikirləşmirik ki, istədiyini söyləyən, istəmədiyini eşidər… Ona görə də istəmədiyini eşitməmək üçün ağ kağızı qarşımıza qoyub və ya kompüterin qarşısına keçib yazı yazanda yuxarıda yazdıqlarımı yaxşı-yaxşı fikirləşmək lazımdır, ay “mənim əziz həmkarlarım”. Fikirləşmək lazımdır. Çünki baş adama müşğulat üçün yox, fikirləşmək üçün verilib.

Gəlin, bir millət, bir yazar olaraq fikirləşək ki, otuz illik işğaladan sonra rəşadətli ordumuzun, Ali Baş Komandanımızın sayəsində cəmi 44 günə torpaqlarımızın çox böyük hissəsini yağı düşməndən geri qaytarmışıq. Otuz ildə şəhid övladlarımızın qisasını erməni gavurlarından necə lazımsa almışıq. Artıq doğma Qarabağda böyük quruculuq işləri gedir. Tezliklə həmvətənlərimiz öz doğma yurdlarına qayıdacaq. Bu işlərin də tezliklə reallaşması üçün bizə çox möhkəm səbr, həmrəylik, birlik lazımdır. Axı Vətən müharibəsində bizim milli birliyimizin, həmrəyliyimizin möhkəm olması, hamının eyni məqəsədə xidmət etməsi, bir yumruq olmağımız qələbəmizə çox köməklik elədi. Bildiyimiz kimi, indi dünyada çox dəhşətli informasiya müharibəsi getdiyi zamanda millətimizə milli birlik, həmrəylik daha çox lazımdır. Biz yalnız bu müqəddəs işlərlə bu müharibədən də qalib çıxıb, doğma Qarabağı yağı düşmənlərdən tam azad edib, həmin müqəddəs bölgəmizin hər yerindən hökmən, tezliklə üçrəngli bayrağımızı dalğalandırmalıyıq. Bu müqəddəs işdə biz yazarlardan, informasiya şəbəkəsində çalışanlardan da çox şey asılıdır. Ona görə də gəlin, bu haqda yaxşı-yaxşı fikirləşək, düşünək və öz nəvələrimizin, nəticələrimizin sütül alman balasının qarşısında günahkar kimi dayanmamasını fikirləşək. Fikirləşək. Və bunu heç olmasa indi fikirləşək ki, sonra gec olmasın. Atalarımız da deyib ki, “sonrakı peşimançılıq fayda verməz”.

Ağalar İDRİSOĞLU
Yazıçı, rejissor, jurnalist, publisist,
Əməkdar inəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə