Seyfəddin Eyvazov,
Azərbaycan Yazıçılar Birliytinin üzvü, Naxçıvan Dövlət Universitetinin dosenti,
Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi
Seyfeddineyvazov@mail.ru

İsa Nəcəfov və Elmira Axundova –“Naşirin ölümü” Bakı -2002

Bu yazıdan əvvəl İsa Nəcəfovun “Acı həqiqət” kitabı haqqında yazdığım yazı “Səs” qəzetinin 21 aprel 2022-ci il tarixli (№ 069 (6510) nömrəsində çap olunmuş, tam versiyası isə “Ədalət” qəzetinin saytında yayımlanmışdır.

"Naşirin ölümü” kitabı 1990-cı il may ayının 30-da “Azərnəşr”in direktoru Əjdər Xanbabayevin qətlə yetidilməsi işinin dolaşıq kələfinin açılması işinə həsr olunmuşdur. Bilərəkdən qətlə yetirilmiş, bilərəkdən müalicə edilməmiş, bilərəkdən istintaqı yubadılaraq arxivə atılmış bir tale dolayı. Və... bilərəkdən izi itirməyə cəhd edilmiş bir iş. Nəhayət, sular durulmuş və əsil həqiqət ortalığa çıxarılmışdır. Kitab hamının açıq-aydın bildiyi, lakin sübuta ehtiyacı olan bu cinayət işinin açılmasına həsr olunmuşdur.

Kitabı oxuduqca tam aydın olur ki, Respublikanın baş prokurorunun müavini təyin olunandan sonra cinayət işini arxivdən götürüb yenidən təhqiqata cəlb edən İsa Nəcəfov bir sıra ciddi maneələrə rast gəlir. Onu bu yoldan yayındıranlar elə-belə adamlar deyil, dövlətin rəsmi strukturlarında vəzifə tutan insanlar olub. Ən sonda Prezident Heydər Əliyevə müracət edən İsa Nəcəfov rəhbərin dölət strukturlarına göstərişləri sayəsində dəlil-sübutların ədə edilməsinə nail olur.

Kitab Azərbaycan kriminalistikasında görkəmli bir sima olan və bu cinayət işinin açılmasında rolu olan Rövşən Əliyevin xatirəsinə ithaf olunmuşdur.

Naşirin ölümü gərək olmayaydı. O zaman bu kitab - “Naşirin ölümü” də yazılmazdı. Təəssüf ki, bu, bir tarixdir, həm də acı tarix.

“Naşirin ölümü” kitabını oxuduqca dəhşətə gəlirsən: Ən son məqama qədər cinayət işinin istintaqı dalana dirəndiyindən az qala kələfin ucu açılmır ki, açılmır. Və nəhayət...

Gəlin tələsməyək və hadisələri əvvəldən izləyək.

442 səhifəlik bir kitab haqqında ötəri danışmaq da mümkün deyil. Bu kitabda bəhs edilən 44808 saylı cinayət işinin tarixi belə imiş ki, 1990-cı il may ayının 30-da "Azərnəşr"in direktoru Əjdər Xanbabayevi qətlə yetirirlər və qatili tapılmır, iş arxivə verilir. Hadisədən beş il sonra - 1995-ci ildə İsa Nəcəfov Respublika baş prokurorunun birinci müavini təyin edilir və... o, belə qərara gəlir ki, işi arxivdən götürüb yenidən istintaqa versin. Belə bir ifadə var: “Siyasi iradə”. Bəli, İsa Nəcəfov belə qərara gəlir ki, bu məsələni Respublika Prezidenti Heydər Əliyevlə məsləhətləşsin. Cavab çox qısa olub: ”Yadında saxla, bu insanı məni qorxutmaq üçün öldürüblər. Görünür, bu rəzil terror aktının təşkilatçıları respublikanın o vaxtkı rəhbərləri olub. Tapşır ki, mütləq bu işlə məşğul olsunlar və istintaqın gedişinə şəxsən özün nəzarət elə. Əjdər Xanbabayevin qətlinin sirri mütləq açılmalıdır” ( Səh.9)

İsa Nəcəfov bu işi tanınmış kriminalist Rövşən Əliyevə həvalə edir.

Belə bir versiya tam aydın olsa da (Əjdər Xanbabayev Heydər Əliyevi Azərbaycana gəlməkdən çəkindirmək üçün qətlə yetiriblər), bunun istintaq nəticəsində sübutu lazımdır. Bu işi isə o zamankı rəhbərliyin göstərişi ilə şəxsi qısqanclıq məcrasına yönəldiblər və bu zaman da xeyli haqsızlıq ediblər.

Beləliklə:
* Hadisə. Yuxarıda qeyd etdik ki, görkəmli ziyalı Əjdər Xanbabayev qətlə yetirilmişdir. Və bu işin qatillərinin tapılmasını yayındırmaq üçün bilərəkdən onu məişət zəminində baş vermiş bir qısqanclıq nəticəsində olması versiyası ortalığa atılmışdır; daha doğrusu, bu iş əvvəlcədən o istiqamətə yönəldilmişdir. Bu, çox ustalıqla düşünülmüş azdırıcı bir sadizmlə müşayiət olunmuş, Əjdər Xanbabayevin dostluq etdiyi ailəyə də psixoloji zərbə olmuşdur.
* Əjdər Xanbabayevin təcili yardım otağında müalicəsi. Burası açar rolunu oynaya bilərdi. Amma bu “açar” gec tapıldı. İndi məlum oldu ki, atasının xəstəxanada olduğunu bilən Afət Semako xəstəxanasına gəldikdə oraya bir növ, vaxtında çatmış, amma onu atasının palatasına buraxmamışlar. Qapıdakı milis zabiti onlara mane olmuşdu. “Bu respublikanın gələcək baş prokuroru Eldar Həsənov idi. Əjdər Xanbabayevin qətli zamanı o, Bakı şəhər Daxili İşlər İdarəsi cinayət axtarış şöbəsinin rəisi vəzifəsində işləyirdi” (Səh.65). (Bir oxucu təəccübü ilə bildirirəm: Kitab yazılıb 2002-ci ildə, Eldar Həsənov həbs edilib 2021-ci ildə! 19 il sonra İsa Nəcəfovun fikirləri öz yerini almışdır).

Buradan belə nəticə çıxır ki, həmin vaxt Əjdər Xanbabayevin müalicəsi düzgün getsəydi, o, sağ qalardı. Lakin vəzifə pillələrində yüksələn Eldar Həsənov sonralar da bu istintaqa hər vəchlə mane olmuşdur.
* “Delo” yenidən açılır. 44808 saylı cinayət işinin bərpası. Əjdər Xanbabayevə edilən qəsdin istintaqı qarışıq bir kələfə çevrilir və bir müstəntiqən o biri müstəntiqə ötürülür. Hər kəs də bilir ki, əsil həqiqət haradadır. Amma cinayət işi arxivə verilir. Yuxarıda deyildiyi kimi, işi İsa Nəcəfov təzələyir və istintaqı mahir kriminalist Rövşən Əliyevə həvalə edir.
* “Qordi düyünü” tapılır. Rövşən Əliyev ustalıqla müəyyən edir ki, Əjdər Xanbabayevi Tarix Quliyev Hacı Seyfəlin göstətişi ilə qətlə yetirmişdir. (Səh.442) Bu işin açılması əsərdə çox maraqlı şəkildə təqdim olunmuşdur. Xüsusilə, qatilin qətl törətdiyi tapançanın tapılması səhnəsini həyəcansız oxumaq olmur.
*Lakin bu, yetərli deyil. O zaman Əjdər Xanbabayevin ölümü yenə siyasi motivlərdən kənarda qalır.
* “Qordi düyünü” açılır. Və nəhayət... işin əslini bilmək üçün MTN arxivinə girmək tələb olunur. Bu isə mümkün deyil. Arxivdən təhqiqatçılara müsbət cavab gəlmir. Ən sonda İsa Nəcəfov Respublika Prezidentinə müraciət edir və tam cavab gəlir: Nədir cavab? Əjdər Xanbabayev son ana qədər izlənmişdir, yalnız qətldən sonra izləməyə xitam verilmişdir.
*Bütün bunlar göstərir ki, Əjdər Xanbabayevin qətli tam siyasi sifariş əsasında yerinə yetirilmişdir. Bu iş “yuxarıların” göstərişi ilə həyata keçirilmişdir. Romanda bir sıra vəzifəli şəxslərin adları və əməlləri reallıqla təsvir edilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə