Hümbət HƏSƏNOĞLU

Ustad, bu gün mənim sizin yanınızda son məşğələmdir. Bu iki il müddətində siz mənə rəssamlığın bütün sirrlərini öyrətdiniz. İndi mən hər şeyin şəklini çəkə bilirəm. Dəniz, meşə, dağ mənzərələrini, aşıb-daşan çayları, quşları və heyvanları, insan emosiyalarını rahat kətan üzərinə köçürə bilirəm. Gecəni, gündüzü, günəşin çıxmasını və batmasını, bir sözlə, sizin sayənizdə mən püxtələşdim və artıq öz studiyamı açıb uşaqlara rəssamlığın əsaslarını öyrədirəm.
Fırça artıq mənim həm taleyim, həm də çörək ağacımdır. Yerdən göyə qədər mən sizdən razıyam və ömrümün sonuna kimi özümü sizə borclu hesab edəcəyəm.
Amma sonda sizə bir sualım olacaq; elə bir şey oldu ki, siz mənə onu demədiniz, göstərmədiniz, öyrətmədiniz?
Qoca rəssam əlləri ilə saqqalını sığallayıb fikrə getdi. Üzünü gənc rəssamdan azacıq yana tutub dedi:
-Mən özüm bildiyim, bacardığım hər şeyi sənə öyrətdim. Bunları etmək mənə çətin deyildi, çünki sənin fitri rəssamlıq istedadın var. Rəssamlıq elə bir çox incəsənət növləri kimi istedada bağlıdır. Düzdür, istedadı olmayan insana da rəssamlığın quru texnikasını öyrətmək olar və o insan hər şeyi kağıza, ya kətana olduğu kimi köçürə bilər. Amma onun çəkdiyi ən yaxşı halda fotoşəklə oxşayacaq. Həmin insanın çəkdiyi rəsmdə candan başqa hər şey olacaq. İstedad şəklə can verib onu canlandırır. Canlandırmaq sözünə “can” təsadüfən qoyulmayıb. Amma rəssamların, hətta dahi rəssamların çəkə bilmədikləri bir şey var.
Bunları deyib qoca rəssam yenə fikrə daldı və bir az arxaya boylandı, elə bil dönüb indiyə qədər yaşamış rəssamların uzun cərgəsinə baxdı.
- O nədir ki, usta?
Mənə çox maraqlı oldu. O nədir ki, nəhəng rəssamlar belə onu bacarmayıb? Belə bir şeyin olması mümkündürmü? Mənim təfəkkürüm elə bil dalana dirəndi, nədir axı o şey? Görünürsə, çəkilə bilinməlidir axı!
- Hə, görünür və hər kəs onu nəinki görüb, hətta iştirakçısı da olub.
- Usta, xahiş edirəm, təvəqqe edirəm, bu sirri açın.
- Əslində bu sirr də deyil, sadəcə, çəkilməsi mümkünsüz bir şeydir.
- Usta, cavabınıza hər şeyimi verməyə hazıram, deyin, lütfən!
- Bu, əslində sadə görünən bir işdir. Bu, sevgi öpüşüdür!
- Bilirsən, öpüş anında kişi ilə qadının ruhları təmasda olurlar. Öpüş insan ruhlarının ən yaxın olduğu məqamdır. İnsanların daha heç bir halında insanların ruhları təmasda olmurlar. Qucaqlaşanda, ruhlar bir- birinə çox yaxınlaşırlar, amma ruhların təması ancaq sevgi öpüşündə olur. Bu səbəbdən sevgi öpüşü bədənə aid deyil, ruhlara aiddir.
Məhz buna görə öpüşdə birləşən ruhlar özlərini əvvəlkitək Cənnətdə hiss edirlər. Sevgi öpüşü yerdə olan yeganə Cənnət ləzzətidir. Sən dörd dodağı birlikdə çəkə bilərsən, amma dodaqların rəqsində musiqi olan ruhları çəkə bilməyəcəksən və sənin çəkdiyin rəsm əsəri vulqar görünəcək.
Bunu da bildin, gənc rəssam dostum, sənə uğurlar…

Sumqayıt şəhəri,
İyul- 2022-ci il

Bütün xəbərlər Facebook səhifəmizdə